11 May 2022 16:10
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad edilən Kəlbəcərə yeni həyat qayıdır. Ərazilərin minalardan təmizlənməsi fonunda artıq kənd təsərrüfatı işlərinə də start verilib. İkinci ildir ki, Kəlbəcərə təsərrüfatla bağlı köçlər davam edir. Artıq arı ailələri, iri və xırda buynuzlu heyvandarlıqla məşğul olan fermerlərin Kəlbəcərə köçü davam edir. Bu prosesin çox böyük əhəmiyyəti var.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Onun fikrincə, 30 ilə yaxın Kəlbəcər həsrətində yaşayanlar öz ata-baba yurdlarına gedirlər: “Bu, sonrakı mərhələdə orada lazımı şəraitin yaradılması, inteqrasiyanın təminatı, qayıdış üçün ilkin addımdır. Sözsüz ki, mal-qaranın, qoyun sürülərinin, arı ailələrinin Kəlbəcərə köçürülməsi bu sahə ilə məşğul olan şəxslər üçün də yeni imkanlar yaradır. Bununla da kənd təsərrüfatı, maldarlıq, qoyunçuluqla məşğul olan fermerlər üçün əlavə imkanlar yaranır ki, onlar öz təsərrüfatlarını böyütsünlər”.

Millət vəkili hesab edir ki, ölkədə kənd təsərrüfatı, südlük, ətlik və ağartı məhsullarının çoxalması, tələbatın qarşılanması üçün mühüm amildir: “Bu, kənd təsərrüfatı sahəsində canlanmaya, bazarda bu məhsullara olan tələbatın qarşılanmasına müsbət təsir edəcək. Sözsüz ki, bazarlarda balın, ətin, süd və süd məhsularının bolluğu yaranacaq”.

Aqil Məmmədova görə, artıq Kəlbəcərdə istehsal edilən kənd təsərrüfatı məhsulları ölkə bazarlarında özünə yer tutur: “Ötən il Prezident İlham Əliyev Kəlbəcərə səfəri zamanı ora köçürülən fermer təsərrüfatları ilə də maraqlandı. Arıçılıqla məşğul olan fermerlərlə dövlət başçısının görüşü Kəlbəcər balının keyfiyyəti ilə bağlı fikirləri bu sahəyə olan diqqətin bariz nümunəsi hesab edilir. Kəlbəcər balı özünün zənginliyi ilə tanınır. Burada həm daxili, həm də idxal üçün mühüm perspektivlər var. Ölkə başçısı da bununla bağlı özünün dəyərli tövsiyələrini verib. Bu da sözsüz ki, kəlbəcərli fermerlər qarşında mühüm vəzifələr qoydu”.

Deputat hazırda Kəlbəcərə köçlə bağlı çox sayda müraciətlərin olduğunu qeyd edib: “Ötən il də bu müraciətlər çox idi. Bununla bağlı kvotalar müəyyənləşib. Burada daha çox iri fermer təsərrüfatlarının köçürülməsinə üstünlük verilir. Bununla bağlı aidiyyatı qurumlara müraciətlər edilib ki, kvotalar bir qədər aşağı salınsın. Çünki kvotaların aşağı salınması ilə daha çox fermerin ərazilərə köçürülməsi mümkün ola bilər. Mal-qarasını Kəlbəcər yaylaqlarına aparmaq istəyən sahibkara daha geniş imkanlar yaradılmalıdır ki, onlar daha çox məhsul istehsal edə bilsin. Çünki bu köçürülmə əkin-biçin, kənd təsərrüfatının digər sahələrində də canlanmaya səbəb olacaq. Bununla yanaşı Kəlbəcərə insanların gediş-gəlişi ilə bağlı da çox sayda müraciətlər var. Qış aylarında Kəlbəcərə gediş-gəliş çətindir. Ona görə, yay aylarında yaşlı insanların, şəhid və qazi ailələrinin, imtiyazlı təbəqədən olan adamların Kəlbəcərə gediş-gəlişi üçün imkanların bir qədər genişləndirilməsi də tövsiyə edilir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər