Azərbaycan xalqı 28 May Müstəqillik Gününü böyük təntənə ilə qeyd edir. 1918-ci ilin 28 Mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Xalq Cümhuriyyəti müsəlman Şərqində yaradılan ilk demokratik respublikadır, cəmi 23 ay yaşamasına baxmayaraq, adı milli tariximizə qızıl hərflərlə yazılıb. 1991-ci ildə isə dövlət müstəqilliyimiz bərpa olundu. Ümummilli liderimiz Heydər Əliyevin bəyan etdiyi kimi Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir.
Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir: “Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin irsinin qorunması və yaşadılması üçün müstəsna xidmətlər göstərib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin sessiyasında Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılıb və Naxçıvan MR-nın dövlət bayrağı kimi rəsmiləşdirilib.
Eyni zamanda Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılıb. Məhz bundan sonra o dövrdəki Azərbaycan rəhbərliyi 1991-ci il fevralın 5-də üçrəngli bayrağımızı dövlət bayrağı kimi təsbit etməyə məcbur oldu. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra isə Xalq Cümhuriyyətinin irsinin öyrənilməsi ilə bağlı müxtəlif qərarlar verdi, bu istiqamətdə çoxsaylı elmi tədiqiqatlar aparıldı, tarixi əsərlər yazıldı.
1 fevral 2003-cü il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” Sərəncam imzaladı. 2007-ci il 25 may tarixində isə İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin Prezident İlham Əliyev tərəfindən açılışı gerçəkləşdi”.
Millət vəkili 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi də cümhuriyyət irsinə, onun qurucularına böyük ehtiramın nümunəsi olduğunu söyləyib: “Artıq ikinci ildir ki, Müstəqillik Gününü ərazi bütövlüyünün bərpa olunması şəraitində qeyd edirik.
Dünya ölkələrinin başçılarının 28 May Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlamaları respublikamızın və onun Liderinin beynəlxalq miqyasda nüfuzunun artmasını əyani şəkildə təsdiqləyir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradır. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək”.