15 İyun 2022 20:00
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin yeni mərhələsinin başlanğıcı olan Şuşa Bəyannaməsinin imzalanmasından 1 il ötür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfəri və burada Prezident İlham Əliyevlə birlikdə Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında Birgə Bəyannaməni imzalaması bölgə miqyasında ən əlamətdar tarixi və siyasi hadisədir. Tarixi Qələbə ilə başa çatmış 44 günlük ikinci Qarabağ müharibəsindən sonra Cənubu Qafqazda yaranmış yeni reallıqlar fonunda imzalanan bu sənəd Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının sarsılmaz olduğunu bir daha dünyaya bəyan etdi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, Şuşa Bəyannaməsinin 15 İyun Milli Qurtuluş Günündə imzalanmış olması xüsusilə rəmzi məna daşıyır: “15 İyun Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi olduğu və yeni bir dövr başladığı kimi, 2021-ci il 15 İyundan artıq Türkiyə-Azərbaycan münasibətlərində keyfiyyətcə yeni bir dövr başlanıb. Artıq Azərbaycan xalqı 15 İyunda iki bayramı birlikdə qeyd edir. İmzalanmış bu Bəyannamə böyük bir tarixə əsaslanır.

Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdi ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev dedi ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu mənada XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması bu yanaşma və fəlsəfənin əbədiləşdirilməsinin təcəssümüdür”.

Deputat bildirib ki, Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan münasibətlərini rəsmən müttəfiqlik zirvəsinə ucaltdı: “Bu sənəddə bir çox məqamlar öz əksini tapıb ki, bu sahələr də olduqca strateji önəm daşıyır. Müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Ancaq burada nəzərdə tutulan məqamlardan ən əsası hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və s.

Çünki hazırda Türkiyənin hərbi gücü bütün dünyanın diqqətini cəlb edir. Biz isə belə bir ölkə ilə həm müttəfiq, həm də qardaşıq. Bu bizim də istər-istəməz hərbi gücümüzə müəyyən təsir edəcək. Türkiyədən alınan hərbi texnikalar 44 günlük Vətən müharibəsində də gördüyümüz kimi müasir texnologiyaların ən öndə gedən formalarındandır. Bu baxımdan qardaş ölkənin həm müasir silahlarından, həm də təcrübəsindən yararlanmaq düşünürəm ki, Azərbaycanın gücünə güc qatacaq”.

Millət vəkilinə görə, hər bir sahədə olduğu kimi azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur: “Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaq. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaq. Əlbəttə, burada Zəngəzur dəhlizinin əhəmiyyətini xüsusilə qeyd etməliyik.

Zəngəzur dəhlizi dünya və xüsusilə də, region üçün böyük geosiyasi önəm daşıyır. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir”.

Tamam Cəfərova hesab edir ki, tarixi Şuşa Bəyannaməsi iki qardaş ölkənin siyasi, diplomatik və iqtisadi uğurudur: “Bu mənada iki qardaş dövlətin birliyi və strateji tərəfdaşlığı, dünya üçün nümunə olmaqla yanaşı regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir”.


Müəllif: Tapdıq Qurbanlı