30 İyun 2022 18:15
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zahid müəllim, Rusiyanın Xarici İşlər naziri Lavrovun bölgəyə səfəri baş tutdu. Səfərlə bağlı gözləntilər nə idi və hər hansı nəticə oldumu?

- Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ilk növbədə İrana, ardınca Bakıya səfəri Rusiyanın hal-hazırda qlobal və regional mənafeləri ilə sıx bağlıdır. Əsas məqsədləri də burada axtarmaq lazımdır. Kreml və onun strateqləri Ukrayna ilə hazırkı savaşı əməliyyat adlandırmalarına baxmayaraq bunu bir qütblü dünyaya son verilməsi hadisəsi kimi dəyərləndirirlər. Belə olacağı təqdirdə Rusiya özü üçün konkret olaraq dost və düşmən dövlətlər müəyyənləşdirib. Onların hətta bir qismini açıq şəkildə elan edib. Belə şəraitdə bölgədən özünə qarşı hər hansı bir təhlükə gəlməməsinə dair zəmanətləri də almağa çalışır. Bu öz-özlüyündə qəbul edilən bir hadisədir. Müstəqillik qazanılan ilk dövrlərdə Rusiya-Azərbaycan münasibətlərində məlum konfrantasiyalara baxmayaraq ondan sonrakı dönəmlərdə ulu öndər Heydər Əliyevin zamanında və Prezident İlham Əliyevin rəsmi Moskva ilə münasibətləri yüksək səviyyədə qurması fonunda bizim ölkəmiz heç bir halda hansı dairələrin Rusiyaya qarşı savaşında forpost olmayıb. Dövlətimizin yürütdüyü siyasət həm də bölgədə istisadi-siyasi, geopolitik hərbi, təhlükəsizlik mənafelərinə uyğun olub. Bunun nəticəsində Rusiya tərəfindən Qərbə qarşı savaşın müdafiə divarına çevrilməmişik. Bu həm də bizim təhlükəsizlik meydanımızı genişləndirməyə şərait yaradıb.

- Sizcə bu gün Qafqaz iki qütbün arasındakı mübarizədə nə dərəcədə meydan rolundadır?

- S. Lavrovun konkret Bakıya gəlişində əsasən iki başlıca məqsəd var idi. Onlar bilavasitə 10 noyabr və 11 yanvar razılaşmaları fonunda Avropa Birliyinin də proseslərə fəal bir şəkildə qoşulması, Şarl Mişelin bilavasitə moderatorluğu ilə mühüm görüşlərin keçirilməsi, ardınca bu danışıqların xarici işlər nazirləri səviyyəsində yenidən Qərb platformasında və coğrafiyasında reallaşması ilə çıxan nəticələrlə bağlı idi. Bu, belə bir mənzərə yardırdı ki, bu raundu, meydanı da Avropa dairələri Rusiyaya təkbaşına vermək niyyətində deyil. Belə olacağı təqdirdə sual yaranır ki, Qafqaz həqiqətənmi 90-cı illərdəki kimi bu iki qütbün arasındakı savaşın mərkəzində olmalıdır? Əsla, bu, bizim maraqlarımıza uyğun deyil. Çünki biz ondan keçmişdə yalnız ziyan çəkmişik. Prezident İlham Əliyevin strategiyası ondan ibarətdir ki, bütün qitələrlə, coğrafiyalarla, siyasi mərkəzlərlə, hansılar ki, bölgədə gerçəkdən də sülh inşa etmək istəyirlər, onlarla yaxın əlaqə qursun. Belə olan şəraitdə rəsmi Brüsseldən, Strasburqdan edilən çağırışları normal qarşılamaqda niyyətliyik. Ancaq S. Lavrovun məqsədi o idi ki, Zəngəzur yolu açılacağı, delimitasiya, demarkasiya prosesləri sürətləndiyi təqdirdə bölgədə anti-Moskva meylləri artmasın, üçüncü bir dövlətin təsiri çoxalmasın.

İlk olaraq rəsmi Bakıdan arzu etdikləri bu məsələdir. İkincisi isə onlar fərqindədir ki, Azərbaycan və Türkiyənin xarici siyasət doktrini vahid bir xəttə - iki regional və qlobal liderlərin vasitəsi ilə gerçəkləşir. Lakin onlar görürlər ki, Ukrayna prosesi həndəvərində müxtəlif qüvvələr istisadi, siyasi cəhətdən hətta bir sıra hallarda ərzaq baxımından bloklanıblar. Ərzaq blokadası belə reallaşmaqdadır. Bu tarix ərzində yalnız qədim dövrlərdəki savaşlarda ayrı-ayrı ərazilər mühasirəyə alınıb bir hərbi taktika kimi yürüdülürdü. İndi isə bu gerçəkləşir. Azərbaycan tərəfinin bu mövqeyinin Türkiyə ilə bərabər davam etməsi Ukrayna məsələsində sülh, fəal barışıq kursu yürüdülməsi çox arzulanır. Əsla bu dövlətlərin hər hansı birinin sanksiya rejimlərinə bu və ya digər formada qatlanması deyil. Buna rəğmən bütün yolların, proseslərin açılması istənilir. Baxmayaraq ki, Qərb o dövlətləri də hədələyir ki, onların sanksiyalarının effektini aşağı salmaq üçün Rusiyaya əlahiddə bir şərait yaratsın. Bu, məsələnin ən önəmli cəhətidir.

- Rusiya XİN rəhbərinin Bakıya səfəri və Minsk qrupu ilə bağlı vermiş olduğu açıqlamanı bu təşkilata vurulan son zərbə kimi də xarakterizə etmək nə dərəcədə məntiqlidir?

- Bəli, Lavrovun səfəri Minsk qrupu mövzusuna vurulan sonuncu zərbə sayıla bilər. Əgər bu format yaşayacaqdısa, o zaman qlobal derjavaların, yəni çoxqütblü dünya yaratmaq siyasətinin Ukrayna savaşında heç bir adı və yeri olmazdı. Bu onunla ziddiyyət təşkil edərdi. ATƏT-in Minsk qrupu bu dəqiqə Rusiyaya daha böyük zərbə vurur. Onun Qarabağda və Azərbaycanda görəcəyi bir iş yoxdur. Çünki problemin özülü, nüvəsi mahiyyəti qalmayıb. Bunun kənarında Azərbaycan-Ermənistan proseslərinə müdaxilə etmək ayrı bir addım olardı. Təbii ki, ona da qadir deyillər. Çünki Minsk qrupu siyasi, iqtisadi nəzarət modeli idi. Onun başqa bir adı yox idi. Çünki 90-cı illərdə qüvvələr nisbəti tam həll olunmamışdı. ABŞ da burada hegemoniyaya malik idi. Avropanın mövqeyini isə Fransa ifadə edirdi. Rusiya isə öz mənafelərindən geri çəkilməmişdi. Beləliklə, məcburi bir bölüşdürmə baş vermişdi. II Qarabağ müharibəsi Minsk qrupunun axırına çıxdı. Onun fəaliyyətinə son qoydu. Əslində bu mənada bizim savaşımız beynəlxalq formatlarla idi. Vətən müharibəsində qələbəmizin əzəməti və böyüklüyü bundadır. Bu təkcə ərazi işğallarına qarşı savaş deyildi. Ona görə də biz Minsk qrupunun bu cür siyasi despotik diktələrindən xilas olmuşuq.

- Prezident İlham Əliyev Kəlbəcər və Laçına səfəri zamanı növbəti dəfə qarşı tərəfə xəbərdarlıq etdi. Ali Baş Komandanın azad torpaqlardan vermiş olduğu mesajın rəmzi siyasi mənasını necə şərh etmək olar?

- 26 iyun Silahlı Qüvvələr günü Prezident İlham Əliyevin bölgələrə səfəri ölkə coğrafiyasında digər ərazilərə gerçəkləşdirilən səfərlərdən köklü şəkildə fərqlənir. Burada müqayisə yolverilməzidir. Amma vətən torpaqlarının indiki halda qurulması, formalaşdırılması müqabilində Kəlbəcərdə komando hərbi hissəsinin yaradılması, Azərbaycan ordu modelində gerçəkləşdirilən bu format Vətən müharibəsindən sonrakı dövrdə yeni quruculuq siyasəti baxımdan mühüm önəm kəsb edir. Bunun məhz Kəlbəcərdə reallaşdırılması, Ali Baş Komandanın çox təsirli və əzəmətli çıxışı qələbəmizi ordumuzla birgə əldə etməyin bir daha əhəmiyyətini ortaya qoydu. Bu elə gerçək siyasi təhlükəsizlik mənası daşıyır. Kəlbəcərin itirilməsi 90-cı illərdə bizə böyük zərbə olmuşdu. İndi həmin strateji yüksəkliklərdən İrəvana belə baxmağa, oradakı prosesləri mühüm strateji silahlarla izləməyə imkan verir. Kəlbəcər zirvəsi hərbi punktdur. Buradan baxdıqda o coğrafiyanı, relyefi, oradakı hərbi hərəkətlənmələri, taktikaları, planları çox rahatlıqla görmək olur. Şuşa ətrafında olan məsələlərə qiymət verilərkən də Prezident İlham Əliyev bu amili vurğuladı.

- Bəs ermənilər tərəfindən Azərbaycanın azad edilən ərazilərində gördüyü işlər necə qiymətləndirilir?

- Roman Babayanın söylədiyi kimi, Prezident İlham Əliyev 300-500 il bu regionda mövcud olan landşaftı coğrafi, arealı dəyişdirir. Yeni yollar, tunellər siyasəti yalnız insanların hərəkətini təmin edən mexanizmlər deyil. Buna belə bir məhdud çərçivədə yanaşmaq yanlış olar. Bütün bunların hamısının strateji önəmi var. Zaman gəldikdə bunların hamısının önəmi bəlli olacaq. Əks halda Azərbaycan azad torpaqlarda üç hava limanı qurmasını daxili uçuşlar üçün tədbirlər kimi izah etmək də ölkə rəhbərinin uzaq gedən siyasətini görməzdən gəlmək kimi izah etmək olar.

- Ermənistan iqtidarının Laçın dəhlizi və Laçın şəhərinin Azərbaycana təhvil verilməsi ilə bağlı açıqlaması qarşı tərəfdə növbəti hay-küyə səbəb olub. Gedişatı necə qiymətləndirirsiniz?

- Nikol Paşinyanın dinləmələr zamanı Fərrux dağının çevrəsində olan yüksəkliklərə Azərbaycanın nəzarət etdiyini vurğulaması, eyni zamanda Laçın dəhlizi ilə bağlı situasiyanı 10 noyabr razılaşmasının nəticəsi olaraq bəyan etməsi o deməkdir ki, Ermənistan rəhbərliyi öz xalqını gələcək faciələrdən qorumaq istəyir. N.Paşinyanın ən böyük gücü həmin küçələrdir, aksiyalardır. Rəqibləri də bu cəhətdən çox zəifdir. Belə şəraitdə o yenə də xilas olur. Millətinə, tərəfdarlarına açıq mesaj verir ki, baxın əgər mən getsəm, başqa qüvvələr gəlsə, onlar sülhün alternativi kimi onların varlığına zərbə ola bilər. Məsələ də bu cür qoyulmalıdır. Çünki Ermənistanda indi elə bir ordu yoxdur ki, bizimlə savaşsın. Kim gəlsə belə vəziyyəti dəyişdirmək mümkün deyil. Keçmişdə bəzən Rusiyanın və başqa dövlətlərin adı çəkilirdisə bunlar da artıq real səslənmir. Laçının bütövlükdə Azərbaycan xalqının yaşamı üçün o yolların bizim planlarımız çərçivəsində Azərbaycanın suveren nəzarəti altına daxil olması, burada yaşamaq istəyən bir ovuc erməni rəsmi Bakı ilə konstitusiya və qanunlarla müharibədən sonrakı gerçəkliklə həm də özlərinin dağıdıb, viranəyə çevirdikləri keçmişlə üz-üzə qoyacaq. Bunun hansının yaxşı olduğu seçimini ortaya qoyacaq. Bu gün Şuşada 1752-ci ildən bu yana görülməmiş işlər reallaşdırılır. O dövrün üsulları, texnikasi və arxitekturası indiki ilə müqayisə olunmur. Bu söz əsla tarixlə, keçmişlə süni bir bir müqayisə deyil. Sadəcə olaraq bu gün görülən işlər o bölgədə yaşamaq istəyən etnik, milli xalq və topluluqlar üçün Qarabağı, Şuşanı əmin-amanlığın, sülhün, təhlükəsizliyin simvoluna çevirməkdir. Qarabağın üzərindən regiona, Qafqazlara Bakı və və İrəvan terminlərini artıq düşmən məhfumlar kimi işlətmək erasına da son vermək lazımdır. Məhz bunlar baş verəcək. Çünki Zəngəzur terminini ölkə rəhbəri işlədərkən həmin məfhumun tarixi mənası özünə qayıtdı. Tarixi mənası ilə onun kökləri etnik milli varlığı dirçəlir, boy verir. Bu şəraitdə millət özünün enerjisi vasitəsi ilə öz tarixi duyğularını gerçəkləşdirmək üçün yeni-yeni tədbirlərə, siyasətlərə, strategiyalara, quruculuq layihələrinə keçid edir. Bu mənada Prezident İlham Əliyevin hər bir addımı strateji bir məna daşıyır. O özündən sonra elə bir Azərbaycan məmləkət, məkan quruculuğundadır ki, min illər bundan sonra bölgədəki gücü regional imkanları öyünə bilsin. Xalqımızda görülən işləri də elə bu cür yüksək səviyyədə qiymətləndirir.


Müəllif: Tapdıq Qurbanlı