18 May 2022 14:28
1 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin Kəlbəcər rayonunun Yellicə və Barmaqbinə məntəqələri istiqamətlərində yerləşən ordumuzun mövqelərini atəşə tutması növbəti hərbi təxribat, siyasi avantüradır. Basarkeçər rayonu ilə təmas xəttində yerləşən Azərbaycan mövqeləri 10 noyabr 2020-ci il üçtərəfli razılaşmadan sonra da mütəmadi olaraq atəşə məruz qalıb. Ümumilikdə Ermənistan tərəfindən olan bu təxribatlara iki rakursdan yanaşmaq olar. Mümkündür ki, Nikol Paşinyan iqtidarı sərhəd xəttində təxribatlar törətməklə mümkün qədər diqqəti yayındırmağa cəhd edir.

Bunu Teleqraf.com-a Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov deyib.

Millət vəkilinə, Ermənistandakı mərkəzi idarəetmənin də stabil olmaması bu təxribatların ardıcıllığında özünü göstərə bilər: “Ola bilsin ki, Ermənistan ordusundakı hazırkı dağınıq durumdan bir çoxları təxribatlar üçün istifadə edir. Həmçinin Paşinyana qarşı həm daxildən, həm də xaricdən mümkün təzyiqlər fonunda da bu məsələyə qiymət vermək lazımdır”.

Aqil Məmmədov hesab edir ki, Ermənistanla Azərbaycanın birbaşa təmas xətti olan Kəlbəcər Basarkeçər istiqamətində rus sülhməramlılarının dayanmadığı məsələsini də bir çox məqamlarda önə çəkilməsi amili burada yer ala bilər: “Hazırda Ermənistanda daxili gərginlik pik həddə çatıb. Azərbaycanla sülh məsələsinin gündəlikdə olduğu bir vaxtda bu cür təxribatların olması vaxt qazanmaq üçün edilən cəhd kimi də dəyərləndirilir. Çünki indiki halda Ermənistanda iqtidara qarşı məhz Azərbaycanla sülh müqaviləsi bağlanması əleyhinə açıq etirazlar var. Eyni zamanda erməni cəmiyyətinin Azərbaycanla növbəti hərbi qarşıdurmaya tərəfdar olmadığı açıq görünür. Bunun nəticələrinin ermənilər üçün hansı fəlakətlərə səbəb olacağını daha yaxşı dərk edirlər. Ona görə də, bu cür hərbi təxribatlar bir çox məsələlərdə diqqəti yayındırmaq üçün edilən cəhdlər kimi qiymətləndirilir”.

Hərbi ekpsert Üzeyir Cəfərova görə, Kəlbəcərdə ermənilərin növbəti hərbi təxribatını normal insan məntiqi ilə anlamaq bir qədər çətindir: “Ermənistanın Basarkeçər rayonu istiqamətindən Azərbaycanın Kəlbəcər rayonu ərazisinin mütəmadi olaraq atəşə məruz qalması heç bir şəkildə başa düşülmür. Erməni tərəfi bu cür təxribatlarla heç nə əldə etməyəcəyini özləri dəqiq bilir. Sadəcə olaraq təxribatın növbəti elementi bu ola bilər ki, Azərbaycanın cavab atəşi nəticəsində hansısa bir erməni əsgəri, zabiti yaralansın və yaxud ölsün, bundan sonra iki ölkə arasında olan danışıqlar dalana dirənsin. Hazırda Ermənistana Azərbaycanın təklif etdiyi 5 maddədən ibarət sülh təklifinin gündəmdə olduğu zaman belə bir təxribatların olması məhz bu məntiqə istiqamətlənir. Eyni zamanda erməni rəsmilərinin hər Moskva səfərindən sonra onların ritorikasında dəyişiklik baş verir”.

Üzeyir Cəfərov hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi üzərində gedən məsələlərin uzanmasında maraqlı olan tərəflər var: “Artıq ikinci ilə yaxınlaşır ki, Ermənistana aid qanunsuz silahlı birləşmələr Azərbaycan torpaqlarından çıxarılmayıb. Burada Rusiyanın da maraqlı olması açıq görünür. Bunu etiraf etmək lazımdır. Çünki prosesin uzandığı görünür, onun bu və ya digər şəkildə maraqlarına xidmət edir. Bu günə qədər Azərbaycan ərazisində olan erməni silahlı birləşmələrinin qalıqları ilə bağlı öhdəlik icra edilməyib. Bu, açıq şəkildə terrorizmə, separatizmə dəstəkdir. Ermənilərin isə bu məsələdə atacağı heç bir real addım yoxdur. 44 günlük müharibədən sonra onların heç bir imkanı yoxdur ki, güclü Azərbaycan ordusunun qarşısında dirəniş göstərsin”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər