Politoloq Ramiyə Məmmədovanın Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveç Türkiyənin veto maneəsinə ilişib. Türkiyənin bunun qarşılığında konkret şərtləri var. Sizcə, hər iki ölkə bu şərtləri yerinə yetirəcəkmi?
- Məlumdur ki, hər iki ölkə, xüsusən də İsveç PKK terrorçularına dəstək verir. Türkiyə konkret şərt qoyub ki, həmin ölkələrdə gizlənən PKK-çılar Ankaraya verilməlidir. Finlandiya və İsveç isə bundan yayınır. Üstəgəl, illərdir PKK terrorçularına həm maddi, həm də hərbi yardım göstərirlər. Bu iki ölkə ilə yanaşı, NATO-da Türkiyənin müttəfiqi olan ABŞ və bir sıra Avropa dövlətləri də PKK-ya hər cür dəstək verirlər. Həmin dövlətlər ortaya atdıqları “kürd məsələsi”ndən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. PKK və digər terrorçu qruplaşmaları da “kürd məsələsi” adı altında himayəyə götürüblər. Çünki onlar terrorçuların regionda güclənən Türkiyəyə hansı problemləri yaratdıqlarını yaxşı bilirlər. Türkiyə də bölgədə terrorizmin kökünü kəsmək üçün antiterror əməliyyatları keçirməyə və buna böyük pullar xərcləməyə məcbur olur. Halbuki həmin pulları sənaye və digər sahələrin inkişafına yönəltmək olardı. Bir sıra Qərb dövlətləri də bunun qarşısını almaq və Türkiyənin başını özünə qatmaq üçün terrorçuları himayə edirlər.
Qərb dövlətləri Türkiyəyə qarşı həmlələrini bir qədər də irəli aparmaq üçün bölgədə “kürd dövləti”nin qurulması ideyasını da gündəmdə saxlamağa çalışırlar. Amma Türkiyə qonşuluğunda terrorçu dövlətin yaranmasına imkan vermək istəmir və verməyəcək. Çünki belə bir ssenarinin həyata keçməsi Türkiyə daxilində də ciddi təhlükəsizlik problemləri yarada, separatizmin yenidən baş qaldırmasına gətirib çıxara bilər. Bu dövlətlər NATO-da Türkiyənin müttəfiqləri olmalarına baxmayaraq, bu ölkəyə təhdid yaradan terrorçulara dəstək verirlər.
Bir sözlə, İsveç və Finlandiya NATO-da Türkiyənin müttəfiqi olmaq istəyirlərsə, onunla normal münasibətlər qurmalı və haqlı tələblərini yerinə yetirməlidirlər. Amma biz bunun əksini görürük. Uzun müddətdir ki, bu iki ölkə ilə Türkiyə arasında PKK söhbəti gedir. Həm Ərdoğan, həm də Çavuşoğlunun çağırışına baxmayaraq, İsveç və Finlandiya terrorçuları Ankaraya vermək istəmirlər. Hesab edirəm ki, bu kimi səbəblərdən NATO-ya üzvlük prosesi uzanacaq. Türkiyənin əlində yaxşı fürsətləri var ki, bu ölkələrlə yanaşı, NATO və ABŞ-dan da istədiklərini ala bilsin. Çünki İsveç və Finlandiyanın alyansa qoşulmasını ilk növbədə Amerika istəyir. Ona görə ki, bu halda NATO-nun sərhədləri Rusiyaya qədər uzanacaq. Bu da həm NATO, həm də ABŞ-a Rusiya sərhədlərində hərbi cəhətdən möhkəmlənməyə imkan verəcək. Amma hazırkı situasiyada İsveç və Finlandiyanın Türkiyənin şərtlərini yerinə yetirəcəyi çətin görünür. Çünki bu ölkələrin həmin şərtlərdən yayınmasında ABŞ-ın da rolu var.
- Ehtimal edə bilərik ki, Finlandiya və İsveç Türkiyə ilə məsələləri yoluna qoyacaq. Bəs bu halda Rusiyanın qonşularının NATO üzvlüyünə reaksiyası necə ola bilər?
- İsveç və Finlandiya Rusiyanın qonşuluğunda yerləşən ölkələrdir. Yəni Rusiya NATO qüvvələrinin onun sərhədlərində yerləşməsi ilə razılaşmayacaq. Rusiya Ukraynaya da bu ölkə NATO üzvü olmasın deyə hücum edib. Müharibədən əvvəl Moskvadan bu yöndə Kiyevə dəfələrlə xəbərdarlıq olunmuşdu. Bu baxımdan, baş verənlər təkcə Rusiya-Ukrayna yox, həm də Rusiya-NATO və Rusiya-ABŞ savaşıdır. Hesab edirəm ki, Ukraynanı bu oyunun içinə ABŞ və bir sıra digər Qərb dövlətləri saldılar.
Finlandiya və İsveçə gəldikdə, Rusiya buna da ciddi təpki verəcək. Məlumdur ki, Rusiya və Finlandiya arasında ada mübahisəsi var. Rusiya bəyan edib ki, əgər Finlandiya NATO-ya üzv olsa, ada məsələsi masaya qoyulacaq. Rusiya bununla o mesajı verir ki, hazırda Finlandiyada olan həmin adamları ələ keçirə bilər. Buna Rusiyanın Finlandiyaya qarşı ərazi iddiası kimi baxmaq olar. Bir sözlə, Rusiya NATO-ya üzv olmaq istəyən Finlandiyanı ərazilərinə hərbi müdaxilə ilə hədələyir. Yəni Finlandiyanın Rusiya ilə üz-üzə qalması ehtimalı yüksəkdir. Hələ ki, Rusiyanın başı Ukraynada qarışıb, amma Moskvadan verilən açıqlamlardan görünən budur ki, xüsusən də Finlandiyanın NATO yönündə atacağı addıma cavab veriləcək.
