6 May 2022 16:04
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda bərpa-quruculuq işlərini öz maliyyə imkanları hesabına edir. Bu məqsədlə indiyə qədər 4,4 milyard vəsait məhz bərpa-quruculuq üçün ayrılıb. Dövlət başçısı Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması zamanı çıxışında təxirəsalınmaz işlərin görülməsi üçün əlavə vəsaitin ayrılacağını bir daha diqqətə çatdırdı. Bütün bunlar onu göstərir ki, dövlətin burada əsas məqsədi təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişafı təmin etməkdən ibarətdir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O hesab edir ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində Zəngilan beynəlxalq nəqliyyat logistika mərkəzinə çevriləcək:

“Burada beynəlxalq hava limanının inşası bu bölgənin əhəmiyyətini daha da artırır. Bu il istifadəyə veriləcək hava limanı işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə inşa olunan ikinci aeroportdur. Hava limanlarının, avtomobil yollarının çəkilişi, əlverişli nəqliyyat infrastrukturunun qurulması bölgənin turizm imkanlarının, əhalinin məşğulluğunun inkişafına da töhfə verir. Burada təbii ki, beynəlxalq yükdaşımalar xüsusi önəm daşıyır. Rusiya-Ukrayna müharibəsi fonunda alternativ marşrutların rolu artıq gündəmə gəlir. Bu mənada Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımalar üçün yeni tranzit xətt olacaq”.

Millət vəkilinə görə, Azərbaycana, Xəzər dənizinin Şərq hissəsindən müraciətlərin çoxluğu ona dəlalət edir ki, ölkəmiz üzərindən yük göndərmək istəyənlərin sayı və həcmi artır: “Bu səbəbdən Zəngəzur dəhlizi ölkəmizlə yanaşı bütövlükdə bölgə dövlətləri üçün əlavə imkanlar yaradacaq. Bütün bunlar Azərbaycanın işğaldan azad etdiyi ərazilərin beynəlxalq əhəmiyyətini göstərir. Ölkə başçısının vurğuladığı kimi işğal dövründə erməni tərəfi Ermənistandan Zəngilandan keçməklə Cəbrayıla birzolaqlı kənd tipli bir yol çəkmək niyyətində idi. Amma bu məkrli plan baş tutmadı. Ərazilərimiz azad edildikdən sonra Azərbaycan Horadizdən Zəngilana dörd və altızolaqlı magistral avtomobil yol çəkir. Məhz bu yoldan istifadə etməklə həm beynəlxalq yükdaşımalar, həm də əhalinin Cəbrayıl rayonuna, eləcə də rahat şəkildə Horadiz-Zəngilan, Zəngilan-Qubadlı, Qubadlı-Laçın marşurutu ilə hərəkət etmək imkanı təmin olunacaq”.

Könül Nurullayeva bildirib ki, yeni çəkilən yol əlverişli marşrutla keçir və məsafə baxımından da sərfəli olacaq:

“Zəngilanın eyni zamanda zəngin turizm potensialı var. Rayonun turizm potensialı digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılacaq. Burada yaradılacaq turizm infrastrukturu, ümumiyyətlə, turizmin inkişafı oraya qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər