28 Fevral 2022 18:25
1 751
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən inanmıram ki, Ukrayna Rusiyanın tələblərini qəbul etsin. Diqqətlə baxdıqda məlum olur ki, tələblərin qəbul edilməsi mümkünsüzdür. Məsələn, Kiyevdən tələb olunur ki, Krımı rus ərazisi kimi tanısın, tərk-silah olunsun. Donetsk və Luqanskın da müstəqilliyini tanısın. Bunun üçün Ukrayna tam məğlub olmalıdır. Amma hazırda məğlub olmayıb və döyüşür”.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

Diqqəti Vladimir Putinin əmri ilə Rusiya nüvə silahının hazır vəziyyətə gətirilməsinə yönəldən politoloq bildirib ki, əslində Kreml Qərbi hədələyir:

“Yəni burada hədələnən Ukrayna deyil, Qərbdir. Qərbə deyilir ki, əgər bizim bank ehtiyatlarımızı dondursanız, nüvə müharibəsinə başlayacağıq. Düşünmürəm ki, Qərb Kremlin bu şantajından qorxsun və geri çəkilsin”.

Bununla yanaşı Zərdüşt Əlizadə qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin nüvə silahını tətbiq edə bilər:

“Bəli, tətbiq edə bilər. Nəzəri baxımdan bu mümkündür. Bu halda bilməlidir ki, Rusiyanın sonudur, elə bəşəriyyətin də. Buna hazır olsa, nüvə tətbiq edilə bilər”.

Ukraynadakı vəziyyəti şərh edən Zərdüşt Əlizadə əlavə edib ki, Ukrayna döyüşə-döyüşə bərkiyir:

“Millətin ruhu güclənir. Rusiyanın qəti hücumları bu həftə olacaq. Sözsüz ki, qəti cavablar da olacaq. Ukrayna ordusu döyüşür. İndiyə qədər Ukraynanı götürməli idilər, amma alınmadı. Ukraynanın resursları var, üstəlik Qərb də silah və sursat verir. Ukrayna ordusuna 100 min könüllü yazılıb. Ərazi müdafiə qüvvələri də öz yerində. Canlı qüvvə baxımından problem yoxdur. Ukraynadan fərqli olaraq ruslarda canlı qüvvə problemi yaranır. Ruslar həm də bilmirlər ki, nəyə görə vuruşurlar”.


Müəllif: Nemət

Oxşar xəbərlər