Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Azay müəllim, Ermənistanın Azərbaycanın 5 bənddən ibarət təklif etdiyi sülh paketinə qarşı özünün “6 bəndlik şərtlərini” irəli sürür. Erməni tərəfinin bu şərtləri nəyə hesablanıb?
- Ermənistanın “6 şərti” mahiyyət etibarı ilə texniki xarakter daşıyır. Bu, sadəcə olaraq təklif xatrinə hazırlanmış məsələlərdir. Burada narahatedici məqam odur ki, onlar mövcud olmayan Dağlıq Qarabağın “statusu” məsələsini yenidən gündəmə gətirməyə çalışırlar. Eyni zamanda qarşı tərəf sülh danışıqlarını de-fakto mövcud olmayan ATƏT-in Minsk Qrupunun həmsədrliyi səviyyəsində aparılmasını təklif edir. Ona görə də, bunlar qəbuledilməzdir. Bu da onu göstərir ki, Ermənistan bütövlükdə sülh prosesində səmimi deyil.
- Sizcə, Ermənistan bu cür yanaşma tərzi ilə indiyə kimi aparılan danışıqları, əldə edilən razılaşmaların mahiyyətini necə təhrif edir?
- İndiyə qədər keçirilən görüşlərdə xüsusi ilə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinə, həmçinin də Avropa İttifaqı Şurasının prezidentinə söz vermişdi ki, sülh gündəliyinin icrası üçün müvafiq addımlar atılacaq və qətiyyətli siyasət həyata keçirəcək. Lakin əhəmiyyətini itirmiş köhnə narrativləri gündəliyə gətirməyə cəhd etməsi onu göstərir ki, Ermənistan tərəfi yenə də öz xislətinə uyğun olaraq məsələləri mürəkkəbləşdirməyə çalışır. Amma Ermənistan buna nail ola bilməyəcək. Bunun heç əsası yoxdur.
- Belə olan halda Azərbaycan hansı mövqedən çıxış edəcək?
- Azərbaycanın sülh danışıqları ilə bağlı mövqeyi aydın və qətidir. Məğlub olmuş Ermənistan ya sülh danışıqlarında ciddi və səmimi olmalı, ya da avantürist və təxribatçı hərəkətlərinin sonuclarına qatlanmağa hazır olmalıdır. Ermənistan 2018-2020-ci illərdə Paşinyanın qeyri-adekvat hərəkətlərinə görə ödədiyi bədəli unutmasın.
- Erməni tərəfinin indiki halda sülh prosesini pozmaqda məqsədi nədir və nəyə arxalanır?
- İndi Ermənistanın nə gücü, nə də ki, potensialı var. Bu ölkənin hansısa bir addım atmağa iqtisadi, diplomatik, siyasi, hərbi imkanları çatmayacaq. Ona görə də, bunlar Ermənistan baş nazirinin siyasi perspektivi olmayan uğursuz manevr cəhdidir. Görünür, o, daxili çaxnaşmaları müəyyən müddətə sakitləşdirmək üçün belə bir perspektivsiz taktikaya əl atır. Yəni hansısa bir formada siyasi gələcəyi olmayan şərtlər irəli sürür. Bütün bunlar əbəsdir. Çünki artıq beynəlxalq ictimaiyyət yaxşı başa düşür ki, burada söhbət yalnız Ermənistan-Azərbaycan münasibətlərinin normalaşdırılmasından gedə bilər, qəbuledilməz şərtlər irəli sürmək sülh prosesini pozmaq deməkdir. Ona görə Aİ Brüssel razılaşmasını risk altına atmamaq üçün Ermənistana qarşı iqtisadi rıçaqlardan istifadə etməlidir.
- Ərazi iddialarına qarşı hansı effektiv yanaşmalar ortaya qoyula bilər?
- Münasibətlərin normallaşması Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həyata keçəcək. Bunun alternativi yoxdur. Ölkəmizdə yaşayan ermənilərin hüquq və təhlükəsizlik məsələsi Azərbaycanın daxili məsələsidir. Azərbaycan ərazisində Dağlıq Qarabağ adında hər hansı bir inzibatı ərazi vahidi mövcud deyil. Bu bölgədə yeni yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonası var. Qarabağ və Şərqi Zəngəzura Azərbaycanın digər regionlarına verilən hüquqlar verilib. Onların statusu da məhz bu cür formalaşıb, müəyyənləşib.
- Azərbaycan ərazisində yaşayacaq erməni əsilli insanlarla bağlı qarşı tərəfin narahatlığı nə ilə bağlıdır?
- Qarabağda yaşayan ermənilərə Azərbaycanın verəcəyi ən böyük status ölkə vətəndaşlığıdır. Onlar ancaq Azərbaycan vətəndaşlığını qəbul edib, ölkə qanunlarına, konstitusiyasına uyğun qalıb yaşamaq hüququ əldə edə biləcək. Əks təqdirdə onlar üçün olan seçim aydındır. Bir ölkənin konstitusiyasına, qanunlarına hörmət etmirlərsə, demək həmin ölkədə onların yaşaması üçün heç bir hüquqi baza və asas yoxdur.