26 Fevral 2022 16:14
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Moskvaya səfəri zamanı İTAR TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə ölkəmizin həyata keçirdiyi xarici siyasət barədə dolğun məlumatlar verdi. Dövlətimizin başçısı həmçinin verilən sualları əhatəli şəkildə cavablandırdı.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Prezident Azərbaycanla Rusiya arasında imzalanmış müttəfiqlik Bəyannaməsinin əhəmiyyətini şərh edib: “İki ölkənin çoxillik münasibətlərinin müttəfiqlərin parametrlərinə cavab verdiyini söyləyib. Uzun illər Rusiya ilə Azərbaycan arasında olan münasibətlər strateji tərəfdaşların münasibətləri kimi xarakterizə olunub. Yüksələn xətlə inkişaf edən əlaqələr məntiqi olaraq müttəfiqlik Bəyannaməsinin imzalanması ilə nəticələnib. Təsadüfi deyil ki, indiyədək Rusiya ilə Azərbaycan arasında 200-dən artıq sənəd imzalanıb”.

Millət vəkilinin sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı suala dövlətimizin başçısı dəqiq cavab verib: “Bütün dünyaya məlumdur ki, KTMT-da aparıcı rol Rusiyaya məxsusdur. Azərbaycanın isə bu təşkilatda Ermənistan istisna olmaqla digər üzv dövlətlərlə yüksək münasibətləri var. Hər hansı beynəlxalq təşkilata üzvlük məsələsinə milli maraqlarımız konteksində baxılır”.

Sevinc Fətəliyeva qeyd edib ki, II Qarabağ müharibəsi başa çatandan sonra regionda yeni vəziyyət yaranıb: “Azərbaycan Cənubi Qafqazda yeni əməkdaşlıq platformasının yaradılması təşəbbüsü ilə çıxış edib. Bu platformada Ermənistan da yer alır. Ona görə də, ölkəmiz beynəlxalq hüquq normaları çərçivəsində Ermənistanla sülh müqaviləsinin imzalanmasının tərəfdarı kimi çıxış edir.

Lakin hələ ki, bunun qarşılığını görmürük. Etnik ermənilər Azərbaycana qarşı qərəzli münasibətlərini davam etdirir. Bunu milliyyətcə erməni olan jurnalistin Prezident İlham Əliyevə ünvanlıdığı sualdan da aydın görmək olar. Ölkə başçısı həmin suala tutarlı cavab verdi. Qeyd edildi ki, Azərbaycanda etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur. Erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur. Ermənistandan olan komanda Avropa Oyunları kimi idman tədbirlərində iştirak etmək üçün Bakıda olublar. Ermənistan nümayəndələri, hətta etnik ermənilər Azərbaycanda təşkil olunan müxtəlif tədbirlərdə iştirak edirlər.

Bir neçə il bundan əvvəl Katalikos Qareginin səfəri olub. O, Bakının mərkəzində erməni kilsəsində oldu və bu kilsədə erməni dilində 5 mindən çox kitabı qoruyub saxlamağının şahidi olub. Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır”.

Sədr müavini həmçinin dövlət başçısının görüş zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində görülən işlər haqqında da ətraflı məlumat verildiyini söyləyib: “Bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 2.2 milyard manat vəsait ayrılıb. Amma ərazilərin minalanması işləri xeyli ləngidir. Müharibənin başa çatmasından indiyədək minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur.

Ölkəmizə təqdim olunmuş xəritələrin dəqiqliyi 25 faiz təşkil edir. Gerçək xəritələrin Azərbaycana təqdim edilməməsi beynəlxalq humanitar hüququnun pozulması deməkdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər