24 İyun 2022 00:01
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elxan bəy, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakıya səfəri başlayıb. Türkiyə, Ermənistana səfərdən sonra Azərbaycana gələn Lavrovun gündəmində hansı məsələlər var?

- Əslində bu səfərdə müzakirə ediləcək mövzullar bəllidir. Ermənistan-Azərbaycan arasındakı danışıqların indiki vəziyyəti, sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşməsi kimi məsələlər müzakirə olunacaq. Bu məsələlərin əslində heç birində irəliləyiş yoxdur. S.Lavrovun da Azərbaycan səfəri heç vaxt faydalı olmayıb. Bu sadəcə olaraq səfər xatirinə səfərlər olub. Ona görə də bu səfərdən bir nəticə gözlənilmir. Təəssüf ki, Rusiyadakı qərarverən mərkəzlər Cənubi Qafqazda sülh quruculuğu üçün kifayət qədər enerji xərcləmir. Əksinə olaraq Rusiyada müəyyən mərkəzlər yenə də erməni separatçılarını dəstəkləməkdə davam edir. S.Lavrov da həmin mərkəzlərin maraqlarına xidmət edir.

- Sülh prosesi gecikir. Azərbaycanın da mövqeyi bu prosesin uzanmasına qarşıdır. Ölkəmizin də Ermənistanın iddialarına qarşı da öz tələbləri, əks arqumentləri var. İndiki halda bu yanaşmalar nə qədər təsirli görünür?

- Rusiya tərəfi onsuzda Zəngəzur dəhlizinin açılması üçün Ermənistan hakimiyyətinə heç bir təsir etmir. Ona görə də bu məsələlər yenə də öz üzərimizə düşür. Necə ki, 30 illik mənasız danışıqlardan sonra anladıq və qərar verdik ki, ancaq hərb yolu ilə məsələni həll edə bilərik, nəticədə də 44 günlük müharibə apardıq və qalib olduq. Eyni ilə bu məsələ də də özümüz hərəkətə keçməliyik. Dövlət başçısı da sözsüz ki, haqlıdır. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa və iddiaları olacaqsa, “Dağlıq Qarabağ və “status” məsələsini gündəmdə saxlamağa çalışacaqsa ölkəmiz də öz növbəsində Ermənistanın ərazi bütövlüyünü tanımayacq. Belə olan halda Zəngəzurla bağlı iddialar ortaya qoyula bilər. Bunu Rusiya tərəfi də anlamalıdır. Ermənistan bizimlə sülhə hazır deyilsə, bölgədə yenidən müharibə başlaya bilər.

- Regionda sülh məsələsində Qərblə sanki bir yarışa qatılan Rusiya prosesin irəliləməsində nə dərəcədə təsirli addım ata biləcək?

- Bu məsələdə Rusiyanın Azərbaycana təsiri ola bilməz. Azərbaycan müstəqil xarici siyasət yürüdür. Ölkəmiz Türkiyə ilə hərbi ittifaq yaratmaqla yanaşı, Avropa İttifaqı və ABŞ-la da sıx əməkdaşlıq edir. Avropa İttifaqında görüşlər keçirilir. Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında son bir ildə ən vacib görüşlər məhz Brüsseldə keçirilib. Bu qərarlar Azərbaycan həmçinin Ermənistan üçün də faydalıdır. Ola bilsin ki, bu, Rusiyadakı müəyyən mərkəzlərin narazlığına səbəb olur. ABŞ-la bağlı da müəyyən mülahizələr yürütmək olar. Çünki ABŞ dövlət katibinin köməkçisinin bölgəyə son səfəri zamanı ATƏT-in Minsk qrupu haqqında açıqlaması ciddi iradlar yaratdı. Azərbaycan yenidən ATƏT-in Minsk qrupunun fəaliyyətə başlamasını istəmir. Bunu heç Rusiya da arzulamır. Rusiya-Ukrayna müharibəsinə görə, bu ölkə Fransa və ABŞ-ın sanksiyaları ilə üz-üzədir. Ona görə də Rusiya, Amerika, Avropa arasında Cənubi Qafqaz uğrunda bir yarış gedir. Bu yarışda biz o istiqamətə üstünlük veririk ki, həqiqətən Azərbaycanın ərazi bütövlüyünə dəstək olur və bölgədə sülh, əmin-amanlıq, ortaq əməkdaşlıq istəyir. Kim buna dəstək versə, biz də o qrupla daha çox əməkdaşlıq edəcəyik.

- Ermənistanda Rusiyaya bağlı radikal-revanşist müxalifətin lideri Artur Vanetsyan iki gün öncə deputat mandatından imtina etdi. O, Nikol Paşinyanı devirmək üçün başqa yola əl atacağını açıqladı. Sizcə, 2 ay əsas məqsədinə çata bilməyən radikal qüvvələr indi taktikanı dəyişməklə necə “uğur” əldə edəcəklərini zənn edirlər?

- Ermənistan müxalifəti təxminən iki ay Nikol Paşinyanı devirmək üçün küçə mitinqləri həyata keçirdi. Amma alınmadı. Nəticə özləri üçün də mənfi oldu. Çünki N.Paşinyanı küçədə devirə bilmədilər. Əslində Paşinyanın mövqeləri bu mənada daha da gücləndi. Bu, Azərbaycanın da maraqlarına xidmət edir ki, Paşinyanla danışıqları davam etdirə bilək. Amma bu o demək deyil ki, Paşinyan devrilib müxalifət hakimiyyətə gəlsə, biz nəsə itirəcəyik. Əksinə bununla Azərbaycan özü üçün yarımçıq qalmış işlərini də bitirə bilər. Əgər Ermənistan müxalifəti əvvəlki bəyanatlardan imtina edərsə, bu hal baş verəcək. Sadəcə olaraq seçki yolu ilə hakimiyyətə gələ bilməyən erməni müxalifəti küçə mübarizəsi ilə də uğur qazana bilmədi. Bu baxımdan müxalifət arasında da ixtilaf yaranıb. Bəziləri parlamenti tərk edir, bir çoxları isə orada qalır. Ona görə də müxalifət ciddi dərin böhran içərisində qalıb. Artıq Paşinyana daxilindən elə bir ciddi təhlükə görünmür. Bu da ona imkan verir ki, Azərbaycanla danışıqları dərinləşdirsin. Amma çox təəssüf ki, Paşinyan verdiyi vədləri də icra etmir. O bir tərəfdən deyir ki, “status” məsələsi önəmli deyil. Digər tərəfdən isə sülh sazişi və Azərbaycanın ərazi bütövlüyü tanınması istiqamətində ləng tərpənir. O ləng tərpəndikcə bölgədə gərginlik artır. Əslində Paşinyanın əlində bu cür imkanlar varkən məsələni uzatması ona fayda gətirməyəcək. Bununla da bölgədə vəziyyət gərginləşəcək. Nə qədər ki, Ermənistan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımayıb, bu gərginlik davam edəcək.

- Erməni tərəfinin rus sülhməramlılarının Azərbaycan ərazisində daimi qalması ilə bağlı iddiaları nə dərəcədə reallığa əsaslanır?

- Paşinyan ona ümid edir ki, rusiyalı sülhməramlılar burada əbədi qalacaq. Əslində belə deyil. Onların buradan çıxması üçün 3 il yarım müddəti qalıb. Biz istəməsək, onlar bölgəni tərk etməlidir. Çünki 2020-ci ilin 10 noyabr Bəyanatının bəndində yazılıb ki, tərəflərdən biri 6 ay qalmış desə ki, rus hərbçilərinə artıq ehtiyac yoxdur, onlar bu bölgəni tərk etməli olacaqlar. Biz istəməyəndən sonra onlar zorla burada qala bilməzlər. Bunu ermənilər də dərk etməlidir. Ruslar buranı tərk etdikdən sonra biz çox rahatlıqla Qarabağın qalan hissəsində suverenliyimizi təmin edəcəyik və orada Azərbaycan qanunları işləyəcək. Kim Azərbaycan qanunları ilə yaşamaq istəməyəcəksə, gərək bizim ərazini tərk etsin. Bunu istəyən emənilər dinc şəraitdə yaşaya bilər. Onlar birmənalı olaraq Azərbaycan qanunlarını qəbul etməlidir.

- Sizcə, sülh yoxdursa və yaxud proses getdikcə uzanırsa, müharibə riski nə qədər real görünür?

- Rus sülhməramlılarının Qarabağda olması fonunda burada böyük müharibədən danışmaq çətindir. Amma burada söhbət Qarabağdan yox Ermənistandan gedir ki, bu dövlət sülh məsələləsini uzadır. Azərbaycan Prezidenti də Zəngəzurla bağlı ciddi fikirlər söylədi. Məsələ odur ki, iki dövlət arasında sərhəd məsələsi həll olunmalıdır. Delimitasiya və demarkasiya məsələsi yoluna qoyulmalıdır. Bu günlərdə Laçın dəhlizinə alternativ çəkilən yolun da hazır olacağı gözlənilir. Laçın dəhlizi də Azərbaycanın nəzarətinə keçəcək. Bu yolda Azərbaycan sərhəd və gömrük xidməti yaratdıqdan sonra artıq separatizmin imkanları daha da məhdudlaşacaq. Bu onu göstərir ki, Azərbaycan addım-addım öz hədəflərinə çatır. Ermənilər isə bunu gec başa düşürlər. Onlar elə bilirlər ki, separatçılıqlarını davam etdirəcəklər. Amma inanmırlar ki, artıq nəfəslikləri də bağlanır.

- Zəngəzurla Laçın dəhlizi arasında parallelik aparılması məsələsi hansı halda gündəmə gələ bilər?

- Prezident İlham Əliyevin də mövqeyi məhz bundan ibarətdir ki, Zəngəzurda nə olacaqsa, Laçın istiqamətində də o olacaq. Zəngəzurda onlar Azərbaycana dəhliz vermədikdən sonra biz niyə onlara ölkə ərazisində dəhliz verək? Onların gömrük və sərhəd xidməti bizim Qərbi Zəngəzurdan keçən vətəndaşları yoxlayacaqsa, erməniləri öz sərhədlərimizdən keçən zaman yoxlamamalıyıq? Biz də bunu etməliyik. Guya Ermənistan tərəfi 2020-ci ilin Bəyanatlarını yerinə yetirib? Belə olan halda Azərbaycan niyə bütün bəndlər üzrə məsələlari icra etməlidir? Ona görə də bizim bir dövlət olaraq tam ixtiyarımız çatır ki, sərhədlərimizdə sərhəd və gömrük xidmətlərini yaradaq.


Müəllif: Tapdıq Qurbanlı