17 May 2022 14:19
1 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynanın özü də müharibəni dayandırmaq istəmir. Çünki durumu fevralın 24-dən əvvəlki vəziyyətə gətirmək istəyir. Əldə edilən son uğurlardan biri də budur ki, Ukrayna ordusu Xarkov istiqamətində Rusiya sərhədinə çatıb. İndi Xerson və Mariupolu azad etməlidir, digər ərazilərindəki işğalçıları da çıxarmalıdır. Bu isə xeyli vaxt aparacaq. Üstəgəl, dünyada taxıl qıtlığı ilə bağlı mürəkkəb vəziyyət yaranıb. Bu günlərdə NATO xarici işlər nazirlərinin toplantısında deyildi ki, müharibə bir az davam etsə, bu, ərzaq qıtlığına, aclıq və səfalətə gətirib çıxaracaq. Həqiqətən də belə bir risk var”.

Politoloq Elxan Şahinoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Finlandiya və İsveç NATO-ya üzv olmağa hazırlaşır. Sizcə, Rusiyanın hədəsi fonunda gedən bu proses necə yekunlaşa bilər? Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, bu iki ölkə alyansa üzv olsa, Rusiya və NATO arasında ərazi münaqişəsi yarana bilər.

- Rusiya hədəsini davam etdirir, amma kimsə buna fikir vermir. Çünki hamı Rusiyanın gücünü Ukraynada gördü. Ukraynada hədəflərinə çata bilmirlər. Əslində İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı qarşılarına hədəf qoyması da, Rusiyanın məğlubiyyəti sayılır. Çünki bu iki ölkə İkinci Dünya Müharibəsindən sonra SSRİ, daha sonra isə Rusiya ilə münasibətləri korlamamaq üçün NATO üzvü olmadı ki, gərginlik yaranmasın, neytral siyasət yürütdülər. Amma Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi regionda vəziyyəti tamamilə dəyişib, neytral dövlətlər özlərini Rusiyadan qorumağa çalışırlar.

Rusiya Finlandiyaya qarşı nə edə bilər? Durub müharibə edə bilməz. Stalin dönəmində də müharibə etmişdilər, amma kiçik Finlandiyaya məğlub olmuşdular. Digər yandan, Finlandiyanı qoruyan dövlətlərin sayı da artıb. Böyük Britaniya İsveç və Finlandiya ilə hərbi sazişlər imzalayıb. Artıq bu iki ölkə NATO-nun çətiri altına keçib. Rusiya yenə də hədələyəcək, amma NATO ölkələri ilə müharibə aparmağa gücü yoxdur.

- Bəs Rusiyanın NATO-nun öz sərhədlərinə doğru genişlənməsinə nüvə silahı ilə reaksiya vermək ehtimalı nə qədərdir?

- Rusiya kimi qorxudur? Boris Conson onlara yaxşı cavab verib. Conson dedi ki, sən bizə qarşı nüvə silahından istifadə etsən, biz də sənə qarşı istifadə edəcəyik. Yəni sənin nüvə silahın varsa, başqalarının da belə silahları var. Məsələn, Fransanın, Böyük Britaniyanın, ABŞ-ın və s. Bəs sən kimi hədələyirsən? Rusiya anlamır ki, nüvə silahına əl atsa, öz əraziləri də hədəfə alınacaq.

Əlbəttə, Ukraynadakı müharibə bölgədə böyük risklər yaradıb, Üçüncü Dünya Müharibəsindən, nüvə savaşından danışanlar var. Putin görür ki, ordusu zəifləyib, amma geri addım atmır. Bəli, risklər böyükdür, amma nüvə müharibəsi ehtimalını real hesab etmirəm.

- Finlandiya və İsveçin NATO-ya üzvlük prosesi alyansın Ukraynaya diqqətini azalda bilərmi? Artıq ukraynalı ekspertlər belə bir mövzunu müzakirə etməyə başlayıblar.

- Əslində ikili standartlar da özünü göstərir. Gürcüstan və Ukrayna iyirmi ilə yaxındır NATO-ya üzv olmağa çalışır. Yalvardılar, xahiş etdilər, amma öz aralarına götürmədilər. O vaxt üzv etsəydilər, Gürcüstan parçalanmazdı, Ukraynaya hücum edilməzdi. İkili standartlar özünü göstərir, Gürcüstan və Ukraynanı qapıda saxladılar. Almaniya və Fransa buna imkan vermədi. Amma indi Fransa və Almaniya İsveçlə Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyir, bu, ikili standartdır, riyakarlıqdır. Çünki Ukrayna və Gürcüstan kasıb dövlətlərdir. İsveçlə Finlandiya isə varlı və Avropanın içində olan ölkələrdir. Buna görə də bu iki ölkəyə “yaşıl işıq” yandırırlar.

Türkiyə məsələsini də misal göstərə bilərik. Türkiyəni illərlə Avropa Birliyinin qapısında gözlətdilər. Yenə də Fransa və Almaniya buna mane oldu. Bu ikili standartlara görə Prezident Ərdoğan Türkiyənin İsveç və Finlandiyanın üzvlüyünə qarşı olduğunu dedi. Amma Ankara ilə bu iki ölkə arasında danışıqlar aparılır.

