19 Avqust 2022 19:56
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir dövlət üçün insan hüquq və azadlıqlarının təmin edilməsi vacib amillərdəndir. İnsanların fundamental hüquqlarının qorunması, şəxsiyyət amili, ədalətli yanaşma, bərabərlik prinsiplərinin qorunması kimi ortaq dəyərlər mövcuddur. Dövlət institutlarında bu dəyərlər qanunlarla müəyyən edilir, qorunur, təmin olunur. Sivil ölkələrdə olduğu kimi Azərbaycanda da bu meyarlar ən yüksək səviyyədə həyata keçirilir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra dövlətimiz beynəlxalq cəmiyyətin tamhüquqlu və hüququn müstəqil subyekti bütün dəyərlərə sadiq olduğunu bəyan edib.

Milli Məclisin deputatı Cavid Osmanov Teleqraf.com-a açıqlamasında ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı istiqamətində mükəmməl qanunvericilik bazasının mövcud olduğunu söyləyib: “Prezident İlham Əliyevin 2007-ci tarixli Sərəncamı ilə ölkəmizdə "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilib. İnsan hüquqları təminatının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Sivil dəyərlərin dünyəvi dövlət quruculuğu prosesinin ilkin şərtləri kimi insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində ən vacib fundamental prinsiplər təmin edildi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildən hakimiyyətə qayıdışı ilə ölkəmizdə qanunçuluğun təmin olunması, vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə qorunması üçün mühüm addımlar atıldı”.

Millət vəkilinə görə, ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən kompleks tədbirlər qanunçuluğun təmininə, insan, vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edib: “Аzərbаycаnda insаn və vətəndаş hüquq və аzаdlıqlаrının müdаfiəsinin rеаl təminаtı üçün zəngin qаnunvеricilik bаzаsı formalaşdırılıb. Bu baxımdan ölkəmizdə həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri də Ombudsman təsisatının yaradılması idi. Ulu öndər ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman imzalayıb. Habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkili təsisatının yaradılması təmin olunub. Məhz bu institutun yaradılması hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi ardıcıllığı hesab olunur”.

Cavid Osmanov hesab edir ki, Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də imzaladığı "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamın əhəmiyyəti olduqca böyükdür: “Məhz bu qanunvercilik bazası əsasında Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi mümkün olub. Bu baxımdan da ölkəmizdə insan hüquqlarının qorunması və təmini istiqamətində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanda aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaradıb”.

Milli Məclisin deputatı Azər Badamov hesab edir ki, Azərbaycanda dövlətin qarşısında duran əsas və vacib məsələ insan hüquq və azadlıqlarının müdafiəsi, hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsidir: “Respublikamızın ana qanunu olan Konstitusiyamızda insanların hüquq və azadlıqlarının müdafiəsi ilə əlaqədar xüsusi müddəalar təsbit olunub. 2016-ci ildə keçirilən ümumxalq səsvermə yolu ilə Konstitusiyamızın 42 maddəsinin 22-də edilən dəyişikliklərlə insanların hüquq və azadlıqlarının əhatə dairəsi daha da genişləndirilib. Prezidentin 27 dekabr 2011-ci il Sərəncamı ilə Azərbaycan Respublikasında hüquq və azadlıqların müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilib. Milli Fəaliyyət Proqramı 6 fəsildən ibarət olmaqla insanların hüquq və azadlıqlarının beynəlxalq normalara uyğun təmin olunması istiqamətində təşkili ilə bağlı çox əhatəli tədbirləri özündə əks etdirir. Milli Fəaliyyət Proqramında ictimai həyatın bütün təbəqələrinin, o cümlədən uşaqların, miqrantların, siyasi fəaliyyətlə məşğul olanların, erməni işğalı nəticəsində hüquqları pozulmuş keçmiş qaçqın və məcburi köçkünlərin, məhbəs həyatını yaşayanların hüquq və azadlıqlarının təmin edilməsinə geniş yer verilib. Bu gün ölkəmizdə formalaşmış vətəndaş institutları və vətəndaş cəmiyyəti azad şəkildə fəaliyyət göstərir. Korrupsiyaya qarşı mübarizənin genişləndirilməsi, iqtisadiyyatın şəffaflaşdırılması və vətəndaşlara xidmətlərin şəffaf təqdim olunması dövlətimizin gündəlik fəaliyyətinə daxil edilib”.

Millət vəkilinə görə, etnik və dini mənsubiyyətindən asıllı olmayaraq ölkəmizdə bütün vətəndaşlara bərabər hüquq və şərait təmin olunub: “Azərbaycan dünyanın çox az ölkələrindədir ki, multikulturalizim və tolerantlıq siyasəti gündəlik həyat tərzi kimi qəbul edilib. Dövlətimizin yaratdığı bərabər şərait sayəsində hər bir şəxs özünün azad və firavan həyatını qura bilir. Eyni zamanda hüquq və azadlıqların təmin olunması ölkəmizdə həm də yeni siyasi mədəniyyət formalaşdırır. Ölkəmizdə aparılan geniş islahatlar yeni siyasi konfiqurasiyanı yaradıb. Prezident Administrasiyasında yeni şöbənin yaradılması və siyasi partiyalar və vətəndaş cəmiyyətinin təmsilçilərinə yeni yanaşmanın ortaya qoyulması siyasi mədəniyyətin səviyyəsinin yüksəlməsinə xidmət edən amillərdəndir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən siyasi partiyaların rəhbərlərinin dəvət olunaraq saatlarla dinlənilməsi və onları düşündürən məsələlərin qəbul olunaraq həll edilməsi yeni siyasi kofiqurasiyasının əsasını təşkil edir. Milli Məclisdə keçirilən növbədənkənar seçkilərdə formalaşmış yeni tərkibin fəaliyyəti, o cümlədən ilk dəfə olaraq müxalif siyasi partiyaların nümayəndələrinin parlamentin və komitələrin rəhbərliyində təmsil olunması yeni siyasi mədəniyyətin formalaşmasının göstəricisidir”.

Deputatın fikrincə, siyasi partiyaların qeydiyyatdan keçmə prosesi sadələşdirilib, partiya yaradaraq öz siyasi fəaliyyətlərini ortaya qoymaq istəyənlərə yeni imkanlar yaradılıb: “Belə ki, 2020-2021-ci illərdə yeni 9 siyasi partiya Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Prezident İlham Əliyev qeyd edib ki, konstruktiv müxalifət və vətəndaş cəmiyyəti dövlət işimizin səmərəli təşkilinə kömək etməlidir. Konstruktiv müxalifətin tənqidləri və hakimiyyətin fəaliyyətindəki nöqsanların gündəmə gətirilməsi çox səmimi qəbul edilir və dövlətimizin işinin təşkilində nəzərə alınır. Təbii ki, bu, siyasi mədəniyyət səviyyəsinin yüksəlməsidir. Həm də siyasi partiyaların vahid mövqedən çıxış etmə mədəniyyəti formalaşıb. Bunun təzahürü olaraq xalqımız və dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən vacib məqamlarda ölkəmizdəki bütün siyasi qüvvələrin birləşməsi və öz siyasi baxışlarını kənara qoyaraq eyni mövqedən çıxış edərək qərar qəbul etmək mədəniyyəti formalaşmasını qeyd etmək olar. 44 günlük Vətən müharibəsində 1-2 radikal qüvvə istisna olmaqla ölkəmizdə fəaliyyət göstərən bütün siyasi partiyaların mövqeyi üst-üstə düşüb və beynəlxalq ictimaiyyətə vacib çağırışlar edilib”.

Azər Badamov qeyd edib ki, ümumilikdə ölkəmiz inkişaf etdikcə baxışlar da dəyişilir: “Dövlətin insan hüquq və azadlıqların təmin olunması istiqamətində atdığı addımların əhatə dairəsi genişlənir və hər bir vətəndaşın hüquqları yüksək səviyyədə təmin olunur. Məhz bunun göstəricisidir ki, möhkəm təməllər üzərində hüquqi dövlət qurulub”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər