“Rusiya bu oyunu – bu prosesi uduzub. Rusiya strateji olaraq bu oyunda itirib, taktiki olaraq da məğlub olmaqdadır. Bu baxımdan, Cənubi Qafqaz regionunda da Rusiyadan kənarlaşma, onunla məsafə saxlamaq meylləri də güclənəcək. Qərb Avropa cinahını gücləndirməklə, Cənubi Qafqazda daha aktiv rol oynamağa başlayacaq. Azərbaycan, Gürcüstan və Ermənistan Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən ölkələrdir, eyni zamanda, Avropa Şurasının üzvləridir. Gürcüstan isə Avropa Birliyinə üzv olmaq istəyən ölkədir, artıq assosiasiya sazişi də imzalayıb. Gürcüstanla yanaşı, Azərbaycan və Ermənistanın da Rusiyadan uzaqlaşaraq, Qərbə doğru inteqrasiyasına qərar veriləcək. Baş verənlərin bir nəticəsi də bu olacaq”.
Politoloq Azər Qasımlının Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Finlandiya və İsveç Rusiyanın hədəsinə baxmayaraq, NATO-ya üzv olacağını rəsmən açıqladı. Rusiya belə bir niyyəti olan Ukraynaya hərbi müdaxilə etmişdi, eləcə də, Kremldən bu iki ölkəyə də adekvat cavabın veriləcəyi bildirilib. Rusiyanın hədəsi fonunda irəli getməyə başlayan bu prosesdən gözləntiniz necədir?
- Rusiya bu iki ölkəyə qarşı irimiqyaslı müharibə elan edə bilməz. Ukraynadan sonra ikinci cəbhənin açılması mümkün deyil. Çünki hazırda Rusiyanın bunun üçün resursları yoxdur. Buna görə də, Rusiyanın müharibəyə gedəcəyini düşünmürəm. Hədələrə gəldikdə, hansısa qeyri-konvensional silahlardan istifadə edəcəyinə də inanmıram. Söhbət taktiki nüvə, kimyəvi, baktereoloji və ya kütləvi qırğın silahlarından gedir. Bu silahlardan istifadə edilməsinin Rusiya, ilk növbədə Putin üçün fəsadları çox böyük ola bilər. Buna görə də, Rusiyanın bu silahlara əl atacağı inandırıcı deyil.
Bəs Rusiya nə edə bilər? Məsələn, Finlandiya ərazilərindəki hansısa nüvə obyektlərinin vurulması mümkündür. Yeganə bunu edə bilər. Amma bunu edib-etməyəcəyini mən deyə bilmərəm. Yəni Rusiyanın maksimum edə biləcəyi budur. Amma Rusiyanın bu iki ölkəyə nə hərbi, nə iqtisadi, nə də siyasi təsir imkanları var. Rusiya indiki mərhələdə onlara heç nə edə bilməz. Çünki Rusiya Ukraynada ilişib qalıb, bu bataqlığın içindədir. İndi bu bataqlığın içindən çıxa bilmir. Rusiya heç hədəfində olan Donbası işğal edə bilmir, qaldı ki bütün Ukraynanı. Bunu Finlandiyada edə biləcəyinə heç inanmıram. Hədə-qorxuların da söz oyunu olduğunu düşünürəm.
- Türkiyə və Xorvatiya bu iki ölkənin alyansa üzvlüyünə etiraz edir. Türkiyə etirazına səbəb kimi Finlandiya, xüsusən də İsveçin PKK/YPG terror təşkilatına dəstək verməsini göstərir. Artıq məsələ ilə bağlı tərəflər arasında danışıqlar başlayıb. Sizcə, Ankara onlara mane olacaqmı?
- Təbii ki, bunu zaman göstərəcək. İndi Türkiyə bunu deyir, amma bir bazarlıq da olacaq. Əgər onlar Türkiyə əleyhinə hərəkətlər ediblərsə, bundan geri dönməlidirlər. Türkiyə onlardan bunu istəyəcək. Yəni Finlandiya və İsveç Türkiyəyə nələrsə verməlidir. Türkiyəyönlü bir addım atmalıdırlar. Düşünürəm ki, bu, onların da marağındadır. Həmin addım Finlandiya və İsveç üçün kiçik olsa da, bunun əvəzində daha böyük şey əldə edəcək – NATO üzvü olacaq. Düşünürəm ki, Türkiyənin bu ölkələrlə ortaq məxrəcə gəlmək imkanları var.
