20 May 2022 09:14
2 701
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya həmişə özünə xeyir verən məsələlər haqda danışır. Çünki kommunikasiyaların açılması onun Yaxın Şərqə yolunu xeyli qısaldır. Bununla həm də İran və Ermənistanla əlaqələrini dərinləşdirir. Bölgədəki kommunikasiyaların açılması Rusiyaya Suriyaya qədər dəmir yolu xətti əldə etməyə imkan verir. Yəni strateji planda Rusiya bu prosesdən böyük uduşla çıxır. Buna görə də, özünə lazım olan məsələləri həll etməyə çalışır”.

Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə komissiyanın görüşləri İrəvanın bundan imtinasına görə baş tutmadı. Sizcə, İrəvan niyə və ya kimin diktəsi ilə bundan yayınır və hara qədər qaçacaq?

- Demək olar ki, artıq bu prosesdə gizli nüanslar yoxdur. Siyasətlə məşğul olan, bu proseslə maraqlanan hər kəs bilir ki, sülhyaratma prosesini tormozlayan Moskvadır, şəxsən Putinin özüdür. Putin Paşinyanı Moskvaya çağıraraq, “hara tələsirik, hələ çox vaxt var” deyərək, ona Avropa Birliyinin bu prosesdəki rolundan imtina etməyi, tələsməməyi və Moskvanın ənənələrini gözləməyi diktə edib. Əgər Moskva əvvəllər xüsusən də kommunikasiyaların açılmasını tələsdirirdisə, indi əksini edir – sülhyaratma prosesinə gətirib çıxara biləcək hər şeyi tormozlayır.

Rusiyanın məqsədi Qarabağ məsələsində obyektivlik nümayiş etdirməyə başlayan Nikol Paşinyanın sülhyaratma prosesindəki addımlarının qarşısını almaqdır. Rusiya Cənubi Qafqazdakı mövcudluğunu qondarma Dağlıq Qarabağın varlığında və sülhməramlı qüvvələrinin orada saxlanılmasında görür.

- Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan açıqlamasında yenə də “Qarabağın statusu” və “Minsk qrupu”ndan danışıb. Azərbaycanın hər iki məsələyə nöqtə qoysa da, İrəvan təkidlə bunu gündəmdə saxlamağa çalışır. Bakı bununla razılaşacaqmı?

- Qətiyyən razılaşmayacaq. Bununla heç Amerika razılaşmır. Rusiyanın özü də Ermənistan-Azərbaycan məsələləri üzrə xüsusi nümayəndə təyin edib. Yəni ATƏT-in Minsk qrupunun fəaliyyəti çoxdan dayanıb, artıq belə bir format mövcud deyil – o dünyaya göndərilib. Minsk qrupunun mövcud olmadığı və ora daxil olan həmsədr ölkələrin öz xüsusi nümayəndələrini təyin etdiyi vaxtda bu məsələləri gündəmə gətirməyə çalışmaq yenə də prosesə tormoz vurmaq cəhdidir və kiminsə sifarişlərini yerinə yetirməkdir. Bütövlükdə isə sülhyaratma prosesini pozmaqdır.

- Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova isə Azərbaycan və Ermənistan arasındakı kommunikasiyaların blokadadan çıxarılmasının vacib olduğunu deyib. Rusiya niyə həmişə bunu gündəmə gətirir, amma sərhəd məsələsindən, qanunsuz silahlıların Qarabağdan çıxarılmasından danışmır?

- Rusiya həmişə özünə xeyir verən məsələlər haqda danışır. Çünki kommunikasiyaların açılması onun Yaxın Şərqə yolunu xeyli qısaldır. Bununla həm də İran və Ermənistanla əlaqələrini dərinləşdirir. Bölgədəki kommunikasiyaların açılması Rusiyaya Suriyaya qədər dəmir yolu xətti əldə etməyə imkan verir. Yəni strateji planda Rusiya bu prosesdən böyük uduşla çıxır. Buna görə də, özünə lazım olan məsələləri həll etməyə çalışır.

Rusiyanın sərhəd və digər məsələləri kənara qoyub, bunu gündəmə gətirməyə və ya seçim etmək haqqı yoxdur. Rusiya nələrisə diktə yolu ilə həll edə bilməz. Rusiya hələ də imperiya ambisiyalarından əl çəkməyib, o, hələ də anlamır ki, dünya onu “axsaq ördək” kimi tanıyır. Rusiya məsələləri diktə ilə həll etməyə müvəffəq ola bilməyəcək. Buna görə də, prosesi ləngitməyə çalışır. Gec-tez proses relsə düşəcək və irəliləməyə davam edəcək.

- Bəs sərhədlər müəyyənləşmədən, ermənilərin Qarabağdakı qanunsuz silahlıları çıxarılmadan kommunikasiyaların önündəki blokada qaldırıla bilərmi?

- Əlbəttə, bu, mümkün deyil. Eyni zamanda, bu, həm məntiqi cəhətdən baş tutmaz, həm də Azərbaycanın suverenliyini ayaq altında atmaq deməkdir. Azərbaycan bununla heç vaxt razılaşmayacaq. Sərhədlər müəyyənləşmədən və işğalçı ölkənin qanunsuz birləşmələri ərazilərdən çıxarılmadan, Rusiya dünyanı fəlakətə sürükləyən qafası ilə prosesə yanaşmağa davam edirsə, bu, bölgəyə fəlakətdən başqa heç nə gətirə bilməz. Digər yandan, bölgədə Türkiyə faktoru və Azərbaycan kimi güclü ordusu olan bir ölkə var. Azərbaycan və Türkiyə Rusiyanın bu şıltaq oyunlarının həyata keçməsinə imkan verməyəcək.

- Sizcə, Rusiyanın Ukraynadakı məğlubiyyəti Ermənistanla aramızdakı problemlərin həlli baxımından maraqlarımıza uyğundurmu?

- Rusiyanın Ukraynada uduzması təkcə Azərbaycanın yox, bütün dünyanın maraqlarına cavab verir. Polşa baş naziri deyir ki, ümumiyyətlə, Rusiyanın bir dövlət kimi qalması, dünya üçün fəlakət mənbəyi rolunu oynayır. Artıq dünya Rusiyanın yürütdüyü siyasətin ona hansı problemlər yaratdığını yaxşı başa düşür. Buna görə də, dünyanın 42 ölkəsi Rusiyaya qarşı koalisiyada birləşib. Rusiya bundan nəticə çıxarmalıdır, amma çıxarmaq istəmir. Rusiya müasir dünyada lunatik təfəkkürü ilə nələrisə axtarıb tapmağa çalışır. Bütün bunlar dünya tərəfindən qəzəblə rədd edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər