Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elman müəllim, 10 noyabr razılaşmasından sonra Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda heç bir irəliləyişə nail olunmamışdı. Son Brüssel müzakirələrini bu baxımdan necə qiymətləndirirsiniz?
- Brüsseldə keçirilən görüş Azərbaycanla Ermənistan arasında sülh və danışıqların aparılması müstəvisində müəyyən irəliləyişlərə səbəb oldu. Dövlət başçısı da bununla bağlı fikirlərini ifadə etdi. Artıq o deməkdir ki, proses irəliləməkdədir. Burada Zəngəzur dəhlizinin açılması, dəmir və avtomobil yolu ilə bağlı, kommunikasiya, sərhədlərin delimitasiya, demarkasiyası ilə bağlı konkret məqamlar yer alıb. 10 noyabr 2020-ci il razılaşmasında əksini tapan bir sıra müddəalar bu günə qədər Ermənistan tərəfindən icra edilmirdi. Bununla bağlı qarşı tərəfdən heç bir addım atılmayıb. Sanki BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı 4 məlum qətnaməsinin aqibətinə oxşar bir durum yaranmışdı. Amma Brüsseldə baş tutan üçüncü görüşdən sonra proses artıq başlayıb.
- 30 ildən artıq münaqişə tərəfi olmuş dövlətlərin qısa zamanda sülh müstəvisində konkret nəticə əldə edəcəyinə ümidlər varmı?
- Görünən odur ki, buna qarşı da meneələr çoxdur. Xüsusilə Ermənistan tərəfindən müəyyən qüvvələr prosesi ləngitməyə, razılaşmaları pozmağa, problem yaratmağa çalışır. Ermənistanda belə qüvvələrin haradan koordinasiya edildiyi məlumdur. Məqsədli edilən addımlardır. Brüsseldən öncə Moskvada bu cür qərarlar qəbul edilib. ABŞ Prezidenti C.Baydenin Prezident İlham Əliyevə Respublika günü ilə bağlı ünvanladığı təbrik məktubunda Cənubi Qafqazda dayanıqlı sülhün yaradılmasında maraqlı olduğu ifadə edilib. Həmçinin ABŞ Azərbaycanla Ermənistan arasında əməkdaşlığın formalaşması üçün töhfə veməyə hazır olduğunu bəyan edib. Ona görə də məğlub bir dövlətin bundan sonra heç bir halda cığallıq etməsinin mənası yoxdur.
- Qarabağda hələ də yaşayan ermənilərlə bağlı hüquq və təhlükəsizlik məsələsi gündəmə gətirilir. Brüssel görüşünün yekunu olaraq açıqlanan bəyanatda da bu fikirlər yer almışdı...
- Bu fikirlərə Ermənistanda olan hərbi canilər qarşı çıxmaqdansa, Qarabağda yaşayan ermənilərə Azərbaycan Konstitusiyasını oxumağı məsləhət görsünlər. Özləri də bizim əsas qanunumuzu öyrənsilər. Çünki bu onların sonrakı davranışları üçün çox vacibdir. Azərbaycan Konstitusiyasında qeyd edilir ki, ölkəmizdə yaşayan bütün vətəndaşlar dilinindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlara malikdir. Ölkə ərazisində yaşayan bütün insanların təhlükəsizliyinə təminat var və onların hüquqları qorunur. Azərbaycan çox millətli bir dövlət kimi bu gün bütün dünyada mültikulturalizmin başlıca örnəyi kimi nümunədir. Ermənilərə ayrıca nəsə bir üstünlük vermək isə mümkün deyil. Çünki onlar da adi insanlardır. Digər insanlardan onlar heç bir üstünlüyə malik deyil. Ona görə də onlara hansısa bir xüsusi qaydaların olması mümkün deyil.
- Zəngəzur dəhlizi ilə bağlı erməni tərəfinin “iddiaları” var. Maneəsiz hərəkətin mümkünsüzlüyündən danışılır. Amma 10 noyabr razılaşmasının 9-cu bəndində maneəsiz və təhlükəsiz hərəkət məsələsi əksini tapıb. Belə olan halda Zəngəzur dəhlizinə tətbiq ediləcək qaydalarla Laçın dəhlizi arasında bir analogiya aparıla bilərmi?
- Bu sözsüz ki, ermənilərin fikridir. Bunu onlar deyir. Amma bütün müharibələrin sonunda məğlubla qalib arasındakı danışıqlarda şərtləri zəfər qazanmış tərəf diktə edir. Məğlub tərəfin bizimlə hansısa şərtlə danışmağa ixtiyarı yoxdur. Post-müharibə dövründə Laçın dəhlizi adlanan bir dəhliz yaradılıb. Burada da ermənilərin gediş-gəlişi üçün heç bir maneə yoxdur. Belə olan halda Zəngəzur dəhlizində hansı şərtlərdən, maneələrdən danışmaq olar. Bu o vəziyyəti yarada bilər ki, Azərbaycan Laçın dəhlizində özünün inzibatı resurslarını formalaşdırsın. Sərhədin girişində də Azərbaycanın Dövlət Sərhəd Xidmətinin əməkdaşları yerləşdirilsin. Başqa dövlətlərlə gediş-geliş necə təmin olunursa, həmin şərtlər burada da olsun. Ona görə də bu gün ermənilərin mülahizələrinə fikir vermək lazım deyil. Ortada imzalanmış ciddi sənədlər, razılaşmalar, beynəlxalq qayda-qanunlar var. Ermənilərin bu gün Avropa İttifaqı kimi nüfuzlu bir təşkilatın qarşısında özünün absurd şərtləri ilə çıxış etməsi tamamilə uğursuz və məntiqsizdir. Burada Rusiyanın imza atdığı sənədlərə qarşı da hörmətsizlik var.