- Rusiyanın Ukraynaya işğalçı hücumundan sonra Üçüncü Dünya Müharibəsi ehtimalı gündəmdədir. Çinin hücum edəcəyi gözlənilən Tayvana ABŞ-ın hərbi dəstək vədi bu ehtimalı bir qədər də artırır. Siz bu haqda nə düşünürsünüz: bu ehtimal nə qədər realdır?
- Rusiya illərdir Ukraynaya qarşı savaşa hazırlaşırdı. Rusiya da bunu onunla əlaqələndirir ki, Ukraynada qərbpərəstlər hakimiyyətdir və onların siyasəti Moskvaya qarşı yönəlib. ABŞ da Ukraynada Rusiyaya qarşı oyun qurmaqda ittiham edilirdi. Bu gəlişmələrdən sonra Krım ilhaq edildi, Donetsk və Luqanskdakı separatçılar “müstəqilliklərini” elan etdilər. Ukrayna bölündü. Rusiya Ukraynanın ondan uzaqlaşaraq NATO və Avropa Birliyinə yönəlməsini qəbul etmədi, bunun nəticəsidir ki, Ukraynada başlayan savaş dördüncü aya keçir. Bu, Qərblə Rusiya arasındakı geosiyasi mübarizənin nəticəsidir. Bunun ağrısını da Ukrayna çəkir.
Üçüncü Dünya Müharibəsinə gəldikdə, hələlik bunu mümkün hesab etmirəm. İkinci Dünya Müharibəsindən əvvəl ortada bir Polşa məsələsi vardı. O vaxt Hitler Stalindən daha tez tərpənərək, Polşanı ələ keçirdi. Dünya müharibəsi də Polşadan başladı. Tayvana gəldikdə, bu, bir qədər Ukrayna məsələsinə oxşayır. Amerika illərlə Ukraynanı bugünkü duruma gətirmək üçün çalışırdı. Nəticədə Ukrayna və Rusiyanı bir-birinə düşmən etdi. ABŞ indi Çinə qarşı Tayvan məsələsini qızışdırır. Ukrayna da Qərbə və ya ABŞ-a inanmışdı. Ümid edirdi ki, Rusiya ilə müharibə başlasa, istədiyi dəstəyi alacaq, amma indi vəd olunan yardımın heç biri yoxdur. Bunu Zelenski də dəfələrlə deyib.
ABŞ-ın Tayvan məsələsi üzərindən də hədəfləri var. Amerika böyük iqtisadi güc olan Çini yıxmaq üçün “Tayvan kartı”ndan istifadə edir. Bütün bunlar ABŞ-ın birqütblü dünya nizamı qurmaq üçün yürütdüyü siyasətin nəticələridir. İndi bu oyundan necə çıxacağı Çin rəhbərliyinin səriştəsinə qalıb ki, həm Rusiya, həm də Ukraynanın səhvlərini təkrarlamasın.
- Ermənistan və Azərbaycan arasındakı son gəlişmələr haqda fikriniz necədir? Artıq sərhəd məsələsi ilə əlaqədar ilk addım atılıb, tərəflər arasında görüş keçirilib. Sizcə, prosesin yekununda konkret anlaşma əldə edilə bilərmi?
- Əvvəla, onu deyim ki, Ermənistan daxilində vəziyyət getdikcə gərginləşir. Müxalifət bir aya yaxındır Nikol Paşinyana qarşı etiraz aksiyaları keçirir. Təbii ki, həmin radikal qüvvələr Rusiyanın dəstəyi ilə fəallaşıblar. Buna Rusiyanın Ermənistan və Azərbaycan arasındakı mövcud gərginliyi saxlamaq səyləri kimi də baxmaq olar. Rusiya sülhyaratma prosesini ləngitmək üçün daxildə Paşinyana qarşı təzyiqləri artırıb. Bölgəyə təsir rıçaqlarını əlində saxlamaq istəyən Rusiya Azərbaycan və Ermənistanın sülh masası arxasında oturmasını və qalan məsələlərin belə asanlıqla həll olunmasını istəmir. Təbii ki, digər xarici ölkələrdəki lobbilərin fəaliyyətlərini də unutmaq olmaz. Bir sözlə, kənardan gələn tapşırıqla Ermənistanda ara qarışıb. Amma bütün bunlara baxmayaraq, iki ölkənin sərhəd komissiyaları delimitasiya və demarkasiya ilə bağlı ilk görüşü keçiriblər. Proses bir müddət gedəcək.
Sülh müqaviləsinə gəldikdə, bundan əvvəl sərhədlərlə yanaşı, anklav məsələsi də həll olunmalıdır. Eyni zamanda, Xankəndi və ətrafında yaşayan etnik ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Bütün bu məsələlərin həllindən sonra sülhdən danışmaq olar. Məlumdur ki, Ermənistan rəhbərliyi hələ də “status” məsələsini qaldırır. Amma ermənilərin buna nail olacaqlarını düşünmürəm. Çünki bu, Azərbaycan tərəfindən qəbuledilməzdir. Artıq Qarabağ münaqişəsi yoxdur, bu, bizim üçün həll olunmuş məsələdir. Yerdə qalan məsələlər də tədricən həllini tapacaq. Proses bir müddət gedəcək və bu müddətdə hər şey yerbəyer olacaq.