25 May 2022 15:07
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir neçə gündə əldə edilən uğurlar Azərbaycan diplomatiyasının zəfər tarixinə daxil olub. 23 may tarixində Azərbaycan Prezidenti delimitasiya komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb. Eyni addımı Ermənistanın baş naziri Nikol Paşinyan da atıb, baş nazir müavini Mqer Qriqoryanın başçılığı altında komissiya yaradıb. Bu sərəncamlar əslində bir gün əvvəl Brüsseldə tərəflər arasında əldə edilmiş razılaşmanın praktiki reallaşmasıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, 22 may tarixində Aİ Şurasının prezidenti, Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli görüşün yekunlarına dair açıqlanan bəyanata əsasən tərəflər bir neçə vacib məsələ üzrə razılığa gəlib: “Bu məsələlərdən birincisi delimitasiya və demarkasiya üzrə yaradılacaq komissiyaların yaxın günlərdə sərhəddə birgə görüşünün keçirilməsdir. Bu Azərbaycanın Brüssel görüşündə gündəliyinin birinci bəndinin yerinə yetirilməsidir. Xatırladaq ki, birgə komissiyanın yaradılması 6 aprel tarixli Brüssel bəyanatı ilə müəyyən edilsə də, Ermənistan iki dəfə Azərbaycanla bu görüşlərin keçirilməsindən yayınıb. Lakin bu dəfə Brüsseldə Ermənistana fərqli tərəflərdən edilən təsirlər və təzyiqlər onu Azərbaycanın gündəliyini qəbul etməyə məcbur etdi “.

Tamam Cəfərova Brüssel bəyanatında ikinci vacib məqamın qarşılıqlı əlaqələrin bərpası üzrə razılığın əldə edilməsi olduğunu söyləyib: “Ş.Mişelə görə liderlər nəqliyyat əlaqələrinin açılmasının davam etməsinin zəruriliyinə dair razılığa gəliblər. Azərbaycan Ermənistan ərazisi boyunca Naxçıvanla, Ermənistan isə Azərbaycan ərazisi boyunca digər əraziləri ilə əlaqə yaradacağına dair razılıq əldə edib. Azərbaycanın Ermənistan ərazisi boyunca Naxçıvanla qarşılıqlı tranzit əlaqə yaratması anlaşılandır. Naxçıvan Azərbaycanın əsas ərazilərindən kənarda yerləşən bir eksklavdır. Amma Ermənistanın Azərbaycan əraziləri boyunca digər hissələri ilə əlaqə yaratması ilk baxışdan uyğunsuz bir ifadə kimi görsənir: hansı səbəbdən Ermənistan öz fərqli regionları ilə əlaqəni Azərbaycan ərazisi boyunca saxlamalıdır? Niyə Ermənistan öz ərazisindən keçən marşrutlardan deyil, Azərbaycan marşrutlarından istifadə etməyə çalışır? Ermənistanın nəqliyyat-kommunikasiya xətlərinin xəritəsinə nəzər yetirmək kifayətdir ki, ölkənin fərqli regionları arasında ən qısa maşrutların elə ölkə boyunca getdiyinin şahidi olasan”.

Millət vəkili hesab edir ki, Azərbaycan ərazisinə daxil olan erməni nəqliyyat vasitələrinin yoxlanış və gömrük rüsümlarına məruz qalma məsələsi bir çox suallar formalaşdırır: “Əgər erməni nəqliyyat vasitələri yoxlanış və gömrük rüsumlarına məruz qalmayacaqlarsa onda belə çıxır ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında gediş-gəliş də heç bir yoxlanış və gömrük rüsumlarına məruz qalmayacaqdır. Bütün bunlar onu deməyə əsas verir ki, Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşdə Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı razılıq əldə olunub. Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bu haqda danışıb”.

Deputat Brüssel görüşündə “Dağlıq Qarabağ”, “status”, “münaqişə”, “Minsk qrupu” kimi ifadələrin yer almamasından danışıb: “Açıqlanan bəyanatda bir dəfə “Qarabağ” ifadəsindən “etnik erməni əhalinin hüquq və təhlükəsizliyinin təmin edilməsi” kontekstində istifadə edilib. “Dağlıq Qarabağ” yerinə “Qarabağ” sözünün hallanması çox vacibdir. Azərbaycan Prezidentinin müvafiq qərarı ilə “Dağlıq Qarabağ” və 7 ətraf rayon Qarabağ və Şərqi Zəngəzur adlı iqtisadi zonalara ayrılıb. Ş.Mişelin “Qarabağ” sözündən istifadə etməsi Azərbaycanın ərazi-inzibati quruluşunun Aİ tərəfindən qəbul edilməsinin göstəricisidir. Etnik ermənilərin təhlükəsizlik və hüquqlarının təmin edilməsi məsələsinə gəldikdə isə bildirməliyik ki, Azərbaycan heç vaxt ermənilərin hüquqlarını məhdudlaşdıracağını bəyan etməyib. Əksinə Azərbaycan daima bildirib ki, Qarabağda yaşayan etnik ermənilər beynəlxalq hüquqa görə Azərbaycan vətəndaşlarıdır. Qısası, bəyanatda ermənilərin öz xeyrinə yoza biləcəyi məqamlar da əslində Azərbaycan gündəliyinin sətiraltı əksidir”.


Müəllif: Tapdıq Qurbanlı