24 May 2022 18:24
1 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçmiş (18 noyabr 2002-11 mart 2003) xarici işlər naziri və hakim Ədalət və İnkişaf Partiyasının yaradıcılarından biri Yaşar Yakış ABŞ-ın nüfuzlu “Eurasia Review” jurnalı üçün Ermənistan-Azərbaycan sülh gündəliyi ilə bağlı məqalə yazıb.

Teleqraf.com "Azərbaycan-Ermənistan danışıqlarına yaxından baxış" başlıqlı məqalənin tərcüməsini təqdim edir.

Son vaxtlar Azərbaycan-Ermənistan münasibətlərində bir sıra mühüm hadisələr baş verib. Birincisi, ötən il dekabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rəhbərlik etdiyi görüş olub. Bu, üç onillikdə Azərbaycan və Ermənistan liderləri arasında Rusiyanın iştirakı olmadan keçirilən ilk görüş idi.

İkincisi, aprelin 6-da Brüsseldə yenidən Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüş idi və o, görüşü iki ölkə arasında "danışıqlar prosesinin" həqiqi başlanğıcı kimi xarakterizə etdi.

Üçüncüsü, Paşinyanın aprelin 13-də Ermənistan parlamentində söylədiyi əlamətdar çıxış olub. O deyib: "Bu gün beynəlxalq ictimaiyyət bizə açıq şəkildə deyir ki, dünyada Türkiyənin müttəfiqi Azərbaycanın ərazi bütövlüyünü ikitərəfli qaydada tanımayan yeganə ölkə olmaq təkcə Artsax (ermənilərin Qarabağ üçün istifadə etdikləri ad) üçün deyil, həm də Ermənistan üçün böyük təhlükə yaradır. Bu gün beynəlxalq ictimaiyyət bizə yenidən deyir ki, Artsaxın statusu məsələsində plankanı bir az aşağı salın və siz Ermənistan və Artsax ətrafında böyük beynəlxalq konsolidasiyanı təmin edəcəksiniz. Əks halda, beynəlxalq ictimaiyyət deyir ki, biz sizə kömək etmək istəmədiyimizə görə yox, sizə kömək edə bilməyəcəyimizə görə bizə güvənməyin".

O, həmçinin qeyd edib ki, Qarabağ məsələsi onun fikrincə ərazi məsələsi deyil, daha çox orada yaşayan ermənilərin hüquq və azadlıqlarına aid olan məsələdir.

Ermənistan onilliklər ərzində bu məsələyə ərazi məsələsi kimi baxıb. Paşinyan bu bəyanatla çıxış edən ilk erməni siyasi lider oldu. Əslində, Sovet İttifaqı dağılandan sonra Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və sovet dövründən qalma sərhədləri qoruyub saxlamaq öhdəliyi götürmüşdü. Beləliklə, ərazi məsələsi artıq 1991-ci ildə həll olunmuşdu.

Yalnız güclü elektoral mandat qazanmış siyasi lider belə cəsarətli addım ata bilərdi. Gözlənildiyi kimi, Paşinyanın bəyanatı həm parlamentdə, həm də küçələrdə fırtına yaradıb. Parlamentdəki müxalifət fraksiyası bir həftə ərzində parlamentin iclaslarını boykot edib. Bunlar ifrat siyasiləşmiş atmosferdə anlaşılan reaksiyalardır. Boykot hadisələrin gedişatına məhdud təsir göstərəcək, çünki beynəlxalq müqavilələr Azərbaycanın tərəfindədir.

Paşinyanın parlamentə müraciəti ilə artıq hədd keçilib. Daha çox reaksiya gözlənilə bilər, lakin hər şey plüralist cəmiyyətdə olduğu kimi cərəyan edir.

Paşinyanın yanaşmasının məziyyətlərindən biri də odur ki, o, Qarabağ probleminin mahiyyətinə toxunan ilk siyasi lider oldu. İndiyədək heç bir başqa lider Qarabağ ermənilərinin hüquq və azadlıqları ilə Ermənistanın müstəqil ölkə olması ilə üzərinə götürdüyü beynəlxalq öhdəliklər arasındakı fərqi tanıya bilməyib.

Rusiyanın Azərbaycan-Ermənistan ikitərəfli görüşündə müvəqqəti iştirak etməməsi, əlbəttə, onun qeyri-müəyyən müddətə kənarda qalacağı anlamına gəlmir. İkinci Qarabağ müharibəsində atəş kəsildikdən sonra Moskva digər iki həmsədr ölkə – ABŞ və Fransanı praktiki olaraq kənarda qoyaraq Minsk prosesini monopoliyaya aldı. Rusiya hazırda Ukraynada NATO ilə az qala müharibə vəziyyətində olduğu üçün Minsk prosesinin həmsədrləri görüş çağıra bilməyə bilər, lakin Rusiya hələ də komandanlıqda qoruyub saxlamaq üçün prosesdən yapışa bilər.

İkinci Qarabağ müharibəsindən sonra ikitərəfli vəzifələri olacaq Birgə Sərhəd Komissiyasının yaradılması haqqında ümumi razılıq əldə edilib. Bunlardan biri azərbaycanlıların və ya ermənilərin yaşadığı kəndlərin sərhədlərinin müəyyən edilməsi prosesidir. Sovet epoxasının təxminən yeddi onilliyində hansı kənddə azərbaycanlıların, hansı kənddə ermənilərin məskunlaşmasının o qədər də əhəmiyyəti yox idi. Çünki hər ikisi sovet vətəndaşı hesab olunurdu. Kəndlərin sərhədləri də əhəmiyyət kəsb etmirdi, halbuki sərhədlər indi həlledici məsələyə çevrilə bilər. Rusiya arxivləri indi vacib əhəmiyyətli olacaq, çünki ilkin sərhədlər 1921-ci ildə İosif Stalin tərəfindən müəyyən edilib. Rusiya yəqin ki, bu rıçaqdan Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqları balanslaşdırmaq üçün istifadə edəcək.

İkinci vəzifə demarkasiya – dirəklərin ucaldılması ilə sərhədin fiziki nişanlanması prosesidir.

Azərbaycan erməni əsilli vətəndaşlarının hüquq və azadlıqlarının qorunması ilə bağlı öz üzərinə öhdəlik götürməyə qarşı çıxmayacaq. Görünür, o, Aİ Şurasının prezidentini inandıra bilib ki, bu beynəlxalq öhdəliklərə hər iki tərəf mutatis mutandis əməl etməlidir.

Qarşıda hər iki ölkəni çətin yol gözləyir. Kök atmış qarşılıqlı dərin mənfi təsəvvürlərə görə, hər iki ölkədə fanatiklər prosesə etirazlarını bildirəcək və onu pozmağa çalışacaqlar, lakin müdriklik qalib gəlsə, mötədil və realist liderlər bu cür maneələri dəf edə bilər.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər