Dünya Azərbaycanlılarının Zəfər Qurultayında soydaşlarımız qarşısında yeni vəzifələr müəyyənləşib. Postmünaqişə dövrünün reallıqlarına uyğun olaraq diaspor təşkilatlarının da prioritetləri dəyişib. Prezident İlham Əliyevin qurultayda çıxışında bu istiqamətlər də öz əksini tapıb. Ümumiyyətlə, bu vaxta qədər keçirilən qurultaylarda dövlət başçısı hər zaman bəyan edirdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Bu günün reallığı, 44 günlük müharibədə qazandığımız böyük qələbə dövlət başçısının vədində qəti olması, üzərinə götürdüyü bütün öhdəlikləri həmişə yerinə yetirməsinin əyani göstəricisidir. Ali Baş Komandanın da söylədiyi kimi, Azərbaycan bu illər ərzində yalnız Ermənistanla, dünya erməniliyi ilə müharibə aparmayıb, onun himayədarları ilə müharibə aparıb və Qələbə qazanıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O qeyd edib ki, bu tarixi qələb Prezident İlham Əliyevin yürütdüyü siyasətin gücünün nəticəsidir:
“Bu savaşda Azərbaycan bütün dünyaya müasir hərb, ləyaqətli müharibə aparmaq nümunəsi sərgilədi. Cəmi 44 gün ərzində Ermənistan ordusunun 4-5 milyard dollarlıq hərbi texnikası tamamilə məhv edildi, ermənilərin öz orduları haqda formalaşdırdıqları mif darmadağın oldu. Bütün bu reallıqlar, eyni zamanda postmünaqişə dövrünün reallıqları diaspor təşkilatları tərəfindən dünya ictimaiyyətinə çatdırılmalıdır. Çünki xaricdə yaşayan azərbaycanlıların bu sahədə imkanları daha genişdir. Azərbaycanlılar yaşadıqları ölkələrin ictimaiyyətini maarifləndirməli, Qarabağın, Zəngəzurun tarixini, Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrinin mahiyyətini, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması, 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası barədə həqiqətləri, Azərbaycan reallıqlarını, postmünaqişə dövrünün gerçəkliklərini onlara çatdırmalıdır”.
Millət vəkilinə görə, postmünaqişə dövrünün reallıqlarının dünya ictimaiyyətinə çatdırılması beynəlxalq arenada Azərbaycanın mövqelərini daha da gücləndirəcək, Ermənistanın saxta təbliğatını ifşa edəcək:
“Bu gün Azərbaycan diasporunu gücləndirən əsas faktorlardan biri Azərbaycanla daim təmasda olmaq, diaspor təşkilatları arasında koordinasiyanın təkmilləşməsidir. Dövlət başçısının da söylədiyi kimi, “harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar öz ana Vətənləri ilə əlaqələri qoruyub saxlamalı, öz mədəniyyətlərinə bağlı olmalıdırlar”. Bu gün müxtəlif ölkələrdə Azərbaycan evlərinin, məktəblərinin yaradılması da bu məqsədə xidmət edir”.
Könül Nurullayeva hesab edir ki, Zəfər Qurultayından sonra xaricdə yaşayan milyonlarla soydaşımız Azərbaycanın haqq səsini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırmaqda davam etməlidir: “Çünki Prezident İlham Əliyevin də söylədiyi kimi, müharibə başa çatsa da, Azərbaycana qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. Bu isə bütün cəbhələrdə soydaşlarımızdan, diaspor təşikilatlaırmızdan xüsusi fəallıq tələb edir”.