22 İyun 2022 12:42
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Özbəkistana getməsi adi protikol səfəri deyil. Bu, dünyada yeni yaranmış geosiyasi hadislər fonunda xüsusi hədəflərə hesablanmış tarixi bir hadisədir. Səfər təkcə Azərbaycan-Özbəkistan əlaqələrini tamamilə yeni və strateji tərəfəfdaşlıq mərhələsinə yüksəltmir. Eyni zamanda Türk dünyasının inteqrasiyası və güclənməsi üçün real imkanlar yaradır.

Bunu Teleqraf.com-a Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev deyib.

Onun fikrincə, Qarabağın bərpası işində Türkiyədən sonra qardaş köməyinə gələn məhz Özbəkistandır:

“Bildiyiniz kimi, Özbəkistan işğaldan azad edilmiş Füzuli şəhərində hədiyyə kimi məktəb tikir və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır. Prezident İlham Əliyev dünən Daşkənddə bunu çox yüksək qiymətləndirdi. Bildirdi ki, bu bizə verilmiş ilk belə böyük hədiyyədir, bu hədiyyə bizim qardaşlığımızın rəmzi olacaq, yüzilliklər boyu Azərbaycan xalqının qəlbində yaşayacaq”.

Millət vəkili bildirib ki, Özbəkistan torpaqlarını işğaldan azad edən Azərbaycanı ilk və ürəkdən təbrik edən ölkələrdəndir:

“Ulu öndər Heydər Əliyevin irsinə və onun sovetlər dönəmində Özbəkistan üçün etdiklərinə hörmət əlaməti olaraq Daşkənddə Heydər Əliyev Meydanı yaradılıb. Meydanın mərkəzində Ulu Öndərin böyük memorial kompleksinin ucaldılması isə bizim dostluq və qardaşlığımızın növbəti simvollarından birinə çevriləcək”.

Azay Quliyev səfər zamanı çox mühüm razılaşmaların imzalanmasına diqqəti çəkib:

“İki ölkə arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş, Xarici İşlər Nazirlikləri arasında 2022-2024-ci illər üzrə əməkdaşlıq proqramının təsdiq edilməsi mühüm önəm kəsb edir. Eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarının artırılması, iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiyaların genişləndirilməsi haqqında razılaşmanı xüsusi qeyd etmək lazımdır. Çox istərdik ki, Mərkəzi Asiyanın digər qardaş dövlətləri də Özbəkistandan nümunə götürərək XXI əsrdə Türk dünyasının qələbə rəmzinə çevrilən Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və dirçəldilməsi işinə qoşulsunlar. Beləliklə, Türk dövlətlərinin sürətli inteqrasiyasi və birliyi üçün daha fəal olsunlar”.


Müəllif: Tapdıq Qurbanlı