7 Mart 2022 11:55
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, mətndə deyilir:

"Cənab Prezident,

Fevralın 21-də Fransa və Azərbaycan öz diplomatik münasibətlərinin qurulmasının 30 illiyini qeyd edirlər. Bu münasibətlə mən Sizə səmimi təbriklərimi ünvanlamaq istəyir və ümid edirəm ki, Azərbaycan öz müstəqilliyini, inkişafını və ölkələrimizin bağlı olduğu dünyəviliyi möhkəmləndirməyi bundan sonra da davam etdirəcəkdir.

Bu illər ərzində Fransa və Azərbaycan iqtisadi, mədəni və təhsil sahələrində tərəfdaşlığa əsaslanan, Fransa və Azərbaycan arasında dostluğun bünövrəsi sayılan Fransa-Azərbaycan Universiteti və Bakıdakı fransız liseyi kimi ümumi uğurlarla əlamətdar olan möhkəm əlaqələr qura bilmişlər. Fransa İnkişaf Agentliyi infrastruktur və kommunikasiya sahələrində layihələr həyata keçirməkdədir.

Prezident Heydər Əliyevin Prezident Fransua Mitteranla 1993-cü ildə imzaladığı dostluq, anlaşma və əməkdaşlıq haqqında müqavilə əsasında qurulan bu münasibətlər həm də mənim çox bağlı olduğum ən yüksək səviyyədə siyasi dialoqa əsaslanır. Azərbaycan Prezidenti kimi ilk səfərlərinizi Fransaya etdiyinizi unutmamışıq.

Fransa həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi, regionda ədalətli, davamlı sülh və rifah mənbəyi üçün səyləri dəstəkləmək öhdəliyinə tam sadiqdir.

Mən Sizinlə və Ermənistanın baş naziri ilə Avropa Şurası (Avropa İttifaqı Şurası) sədrinin yanında apardığınız son mübadilələrimizin konstruktiv ruhunu alqışlayıram. Fransa müzakirə etdiyi bütün mövzularda irəliləyişə nail olmaq üçün öz dəstəyini verməyə hazırdır. Mən qorunmalı olan irs məsələsi və UNESCO-nun missiyası barədə toxunduğumuz mövzu haqqında da xüsusilə düşünürəm.

Fransa, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında Şərq tərəfdaşlığı və iştirak etdiyimiz 15 dekabr Zirvə görüşündə müəyyən edilmiş prioritetlər çərçivəsində əlaqələri gücləndirmək arzusundadır.

Ümidvaram ki, ikitərəfli əlaqələrimiz bundan sonra da dostluq və etimad ruhunda möhkəmlənəcəkdir. Əmin olun ki, Fransa buna fəal şəkildə töhfəsini verəcəkdir.

Cənab Prezident ən yüksək ehtiramlarımı qəbul etməyinizi xahiş edirəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər