Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ziyafət müəllim, Azərbaycan regionda daim stabil mövqeyi və bunun fonunda ölkəmizin təhlükəsizlik adası kimi əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycanın bugünkü uğurlu siyasi strategiyasının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın həyata keçirdiyi uğurlu strategiya bütün dünya tərəfindən qəbul edilir. Eyni zamanda bu düzgün strategiya ölkəmizi mümkün kataklizmlərdən, təhlükələrdən qoruyur. 30 ilə yaxın torpaqları Ermənistan tərəfindən işğalda olan zaman da Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün beynəlxalq platformalarda ölkəmizin mövqeyi açıq şəkildə bəyan edildi. Hər zaman vurğulanan və önə çəkilən məhz beynəlxalq hüququn işlək vəziyyətdə olması idi. Əsas prinsiplər məhz buna yönəlmişdi. Bu, dövlətimiz tərəfindən çox düzgün olaraq seçilmiş bir startegiya idi. Çünki beynəlxalq hüquq işləmədikdə bir sıra kataklizmlər, problemlər, qarşısıalınmaz böhranlar yaranır. Məhz belə bir durumda özünü qorumaq, təhlükələrdən mümkün qədər sığortalanmaq hər dövlətin bacaracağı bir strategiya deyil. Azərbaycan məhz buna nail oldu. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasət bu reallığı təmin etdi.
- Separatizmlə bağlı proseslərin keçmiş SSRİ-də baş qaldırması hansı amillərlə bağlı olub?
- 1988-ci ildə Qarabağda o vaxt erməni separatçıları hərəkətə keçən zaman onların bu təxribatlarının qarşısı zamanında alınsa idi, bu proseslər indiyə gəlib çatmazdı. SSRİ konstitusiyasına görə, Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü ildə Azərbaycan tərkibində yaradılıb. Onların ixtiyarı da yox idi ki, Azərbaycanın tərkibindən çıxmaqla bağlı hansısa bir bəyanat versin. Amma çox təəssüf ki, keçmiş SSRİ rəhbərliyi bunu başa düşmədi. Nəhayət cinayətkar yola əl atdılar, ermənilərə satıldılar. Başda Mixail Qorbaçov olmaqla onun əhatəsində olanlar bu hadisələrə loyal yanaşdı. Məhz bu proseslər də sonradan açıq separatizmə keçdi. Vaxtında bu separatçıların qarşısı alınsaydı, Azərbaycanda, Moldovada, Gürcüstanda, Ukrayna ərazisində belə proseslər baş verməzdi. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, separatizmin qarşısı mütləq şəkildə alınmalıdır. Azərbaycan hər bir dövlətlə beynəlxalq hüququn bir subyekti səviyyəsində münasibətlər qurur. Dövlətimizin milli və dövlət maraqları birmənalı şəkildə müdafiə edilir. Həmçinin dövlətlərlə ikitərəfli müqavilələr imzalanır. Bu müqavilələrə uyğun olaraq da əlaqələrimiz inkişaf edir.
- Son günlər Qarabağda olan separatçıların fəallaşması hansı amillərdən qaynaqlanır?
- Bütün bunlar Ermənistanda olan revanşist qüvvələrin oyunudur. Onların layiqli cavabı da verilir. Vaxtı gələndə "Dəmir Yumruq" işə düşəcək. Sadəcə olaraq onlar məğlubiyyət eyforiyası və psixologiyasından çıxa bilmir. Çalışırlar ki, atəşkəsi pozmaqla çirkin əməllərini reallaşdırsınlar. Amma bütün bunlar onlar üçün acı nəticələrə gətirib çıxaracaq. Çünki belə halların heç bir perspektivi yoxdur.
- Antalyada keçiriləcək forum münasibətlərin yeni səviyyəsi üçün nə vəd edir?
- Antalya forumu münasibətlərin yeni bir mərhələdə inkişafı üçün mühüm əhəmiyyət kəsb edə bilər. Azərbaycan nümayəndə heyəti də orada iştirak edəcək. Rusiya XİN rəhbəri Sergey Lavrovun da orada iştirakı gözlənilir. Amma bütün bunların və aparılan danışıqların əsas prinsipi Azərbaycanın ərazi bütövlüyü, suverenliyidir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, bundan sonra hansısa münasibətlərdən danışmaq olar. Bu, eyni zamanda Ermənistan üçün çıxış yoludur. Bundan sonra Ermənistan Cənubi Qafqazda bir dövlət kimi mövcudluğunu qoruyub saxlaya bilər. Ermənistan üçün yeganə çıxış yolu məhz budur.