26 Aprel 2022 14:38
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir millətin varlığını şərtlərindən amillərdən bir də onun dilidir. Azərbaycan dili xalqımızın milli kimliyini, varlığını qoruyan başlıca amildir. Bu mənada ana dilimiz digər dövlət rəmzləri kimi müqəddəs hesab edilir. Azərbaycan xalqı istilalara, təzyiqlərə baxmayaraq öz milli kimliyini, dilini qoruyub saxlamağı bacarıb. Ölkəmiz müstəqillik əldə etdikdən sonra dilimizin inkişafı üçün mühüm addımlar atılıb. 1995-ci ildə qəbul edilmiş müstəqil Konstitusiyamızda Azərbaycan dili rəsmi dövlət dili kimi qəbul edilib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, müstəqillik illərində dilçiliyin qorunması, inkişafı üçün vacib qərarlar qəbul edilib, mühüm addımlar atılıb: “Tarixi köklərə malik Azərbaycan xalqı həm də zəngin yazılı ədəbi dil ənənələrini özündə cəmləşdirib. Bu baxımdan xalqımızın mədəni, tarixi atributlarından olan dilimiz öz zənginliyi ilə seçilir. Yeni dövrün çağırışlarına uyğun olaraq dilimizin inkişafı ilə əlaqədar son dövrdə bir çox uğurlar əldə edilib. Çünki dil həmişə qayğı tələb edən ən aktual məsələdir. Ümummilli lider Heydər Əliyev müstəqillik illərində Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində də böyük işlər görüb. Heydər Əliyevin 1969-ci ildə sovet rəhbərliyinə gəlişi Azərbaycan dilinə rəsmi münasibətin çox sürətlə və əsaslı sürətdə dəyişməsi ilə müşahidə olundu. Məhz 1978-ci ildə Azərbaycan dilinə dövlət dili statusu verilməsi mühüm tarixi bir hadisə idi”.

Millət vəkili hesab edir ki, Prezident İlham Əliyevin ana dilinin dövlət dili kimi inkişafı üçün gördüyü məqsədyönlü işlər də Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasında mühüm önəm kəsb edir: “Ölkəmizdə bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi qürurvericidir”.


Müəllif: Tapdıq Qurbanlı