“Ermənistanın bu mövqeyi əslində Qarabağ işğaldan azad edilmədən əvvəl formalaşan fikirlərdir. Əksinə, onlar Madrid prinsipləri əsasında danışıqların davam etməsinə çalışırlar. Əslinə baxsanız, Minsk qrupunun dövriyəyə gətirilməsi Rusiyanın indi düşdüyü blokadadan çıxarmaq cəhdidir”.
Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın Brüsseldə verdiyi açıqlamasını şərh edərkən deyib.
Qeyd edək ki, Mirzoyan Azərbaycanın irəli sürdüyü təklifləri qəbul etdiklərini bildirib, eyni zamanda danışıqların Minsk formatında aparılmasını və "status" məsələsini qabardıb.
Sərdar Cəlaloğlu isə düşünür ki, rəsmi İrəvanın bu iddialarla çıxış etməsi təsadüfi deyil:
“Burada Rusiyanın müstəsna marağı var. Guya ABŞ və Fransa ilə Minsk qrupu çərçivəsində əməkdaşlıq etsin. Bu da ABŞ və Fransanın Rusiyaya qarşı münasibətinin dəyişməsinə səbəb olacaq və Rusiyanın beynəlxalq təcriddən xilas olmasına gətirib çıxaracaq. Əslində baxsanız ermənilərin bu mövqeyi Rusiyanın tapşırığı əsasında müəyyənləşib. Xatırlayırsınızsa, münaqişənin həll mərhələsində ruslar deyirdilər ki, Ermənistan və Azərbaycan arasında münaqişə Rusiyanın dövlət maraqlarının nəzərə alınması ilə həll oluna bilər. İndiki halda bu maraq ondan ibarətdir ki, təcriddən çıxsın və Qərb ölkələri ilə təmas yaransın. Bunun üçün ən yaxşı format Minsk qrupudur”.
ADP sədri xatırladıb ki, artıq ABŞ və Fransa Rusiya ilə əməkdaşlıq etməyəcəyinə dair bəyanat verib:
“Üstəlik ABŞ Dövlət Departamenti Qarabağ məsələsi ilə məşğul olmaq üçün ayrıca səfir ayırıb. Bu da onu göstərir ki, ruslar nə qədər istəsələr də, nə ABŞ, nə də Fransa onunla əməkdaşlıq etməyəcək. Səbəb də Ukrayna problemidir. Əslində bütün bunlar Rusiyanın istəkləridir, sadəcə Ermənistan burada növbəti dəfə vasitə kimi istifadə olunur”.
Siyasətçi bildirib ki, qətiyyən Minsk qrupunun iştirakı ilə bu problemin həllinə cəhdə imkan vermək olmaz:
“Eləcə də Ermənistan rəsmilərinin Qarabağ ifadəsi işlətməsi Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir və belə mövqe sülh sazişinin əldə olunmasına qarşıdır”.