20 May 2022 18:39
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici siyasətində bütün dövlətlərlə normal, bərabərhüquqlu münasibətlərin qurulması mühüm yer tutur. Bu kontekstdə ölkəmiz dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan-Litva əlaqələrinin inkişafı da bu baxımdan böyük əhəmiyyət kəsb edir.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycanla Litva arasında bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, turizm, mədəniyyət, təhsil sahəsində əməkdaşlıq əlaqələri dinamik olaraq inkişaf etməkdədir:

“İkitərəfli münasibətlərdə hüquqi baza formalaşıb, bir sıra mühüm sənədlər imzalanıb. Davamlı olaraq hər iki ölkə əlaqələrin inkişafında maraqlı olduqlarını nümayiş etdirir və bu istiqamətdə fəallıq nəzərəçarpacaq dərəcədə yüksəkdir. Dövlət başçıları səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər bu əlaqələri daha da möhkəmləndirir. Mayın 18-də Litva prezidenti Gitanas Nausedanın ölkəmizə rəsmi səfəri böyük əhəmiyyət kəsb edir. Bu səfər ikitərəfli əlaqələrimizə böyük töhfə verəcək”.

Onun sözlərinə görə, prezidentlərin mətbuata birgə bəyanatları zamanı dövlətimizin başçısı regionumuzda mövcud vəziyyət, Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüsləri haqqında fikirlərini bildirib:

“Azərbaycan Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanı kimi görmək istəyir. İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün yeni imkanlar yaranıb. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda sülhün və əməkdaşlığın qurulmasına maraqlı görünmür. Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Dövlət başçısının dediyi kimi: “Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul edib”. İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləyib. Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur. Ermənistanın həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalması sülh sazişinin imzalanması üçün əsas yaradır. Lakin erməni tərəfi aprelin 6-da Brüssel görüşü zamanı əldə edilmiş razılaşmalara əməl etmir. Həmin razılaşmaya əsasən aprelin sonunda birgə sərhəd komissiyalarının görüşü keçirilməli idi. Amma Ermənistan hələ də, bu görüşdən yayınır. Eləcə də qarşı tərəf sülh sazişi üzrə işçi qruplarının görüşündən də yayınır. Prezidentin bu barədə açıqlaması kimin kim olduğunu bir daha göstərir. Ermənistan anlamalıdır ki, bu yol onlar üçün müsbət heç nə vəd etmir. Ona görə də sülh imkanlarını qaçırmamalıdır”.

Sevinc Fətəliyeva bildirib ki, Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumundakı çıxışında qarışıq geosiyasi situasiyada Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyindən bəhs edib:

“Bunun üçün Azərbaycan dövləti bütün əməli fəaliyyəti ilə öndədir. İkitərəfli və çoxtərəfli əməkdaşlıqlar, xüsusilə Avropa İttifaqı ilə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bu gün Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır. Avropa İttifaqının üzvü kimi Litva ilə də ikitərəfli güclü siyasi münasibətləri nəzərə alaraq, demək olar ki, ölkələrimiz uzun illərdir ki, artıq strateji tərəfdaşdırlar. Litva Prezidentinin ölkəmizə səfəri də fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər