13 Sentyabr 2022 20:24
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Abdullah bəy, Ermənistan Azərbaycanla sərhəd xəttində təxribatlara əl atır. Necə düşünürsünüz əldə edilən razılaşmalar fonunda Ermənistanın bu davranışlarının arxasında hansı məqamlar var?

- Ermənistanın bu təxribatlarının bir çox səbəbi var. Bu ölkə 10 noyabr 2020-ci ildə imzalanan bəyanatın şərtlərinə əməl etmir. Bununla da kifayətlənməyib təxribatlara əl atır. İndiki halda Ermənistan “haqlı” olmağa II Qarabağ müharibəsindəki aldığı travmanı həzm edə bilmir. Ermənistan tək Qarabağ məsələsi ilə deyil rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində demoqrafiq və topoqrafiq işlər görməyə çalışır. Eyni zamanda bu ölkə Zəngəzur dəhlizinin açılması ilə bağlı da öhdəlikləri yerinə yetirmir. Sərhəddəki təxribatlarda isə daha çox aqressiv mövqe sərgiləyir. Həmçinin müttəfiqlərinə də Azərbaycanla olan məsələlərlə bağlı yalan məlumatlar verərək onları aldadır. Ötən gecə əvvəllər etdikləri təxribatları davam etdirdilər. Sözsüz ki, Azərbaycan Ordusu beynəlxalq hüquqa əsaslanaraq qarşı tərəfin təxribatına cavab verməli olub. Baş verən döyüşlərdə güclü Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə növbəti dəfə dərs verib. Amma ümumilikdə təxribatın əhatəsi geniş idi. Bu, II Qarabağ müharibəsindən sonra Ermənistan tərəfindən törədilən ən böyük təxribat hesab edilir.

- Ermənistan baş naziri Nikol Paşinyan üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. Təşkilat iki ölkə sərhədində baş verən situasiyaya müdaxilə edə bilərmi?

- Ermənistan tərəfi əlindəki kartlardan mümkün qədər istifadə etməyə çalışacaq. Özlərindən “yazıq” obrazı düzəltməyə cəhdlər edəcəklər. Hətta Azərbaycanı özünə qarşı təxribatlarda belə günahlandıracaqlar. Amma reallığı heç nə dəyişdirə bilməyəcək. Vaxtilə Azərbaycan torpaqlarını işğal etmiş ölkə Ermənistandır. Belə olduqda Azərbaycan haqlı olduğunu bütün dünyaya sübut edəcək. Sözsüz ki, müəyyən əngəllər ola bilər, Azərbaycan öz haqlarını təmin edərkən qarşılığını da vermək məcburiyyətində qalacaq.

- Qardaş Türkiyədən dəstək mesajları verilir, proseslərin irəlilədiyi müstəvidə daha hansı mövqe ortaya qoyula bilər?

- Türkiyə Azərbaycanla bağlı görüləcək bütün işləri çoxdan görüb. Türkiyə bütün məsələlərdə Azərbaycanla bərabərdir. Bu, sona qədər də belə olacaq.

- Fransa Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən təxribatla bağlı BMT Təhlükəsizlik Şurasının iclasının çağrılması üçün müraciət edib. Sizcə, bu, nə ilə nəticələnəcək?

- Kim nə edir etsin, yekunda bütün məsələlər haqlı və haqsızın ayırd edilməsi üzərində qurulacaqsa, heç bir problem yoxdur. Azərbaycanın mövqeyi baxımından burada narahat olacaq məsələ yoxdur. Çünki ərazi bütövlüyü pozulan və hücuma məruz qalan Azərbaycandır. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri Ermənistana açıq şəkildə dəstək verir. Əslində isə Ermənistan bütün məsələlərdə haqsızdır. Belə olan halda da Azərbaycan öz hüquqlarını özü təmin etməyə məcbur olur. Təbii ki, bunu təmin etdikdə qarşılığını vermək məcburiyyətində qalır.

- Əldə edilən razılaşamalardan boyun qaçırdığına görə beynəlxalq birlik Ermənistana hansı formada təzyiq göstərə bilər?

- Ermənistan əldə edilən heç bir razılaşmaya əməl etmir. Bu gün Rusiya tərəfi də iki ölkə sərhədlərinin təmin edilməsi ilə bağlı mövcud xəritələr təqdim edir. Amma yenə də erməni tərəfi bundan boyun qaçırır. Eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı da Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etmir. Bütün bunların fonunda ortaqlıqda tərəfdaşlarını aldadan, günahkar ola-ola özünü yazıq obrazında təqdim edən bir Ermənistan var. Bu ölkə terroristlərin metodlarından istifadə edir. Beynəlxalq hüquqa heç bir hörmət etmir. Ermənistanın sırf ərazi iddiası ucbatından 10 minlərlə azərbaycanlı qardaşımız şəhid olub. Ona görə də, Ermənistan bu gün etdiyi məkirli təxribatlara don geyindirməyə çalışsa da bu baş tutmayacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər