13 Avqust 09:17
3 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un sullarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Tehranda Ərdoğan-Putin-Rəisi görüşündən az müddət sonra Türkiyə və Rusiya liderləri Soçidə yenidən bir araya gəldi. İrandakı təmaslardan qısa zaman keçməmiş belə bir görüşün keçirilməsinə nə dərəcədə ehtiyac var idi?

- Bu görüşlərdə müzakirə edilən məsələlərin coğrafiyası çox böyükdür. Əsas məsələ sözsüz ki, bizim bölgədə baş verən hadisələrdir. Bu bir növ Tehrandakı görüşün davamı idi. Çünki indi Rusiya üçün cənub istiqaməti həssas nöqtədir. Bu, siyasi və iqtisadi fəallıq üçün vacibdir. Bəllidir ki, Qərblə Rusiya arasında uzun müddət böhranlı münasibət davam edəcək. Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaları burada xüsusi ilə qeyd etmək lazımdır. Ona görə də bu ölkə tərəfindən cənuba maraq olduqca böyükdür. Təbii ki, bu istiqamətdə Azərbaycan, Türkiyə, İran əsas yer alır. Bundan başqa fars körfəzi ölkələri Pakistan, Hindistanı da qeyd etmək olar. Bu baxımdan indiki dönəmdə Zəngəzur mövzusu çox aktualdır. Bölgə ətrafında müxtəlif mövqeləri də görmək mümkündür. Ona görə də hazırda Zəngəzur vacib bir məsələyə dönüb. Sözsüz ki, bu layihəyə qarşı çıxanlar da var. Onlardan biri də Qərbdir ki, onlar Rusiyanın Türkiyə və İranla olan əlaqələrinə hansısa maneələr törətmək istəyir. Bu da öz növbəsində məntiqli hesab edilir. Bunu da inkar etmək olmaz. Eyni zamanda biz bu istiqamətdə hansısa bir hadisələrin cərəyan etməsini gözləməliyik.

- İran tərəfinin Zəngəzur dəhlizi ilə bağlı “yanaşması” var. Amma siz Soçi görüşünü Tehrandakı müzakirələrin davamı kimi xarakterizə edirsiniz. Eyni zamanda İran Zəngəzurda konsulluq açır. Buradakı paradoksu necə şərh etmək olar?

- Bu qəribə mövqedir. Əslində tranzit və kommunikasiyalar İran üçün böyük fayda verə bilər. Bu bəllidir. Çünki bir növ şimal-cənub marşurutu ilə bağlı mövqe var idi. İran da buna tərəfdar olub. Sadəcə olaraq bu xəttin icrası üçün sonradan problemlər ortaya çıxıb. Amma ümumilikdə İranın bu mövqeyi müvvəqəti xarakter daşıyır. Əslində bu İranın özünün də maraqlarına ziddir. Demək ki, burada hansısa qrupların mövqeyi var. Ola bilsin ki, hakimiyyətə yaxın qruplar məhz bu mövqedən çıxış edir. Hətta gündəmə yeni mövzular gətirirlər ki, guya sanksiyalardan öncə neftin ixracı bu bölgədən keçirdi. İndi isə fikirlər səslənir ki, bu ərazidən narkotik axını var. Deməli bununla bir növ işarə verilir ki, narkotik mövzusunu gündəmə gətirən Rusiya olub. Guya Rusiya sərhədçiləri tərəfindən həmin bölgədə yeni postlar qurulub. Məhz bu amil ona eyham vurur ki, İran tərəfdə qaçaqmalçılıqla məşğul olan qüvvələr var. Onlar da bu kanalı itirmək istəmirlər. Amma əslində İran bu marşurutla böyük imtiyazlara malik olacaq. Ona görə də İranın Zəngəzur dəhlizinin açılmasına qarşı mövqeyi müvəqqəti ola bilər. Uzun müddət bu cür mövqedə dayanmaq İranın ziyanına olan bir haldır. Əslində bu məntiqli bu dəyişiklikdir. Hansısa sanksiyadan kənar neftin ixracı, qaçaqmalçılıq və s bu va ya digər məsələlər müvəqqəti xarakter daşıyır.

- Brüsseldə növbəti dəfə Prezident İlham Əliyevlə Paşinyan arasında görüş nəzərdə tutulur. Bu görüşdən gözləntilər nədən ibarətdir?

- Bu məsələdə Brüsselin iki vacib rolu var. Avropa İttifaqı imkan verir ki, Azərbaycan və Ermənistan dövlət rəhbərləri səviyyəsində görüşüb bu məsələləri müzakirə etsin. Amma bu da o demək deyil ki, mövqelər dəyişəcək. Yəni, bu normal prosesdir və Brüssel burada tərəflərə mühüm imkanlar təqdim edir. Daha praktik fəaliyyət üçün isə kommuniksiyaların bərpasına Avropa İttifaqı dəstək verməyə hazır olduğunu bəyan edir. ABŞ da öz mövqeyində bu məsələni xüsusi ilə qeyd edir. Zəngəzur dəhlizi yox, digər kommunikasiya xətlərinin açılması barəsində təkliflər səslənə bilər. Bu da əslində Ermənistanın mövqeyinə uyğundur. Ehtimallar odur ki, məsələlər məhz bu müstəvidə müzakirə ediləcək.


Müəllif: Tapdıq Qurbanlı