14 Aprel 2022 17:00
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin birinci rübünün yekunları onu deməyə əsas verir ki, bu ilin 3 ayında Azərbaycan bütün sahələrdə uğurla inkişaf edib. Ötən üç ayın yekunları eyni zamanda keçən il əldə edilmiş uğurların davamıdır. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə postmünaqişə dövründə əsas vəzifələr bir daha bəyan olundu. Bu dövrün əsas uğurlarından biri Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsidir. Bunun nəticəsində münaqişənin həllindən sonra beynəlxalq müstəvidə yeni reallıqların qəbul olunmasıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun fikrincə, görünən odur ki, bu gün Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkir: “Dövlət başçısının da söylədiyi kimi, Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif verib. Ermənistan tərəfi də bu təklifə müsbət yanaşıb. Aprelin 6-da Brüsseldə baş tutan görüşün nəticəsi olaraq, sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər işçi qrup formalaşacaq. Sülh müqaviləsinin hazırlanmasına dair işçi qrupları da tezliklə işə başlamalıdır. Yəni, Ermənistan adekvat yanaşma sərgiləsə, yaxın müddətdə sülh razılaşmasının imzalanması mümkün görünür”.

Millət vəkili hesab edir ki, Azərbaycan bu istiqamətdə tam məsuliyyətlə konstruktiv addımlar atmaqdadır: “Burada sülhə mane olacaq məsələlərdən biri də Ermənistanı silahlandırmaqdır ki, bununla bağlı Prezident növbəti dəfə xəbərdarlıq etdi. Bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, rəsmi Bakı bunu qeyri-dost addımı kimi qiymətləndirəcək və təbii ki, öz addımlarını da buna uyğun şəkildə atacaq”.

Könül Nurullayevaya görə, Azərbaycanın həyata keçirdiyi siyasət, Qarabağ və Şərqi Zəngəzurdakı inkişaf pozitiv reallıqlarla nəticələnib: “Bütün reallıqlar və mövcud siyasi-iqtisadi-hərbi şərait, qüvvələr nisbəti Azərbaycanın xeyrinədir. Bundan sonra Azərbaycan daha da güclənəcək. Ermənistanın inkişafı isə təbii ki, özündən, qonşu ölkələrə olan münasibətindən asılı olacaq. Prezident İlham Əliyevin də söylədiyi kimi, “Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz”. Bu, Ermənistan üçün son şansdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər