Dövlət başçısının Fərman və Sərəncamları əsasında yaranan Yaşat Fondu, Vahid Əlaqələndirmə Mərkəzi, pensiya və təqaüdlərin artırılması şəhid ailələrinin, qazilərin ehtiyaclarının ödənilməsi üçün vacib addımlardır. Birdəfəlik sığorta yardımlarının hamıya verilməsi də bu qəbildəndir. Bu günə qədər 3 mindən çox şəhid ailəsi, qazilərin mənzillərlə təmin edilməsinə nail olunub. Eyni zamanda müalicə və reablitasiya işləri həyata keçirilib. Motorlu və mexaniki əlil arabaları, fərdi minik vasitələri ilə təqdim edilib.
Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.
O qeyd edib ki, həssas kateqoriyadan olan insanlara, ölkədə müalicəsi mümkün olmayan xəstələrin xaricdə müalicəsinin həyata keçirilməsi, müxtəlif səviyyələrdə onlara diqqət və qayğı var:
“Həmçinin bu kateqoriyadan olan insanlara torpaq sahələrinin ayrılması, iş yerləri ilə təminat baxımından müsbət nəticələr var. Ötən ildən dövlət başçısının tapşırığı ilə xüsusi məşğulluq marafonu elan edilib. Bu marafon çərçivəsində 2500-ə qədər şəhid ailəsi və Qarabağ qazisi işlə təmin olunub. Hər il 7-8 min bu qəbildən olan insanlar özünüməşğulluq proqramlarına cəlb edilir. Bütün bunlar dövlətin apardığı siyasətin bariz nümunəsidir. Şəhid ailələri, qazilər, cəmiyyətimiz də bu siyasətdən razıdır”.
Millət vəkili hesab edir ki, bu işlər tək dövlətin üzərinə də qoyulmalı deyil: “Cəmiyyət olaraq da bu kateqoriyadan olan insanlara borcluyuq. Hər birimiz bu insanlara öz imkanlarımız daxilində kömək etməliyik. Onların maddi, sosial, psixoloji, mənəvi və digər problemlərinin həlllinə nail olmalıyıq. Azərbaycanda yüz minlərlə özəl iş yerləri, irili-xırdalı müəssisələr var. Bu müəssisələrin hər biri şəhid ailəsini, qazini himayə etsə, iş yeri ilə təklif etsə, cəmiyyətin bunu müsbət qarşılayar”.
Musa Quliyev görə, bu gün bəzi hallarda sosial şəbəkələrdə başqa bir mənzərinin şahidi oluruq: “Amma sosial şəbəkələrdə səslənən fikirlər cəmiyyətin ümumi mövqeyini əks etdirmir. Bu qısa kəsimin, bəzi hallarda müəyyən qrupların maraqlarının ifadəsi kimi qiymətləndirilə bilər”.