PKK-ya gəldikdə, ona ən çox yardım edən ölkə Rusiyadır. Bunu da Türkiyə bilməmiş deyil. Amma Türkiyənin maraqları nəyi gərəkdirirsə, bunu etməlidir, istəyinə nail olmalıdır. Düşünürəm ki, İsveç və Finlandiya Türkiyənin istədiyini edərək, daha az müttəfiq itirəcək, amma bunun müqabilində NATO-da özlərinə daha çox müttəfiq qazanacaqlar. Buna görə də, Türkiyə və bu iki ölkənin ortaq məxrəcə gələcəyinə inanıram, yəni bir problem görmürəm.
- Finlandiya və İsveçin NATO-ya üzv qəbul edilməsi Rusiya ətrafında və bizim regionumuzda nələri dəyişə bilər?
- Əslində bunun bizim regionumuza aidiyyəti yoxdur. Çünki ora tamamilə başqa bir bölgədir. Əsas məsələ budur ki, Rusiya zəifləyir. Onsuz da, Rusiya NATO ölkələri ilə əhatə olunmuşdu. Rusiyanın qonşuluğunda yerləşən Polşa və Baltikyanı ölkələr NATO üzvləridir. İndi Finlandiya və İsveç də olacaqsa, bu, artıq o deməkdir ki, Rusiya Avropa istiqamətində tamamilə NATO ilə əhatələnir. Ukrayna NATO üzvü olmasa belə, NATO ilə əməkdaşlıq edən və Rusiya ilə normal münasibəti olmayan bir ölkə olacaq. Amma Ukraynanın da gələcəkdə NATO üzvü olacağı ehtimalı yüksəkdir. Bu olmasa belə, Ukraynanın NATO ilə yaxın əlaqələri Rusiya üçün müsbət hal deyil.
Ümumiyyətlə, Rusiya bu oyunu – bu prosesi uduzub. Rusiya strateji olaraq bu oyunda itirib, taktiki olaraq da məğlub olmaqdadır. Bu baxımdan, Cənubi Qafqaz regionunda da Rusiyadan kənarlaşma, onunla məsafə saxlamaq meylləri də güclənəcək. Qərb Avropa cinahını gücləndirməklə, Cənubi Qafqazda daha aktiv rol oynamağa başlayacaq. Azərbaycan, Gürcüstan və Ermənistan Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən ölkələrdir, eyni zamanda, Avropa Şurasının üzvləridir. Gürcüstan isə Avropa Birliyinə üzv olmaq istəyən ölkədir, artıq assosiasiya sazişi də imzalayıb. Gürcüstanla yanaşı, Azərbaycan və Ermənistanın da Rusiyadan uzaqlaşaraq, Qərbə doğru inteqrasiyasına qərar veriləcək. Baş verənlərin bir nəticəsi də bu olacaq.
- NATO ilə bağlı son gəlişməyə cavab olaraq, Belarus müdafiə naziri Viktor Xrenin KTMT-nin genişlənəcəyini, bir neçə il sonra bu hərbi bloka onlarla ölkənin daxil olacağını iddia edib. “Rus NATO-su” adlandırılan KTMT-nin belə bir potensialı və ya cəlbediciliyi varmı?
- KTMT-nin heç bir potensialı yoxdur, heç bir ölkə bura üzv olmayacaq. Bunlar boş sözlərdir. Yeganə nə edə bilərlər? Məsələn, Rusiya Dnestryanı bölgənin “müstəqilliyini” tanıyar və elan edər ki, bu da KTMT-nin üzvüdür. Rusiya bunu Abxaziya və Cənubi Osetiyada da edə, “Dağlıq Qarabağ” haqda da bu fikrə düşə bilər. Yəni Rusiyanın bunlardan başqa edə biləcəyi heç nə yoxdur? Hansı ölkə ora gedər? Mən post-sovet məkanındakı müstəqil ölkələr arasında beləsini tanımıram. Əksinə, düşünürəm ki, bir müddət sonra Ermənistan və Qazaxıstanın KTMT-dən çıxması prosesi başlaya bilər. söhbət Venesuela və ya Suriyadan gedirsə, onların bu haqda düşünməsi mümkündür. Məsələn, Suriyanın KTMT-yə üzv olması Rusiyaya nə verəcək? Suriya onsuz da Rusiyanın nəzarəti altında olan, faktiki olaraq, müstəqilliyi olmayan bir ölkədir. Belə bir ölkə KTMT-nin üzvü olsa nə dəyişəcək, olmasa nə dəyişəcək?
Rusiya elə bir vəziyyətdədir ki, Suriyadakı hərbi qüvvələrinin bir hissəsini çıxarıb Donbasa gətirməyi planlaşdırır. Yəni Suriyadakı o rejiminin özünün gələcəyi sual altındadır. Çünki həmin rejim rus ordusunun dəstəyi nəticəsində ayaqüstə qala bilir. Buna görə də, bunların hamısı boş və mənasız təbliğatdır, yalandır. Bu yalanla kimləri aldadırlar? Özlərindən başqa heç kimi.