Finlandiya və İsveçdə PKK simpatizanları var. Hər iki ölkədə PKK-ya yardım toplanır. İndi Türkiyə də bu iki ölkədən tələb edir ki, terrorizmlə mübarizəsində onun da maraqlarını nəzərə alsın.

- Bəs Rusiya-Ukrayna müharibəsinin gedişatını necə qiymətləndirirsiniz? Rusiyanın məğlub olacağını deyənlərin sayı artır.

- Müharibənin nə vaxt bitəcəyini söyləmək çətindir. Hər şey bir nəfərin – Putinin qərarından asılıdır. Putin də müharibəni dayandırmayacaq. Çünki Putin öz beyninə yeridib ki, Ukrayna yoxdur, bu adda dövlət olmamalıdır. Buna görə də, itkilər versə belə, müharibəni davam etdirmək niyyətindədir. Hesab edirəm ki, müharibə bir müddət də davam edəcək.

Ukraynanın özü də müharibəni dayandırmaq istəmir. Çünki durumu fevralın 24-dən əvvəlki vəziyyətə gətirmək istəyir. Əldə edilən son uğurlardan biri də budur ki, Ukrayna ordusu Xarkov istiqamətində Rusiya sərhədinə çatıb. İndi Xerson və Mariupolu azad etməlidir, digər ərazilərindəki işğalçıları da çıxarmalıdır. Bu isə xeyli vaxt aparacaq. Üstəgəl, dünyada taxıl qıtlığı ilə bağlı mürəkkəb vəziyyət yaranıb. Bu günlərdə NATO xarici işlər nazirlərinin toplantısında deyildi ki, müharibə bir az davam etsə, bu, ərzaq qıtlığına, aclıq və səfalətə gətirib çıxaracaq. Həqiqətən də belə bir risk var.

Rusiya da, Ukrayna da taxıl ixracatçısıdır. Ukrayna taxıl sata bilmir. Çünki limanlara Rusiyanın dəniz qüvvələri nəzarət etməyə çalışır. Üstəgəl, dünyanın ən böyük taxıl ixracatçılarından biri Hindistan istilərə görə ixracatı dayandırıb. Yəni müharibə bir çox ölkələrə problemlər yaradıb. Amma buna baxmayaraq, müharibənin yaxın vaxtlarda bitəcəyini demək mümkün deyil. Əskində, Ukraynanın hücum silahları alıb iyul-avqust aylarında əks-hücuma başlayacağını ehtimal etmək olar.

- Gələn ay Cənubi Osetiya separatçıları Rusiyaya birləşməklə bağlı “referendum” keçirəcəklər. Bu prosesdən gözləntiniz necədir: Rusiya Gürcüstanın bu bölgəsini də ilhaq edəcəkmi?

- Bu da Rusiyanın təxribatlarının davamıdır. Çünki Gürcüstanı 2008-ci ildə məhz Rusiya parçalayıb, Abxaziya və Cənubi Osetiyada separatçı respublikalar elan etdi və burada öz bazalarını qurdu. İndi də bu əraziləri Rusiyaya birləşdirmək istəyirlər. Bəllidir ki, bu təlimat Moskvadan verilib. Saxta referendum gərginliyi növbəti dəfə artıracaq. Düzdür, Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri yoxdur, amma bu addım Cənubi Qafqazda təzyiqi yüksəldəcək.

Türkiyə prezidenti region ölələrinə “Altılıq” formatının yaradılmasını təklif etmişdi. İndi Cənubi Osetiya Rusiyaya birləşdirilsə, Gürcüstan bu formata qatılmayacaq. İşğalçı ilə hansı formada dialoq qurmaq, inteqrasiya içində olmaq olar? Baxmayaraq ki, Rusiyanın Ukraynada elə bir uğuru yoxdur, amma bütün istiqamətlərdə hamıya problemlər yaradır. Moskvada KTMT-nin 30 illiyini qeyd etdilər, yəqin Rusiyanın paytaxtında Paşinyana da qulaqburması verilib ki, Brüssel və Vaşinqtondan uzaq dayansın.

- Ermənistan müxalifəti bir aya yaxındır Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları keçirir. Müxalifət Paşinyan devrilənədək meydandan çəkilməyəcəyini bildirir. Revanşistlərin buna gücü çatarmı?

- Radikal müxalifətin Paşinyanı devirməyə gücü və resursları yoxdur. Müxalifət meydana cəmi yeddi min civarından adam çıxara bilir. Bununla da Paşinyanı devirmək mümkün deyil. Rusiya da görürü ki, müxalifətin kifayət qədər gücü yoxdur. Rusiya müxalifətin gücünün olduğunu görsəydi, ona Paşinyanı devirmək üçün imkan yaradardı. Paşinyanı devirmək mümkün olmur. Üstəgəl, o, Brüsseldən və Vaşinqtondan dəstək alır, kreditlər də alacaq. Yəni Paşinyanı daxildən devirmək alınmır və alınmayacaq.

Paşinyandan tələb budur ki, Azərbaycan və Türkiyə ilə sülh prosesini sürətləndirsin. Amma o ləngiyir, ləngidikcə də öz vəziyyətini mürəkkəbləşdirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər