22 Aprel 2022 14:53
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada prezident seçkiləri bir çox məqamlara aydınlıq gətirdi. Seçki dövrü xüsusilə bu ölkənin problemlərini qabarıq şəkildə nümayiş etdirdi. Prezidentliyə namizədlər Emmanuel Makronla Marin Le Penin seçkilərin ikinci mərhələsi ərəfəsindəki debatının islamafob çağırışlarla müşaiyət olunması da təsadüfi deyildi. Le Penin ictimai yerlərdə hicab taxmağı qadağan etmək istəyi ciddi narazılıq yaradıb. Maraqlıdır ki, Fransa Avropada ən çox müsəlman əhaliyə malik olan ölkədir. Burada 6 milyona yaxın müsəlman yaşayır. Özünü prezident postunda görən Le Penin bu islamafob yanaşması əslində Fransa konstitusiyasına ziddir və onun rəqibi hazırki prezident Makron da düşünür ki, bu radikal mövqe vətəndaş müharibəsi təxribatı deməkdir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat xatırladıb ki, Emmanuel Makronun hakimiyyəti dövründə Fransada terrorla mübarizə qanunları adı altında müsəlmanlara qarşı zorakılıq, nifrət cinayətləri artıb: “Bir müddət əvvəl Fransanın İslamofobiyaya Qarşı Kollektiv monitorinq orqanının bağlanması da əslində burada islamofobiyanın nə qədər inkişaf etdiyini göstərir. Özünü demokratik hesab edən bir ölkədə prezident olmaq istəyən şəxsin əhalinin bir hissəsinin inancına qarşı bu cür aqressiyası başadüşülən deyil. Bu, antitolerant yanaşmadır”.

Millət vəkili hesab edir ki, Fransa cəmiyyətində də əksər dairələr ifrat partiyaların qalib gəlməsinin əleyhinədir: “Onlar daha çox nifrətin yaranmasından ehtiyatlanırlar. Əslində bu, seçkilərin ikinci turuna marağın azalmasında az rol oynamır. Maraqlıdır ki, namizədlərin teledebatlarının izləyicilərinin sayı 2017-ci il debatı ilə müqayisədə xeyli azalıb. Ümumiyyətlə, bu gün Fransada seçicilər üçün ən vacib məsələ ərzaq məhsullarının qiymətilə bağlı narahatlıqlardır. Bu səbəbdən hazırki prezident Makronun seçki platformasında əhalinin ərzaqla təminatı xüsusi yer tutur. Hətta Makron “ərzaq talonu proqramı” hazırlamağı planlaşdırır”.

Könül Nurullayevaya görə, seçkilərin ikinci turu saxta soyqırımı gününə təyin olunsa da namizədlər üçün erməni məsələsi arxa plandadır: “Amma ermənilər buna böyük ümidlər bəsləyirdi. Qarabağa gizlin və qanunsuz səfərlər edən Valeri Pekresin biabırçı məğlubiyyətlə sıradan çıxması da bunu bir daha təsdiqləyir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər