24 İyun 2022 09:23
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əslində dünyanın bir nöqtəsində baş verən müharibənin, təbii fəlakətin, böyük olayların dünyanın digər yerlərinə də təsiri olur. Bu baxımdan Rusiya və Ukrayna ilə uzun müddət birgə olmuşuq, hər ikisində azərbaycanlılar yaşayır, onlar bu ölkələrin vətəndaşlarıdırlarsa, istər-istəməz üz-üzə qalır. Rusiya da bu müharibəni daha çox Şimali Qafqaz, türk respublikalarından olanlar aparır. Bunun Azərbaycana aidiyyatı olmasa da, faktdır”.

Bu fikirləri Teleqraf.com-a xalq şairi, deputat Sabir Rüstəmxanlı deyib.

Sabir Rüstəmxanlı Rusiya və Ukrayna vətəndaşı olan azərbaycanlıların bu müharibəyə qatıldıqlarını vurğulayıb: "Ukaynada olan azərbaycanlılar da savaşda iştirak edirlər, onların içərisində həlak olanlar, Ukrayna qəhramanı elan olunanlar da var. Yəni bu müharibənin Azərbaycana belə şəkildə ciddi təsiri var".

O əlavə edib ki, bizim Ukrayna ilə yaxın və sıx münasibətlərimiz var: “Qarabağ savaşında bizə yardım edirdilər, güvəndiyimiz dost ölkələrdən biridir. Rusiya da yaxın qonşumuzdur, müharibə başlamazdan əvvəl bir çox sahələri əhatə edən müqavilə imzaladıq. Ona görə də, bu ölkələrdə sakitlik Azərbaycanın mövqelərini bərkidir. Moskvada bağladığımız müqavilə Azərbaycanın Qarabağda mövqelərini möhkəmlətməyə xidmət edir. Ümid edirəm ki, Ukrayna savaşı bu məsələyə təsir etməyəcək. Ümumən dünyada-Avropada, ABŞ-da gedən proseslər Rusiyanı daha da aqressivləşdirir. Bu, Rusiyanın Şərqi Avropa, Pribaltika ilə əlaqəli siyasətinə yenidən baxmağa sövq edir. Cənubi Qafqazda bir şey olmasa da, Rusiyada şovinist əhval-ruhiyyəli şəxslər Rusiyanın yenidən imperiyanı bərpa etməsi, Yaxın Şərq ölkələrinə çıxışı, Pyotr dövründə qoyulan dənizlərə çıxış və Avrasiyaçılıq ideyasını ortaya atırlar. Əlbəttə, bütün bunlar Cənubi Qafqazdakı münasibətlərə təsir göstərir”.

Sabir Rüstəmxanlı bildirib ki, Qarabağ məsələsi birbaşa Ukraynadakı hadisələrlə əlaqəli olmasa da, bölgədə gedən münasibətlər diqqətlə izlənilməlidir: “ Bu, Ermənistana da təsir göstərir. Ermənistan cəmiyyətini revanşizmə dəvət edən, silahlandırmaq istəyən və Azərbaycanın üzərinə qaldırmaq istəyən qüvvələr də var, ola bilsin ki, onlar Ukrayna müharibəsindən ilham da alırlar”.


Müəllif: Nemət