Bu günlərdə Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə bir sıra dövlət və hökumət başçılarının Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubları ölkəmizin beynəlxalq münasibətlər sistemindəki nüfuzunun göstəricisidir. ABŞ Prezidenti Co Baydenin Novruz bayramı münasibətilə ünvanladığı təbrik məktubu da Birləşmiş Ştatların Azərbaycana böyük dəyər verdiyini, eyni zamanda Azərbaycanın həyata keçirdiyi siyasətə dəstəyini göstərir. Ağ Ev ölkəmizin sülh, əməkdaşlıq, təhlükəsizlik və tərəqqiyə verdiyi töhfələri yüksək qiymətləndirir. Təhlükəsizlik məsələlərinin həllində ABŞ-la Azərbaycanın ortaq maraqları var və onların birgə həllində Amerika da iradə nümayiş etdirir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O qeyd edib ki, Baydenin məktubda qeyd olunan “biz həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığı təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik” fikri xüsusi önəm kəsb edir: “Bu, Vaşinqtonun həm də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanmasına dəstəyi kimi izah oluna bilər. Artıq ABŞ və dünya ictimaiyyəti müharibənin nəticələrini və yaranmış yeni geosiyasi reallıqları qəbul edir. Məktubda ABŞ-ın Azərbaycan hakimiyyəti ilə qarşıdan gələn dövrdə də sıx əməkdaşlıq etmək istəyi əks olunub. Bu, təkcə köhnə ənənəvi sahələr üzrə deyil, həm də yeni istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsinə yönəlmiş təşəbbüsdür”.
Millət vəkilinə görə, məktubun ingilis dili mətnində də “Novruz bayramı” ifadəsinin Azərbaycan dilində yazılması və bunun dünyanın supergücü tərəfindən Azərbaycana qarşı səmimi jesti kimi dəyərləndirilməlidir: “Ümumiyyətlə, son bir neçə ayda dünya liderləri tərəfindən Prezident İlham Əliyevə ünvanlanmış məktublar, telefon zəngləri ölkəmizin rəhbərinin beynəlxalq arenadakı böyük nüfuzu, irəli sürdüyü təşəbbüslərin yüksək qiymətləndirilməsinin göstəricisidir. Göndərilən təbrik məktublarında əməkdaşlığa dair verilən mesajlar həm də Azərbaycanın regionda yaratdığı yeni reallıqların beynəlxalq səviyyədə qəbul edildiyinin təzahürü kimi görünür. Görünən budur ki, dünya ölkələri Azərbaycanla əməkdaşlığa strateji məsələ kimi baxır, ölkəmizi etibarlı tərəfdaş və regionun lokomativi kimi qəbul edir”.