İtaliya Respublikasının Turin şəhərində keçirilən Avropa Şurasının Nazirlər Komitəsinin iclası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviç ilə görüşüb.
Bu barədə Teleqraf.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Görüşdə, Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyətindən məmnunluq ifadə edilib. Nazirlər ikitərəfli əməkdaşlığın iqtisadi, ticarət, siyasi, humanitar və s. sahələrdə inkişafı perspektivlərini qeyd ediblər.
Görüş zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş”in yaxın zamanda qüvvəyə minməsi, mülki aviasiya sahəsində əməkdaşlıq, həmçinin iki ölkə arasında mövcud olan turizm potensialının səmərəli istifadəsi imkanları ətrafında fikir müdadiləsi aparılıb.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə ediblər.