11 Mart 2022 21:57
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən gün Antalyada aparılan danışıqlar, Kiyev və Moskva rəsmilərinin görüşü müsbət hadisədir. Açığı, artıq 16 gündür ki, bu iki dövlət arasında müharibə gedir və görünən budur ki, Rusiya istədiyinə nail ola bilməyib. Aydındır ki, Rusiya ilə savaşan həm də Qərbdir. Rusiya özünün gələcəyi ilə bağlı zəmanət tələb edir, bunu anqlosakslardan almaq istəyir. Yeri gəlmişkən, bildirim ki, XVIII əsrdə Osmanlını, Qacarları məhz anqlosakslar dağıtdı, türkləri Avropadan çıxardı. I Dünya Müharibəsindən əvvəl məhz anqlosakslar Rusiyanı Türkiyənin üzərinə saldı. Sonrakı dövrdə Qars, Ədrinə, Van, Ərzurumu ruslar işğal etdi. Başqa sözlə, o zaman ruslar anqlosakslarla bir yerə idi. İndi isə dünya dəyişib, ruslar və anqlosakslar bir-birinə zidd mövqedədir, Türkiyə isə mövqelərini gücləndirib. Necəki II Dünya Müharibəsində Türkiyə bütün tərəflərlə müqavilə imzaladı, hamı ilə yaxşı əlaqələr qurdu və müharibəyə qatılmadı. Nəticə olaraq Türkiyə ərzi bütövlüyünü, mövqelərini saxladı”.

Bunu Teleqraf.com-a Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev bildirib.

O qeyd edib ki, indi yeni dünya düzəni formalaşır: “Yeni proseslər ondan ibarətdir ki, artıq Pekin-London ticarət yolları açılır, burada Çinin ən böyük müttəfiqi Pakistan, İslamabadın ən böyük müttəfiqi Türkiyə, Ankaranın da bir nömrəli müttəfiqi Azərbaycandır. Zəngəzur dəhlizi bu baxımdan vacibdir. Azərbaycan-Türkiyə münasibətləri, Rusiya ilə əlaqələrin qurulması olduqca vacibdir. Sadəcə olaraq indi anqlosakslarla ruslar arasında münasibətlərin qırılması fonunda Türkiyənin çəkisi artır. Yeni dünya düzənində Rusiyanın başqa çıxış yolu yoxdur. Qeyd edirdim ki, zamanı gələndə Rusiyanın özü Azərbaycanın qurduğu kommunikasiya xətlərinə ehtiyac duyacaq. Fevralın 22-də Rusiyanın Azərbaycanla imüqavilə bağlayanda bu prosesləri, müharibə və ondan sonrakı mərhələdə yaranacaq əziyyəti nəzərə almamış deyil. Odur ki, Türkiyənin bu proseslərdə rolunun güclənməsi, ABŞ Prezidenti Co Baydenin Ərdoğana zəng etməsi, İsrail prezidentinin Ankaraya səfər etməsi, Antalya forumu və başqa hallar göstərir ki, yeni dünya düzənində Türkiyənin böyük çəkisi olacaq. İndi konfiqurasiya elə qurulub ki, gələcəkdə baş verəcək oyunlarda ruslar da, anqlosakslar da, amerikanlar da, avropalılar da Türkiyə ilə əməkdaşlıq etməyə məcburdur”.

Siyasətçi diqqəti Nursultan Nazarbayevə çəkərək deyib ki, Türk Dövlətləri Birliyinin ağsaqqalı olan Nazarbayevin Antalya diplomatik forumunda ortaya çıxması da təsadüfi deyil: “Nazarbayevin Antalyada ortaya çıxması göstərir ki, gələcəkdə türk ölkələri ilə Rusiyanın daha yaxın əlaqələr qurması qaçılmaz hal alır. Eyni zamanda Pakistan Baş naziri İmran Xanın Moskvaya səfər etməsi, Rusiyaya qarşı sanksiyalara qoşulmaması xüsusi diqqət çəkir. Rusiyaya qarşı 5 mindən çox sanksiya tətbiq edilib. Pekin bu vəziyyətə neytral yanaşır. Biz illər əvvəl qeyd edirdik ki, dünyada böyük proseslər yaşanacaq. İndi baş verənlər əslində dediyimizin təsdiqidir. Yaxın zamanlarda Zəngəzur dəhlizinin açılması, Qars-Naxçıvan dəmiryolunun qısa müddətə tikilməsi gözləniləndir. Əlbəttə, böyük oyunda Avropanın, Rusiyanın, Türkiyənin öz maraqları var. Avropa zamanında bu proseslərə qarşı çıxırdı. Hətta ABŞ başda olmaqla bəzi ölkələr Rusiya və Türkiyəni üz-üzə qoymağa cəhd edirdilər. Amma bu siyasətin qarşısı alındı, bizim Qarabağ məsələmiz fakt kimi ortaya çıxdı. Avropanın özü də gələcəkdə Azərbaycan və Türkiyədən enerji daşıyıcılarına görə asılı olacaq. Bu baxımdan səbrlə proseslərin üzərinə getmək, maraqlarımızı qorumaq lazımdır. Halbuki Azərbaycan və Türkiyə haqqın-ədalətin yanındadır. Həmçinin bu gün bizə qarşı olan qüvvələrin üz-üzə dayanması bizim yarımçıq qalan bir sıra işlərimizi aparmaq üçün şans verir. Bu mənada ayıq-sayıq olmalıyıq”.


Müəllif: Nemət

Oxşar xəbərlər