Əliyevlə Paşinyanın Brüsseldə növbəti görüşündən gözləntləri üç kontekstdə dəyərləndirmək olar:
- Görüşün zərurəti nədir?
- Paşinyan hansı gündəliklə masaya əyləşəcək?
- Mümkün nəticələr nə ola bilər?
Aprelin 6-da keçirilən Brüssel görüşündə sülh sazişinin hazırlanması üzrə prosesin başlanması və sərhədin delimitasiya ilə bağlı birgə komissiyanın yaradılması, görüşlərin başlanması haqda konkret razılaşmlar əldə olunsa da, Ermənistan praktiki mərhələdə faktiki heç bir addım atmadı. Avropa İttifaqı bu görüşdə razılaşmaların işləməməsinin səbəblərini aydınlaşdırmaq, praktiki mərhələdə işə başlamağın yollarını tapmaq niyyətindədir.
Müzakirə ediləcək məsələlər də bəllidir: sülh sazişinin hazırlanması, sərhədin delimitası üzrə komissiyanın işə başlaması və s;
Əsas məqam ötən görüşdən sonra nələrin dəyişdiyi və Paşinyanın buna uyğun hansı gündəlikdən çıxış edəcəyidir.
6 aprel görüşündən sonra Nikol Paşinyan bəyan etdi ki, beynəlxalq ictimaiyyət onlardan Qarabağın “statusu” iddialarında tələbi endirməyi tələb edir: İrəvan bunu “Qarabağdakı ermənilərin təhlükəsizliyi və hüquqlarının təminatı” olaraq dəyişir;
Nikol yeni vəziyyəti açıqlamasından sonra aprelin 17-də İrəvanda “Qarabağ aksiyaları” başlandı və hələ də davam edir. Aprelin 19-da Putinlə Paşinyanın Moskva görüşündən iki nəticə çıxırdı: Rusiya təşəbbüsün Aİ-yə keçməsinə imkan vermək niyyətində deyil; İrəvan istəyinə nail olmaq üçün Brüssel və Moskva seçimləri arasında manevr imkanından yararlanır;
Ermənistan istəyir ki:
- delimitasiyası “güzgü prinsipi” və SSRİ dağılanda mövcud olan xətlərlə aparılsın;
- “status”u arxa plana keçirsə də, “təhlükəsizlik və təminat” üzərindən Qarabağdakı ermənilərin “müqəddəratını təyin etmə” imkanı qazansın;
Nə Moskvada, nə də Brüsseldə buna nail olmaq imkanının az olmasına baxmayaraq, rəsmi İrəvan Qərb-Rusiya qarşıdurmasından istifadə edərək, maraqlarına uyğun şərtlərin yetişməsi gözləntisi ilə “vaxt uzatmaq” taktikasına oynayır.
6 aprel - 22 may görüşləri arasında baş verənlər fonunda Paşinyanın masaya iki mümkün istəklə əyləşə bilər:
Birincisi, “status”la bağlı aşağı salınması tələb olunan tələbə yenidən baxmağın “zəruriliyini”: Nikol “Qarabağ aksiyaları”nı əsas gətirərək, bundan imtina etməyin ən azı indi çətin olduğu, erməni ictimaiyyətinin qəbul etmədiyi “arqumenti”ndən çıxış edə bilər;
İkincisi, Moskva alternativinə işarə etməklə delimitasiya prosesində irəklərini irəli sürə, Brüsselin mövqeyinə təsir etməyə çalışa bilər;
Bütün bunların fonunda görüşün praktiki mərhələdəki işə təsirinin az olacağı gözləntisi önə çıxır.
Əliyevin razılaşmaların icrası üçün konkret tələblərlə çıxış edəcəyi bəllidir və istisna deyil ki, Bakı bu görüşə praktiki addımların atılması üçün diplomatik təmasların son şansı kimi baxır.