15 Sentyabr 2022 18:00
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusu Ermənistan hərbi birləşmələrinin sentyabrın 12-də gecə saatlarından başlayaraq törətdiyi təxribatlara layiqli cavab verdi. Bu təxribatlarla öz hədəfinə çatmayan Ermənistan hakimiyyəti beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır. Amma rəsmi İrəvanın Azərbaycanı ittiham etmək cəhdləri fiaskoya uğradı.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, təxribatlar başlandığı vaxtdan Paşinyan və onun hökumətinin digər nümayəndələri müxtəlif beynəlxalq təşkilatlara, eləcə də bir sıra dövlətlərin başçılarına müraciət edərək Azərbaycanı təcavüzdə ittiham etməyə çalışdılar:

“Həmin müraciətlərdə Azərbaycanı “işğalçı” kimi tanımaq çağırışları da var idi. Amma heç bir beynəlxalq təşkilat və dövlət ölkəmizə qarşı bu addımı atmadı. Məlumdur ki, Ermənistanın xahişi ilə Fransa iki ölkə arasındakı sərhəd gərginliyini BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxardı. Ermənistan rəhbərliyi bu iclasda özünün xeyrinə qərar qəbul ediləcəyinə inanırdı. Amma rəsmi İrəvanın bu niyyəti də iflasa uğradı. Belə ki, BMT Təhlükəsizlik Şurasının qapalı keçirilən iclasında Ermənistanla Azərbaycan arasında tezliklə atəşkəs əldə olunmasından, həmçinin vəziyyətin siyasi və diplomatik yollarla həllindən danışılıb. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın açıqlamasına görə, hamı yekdilliklə tezliklə atəşkəsin və vəziyyətin siyasi-diplomatik yollarla nizamlanmasının tərəfdarı olduğunu bəyan edib”.

Millət vəkilinin fikrincə, BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrdə üzv ölkələrin mövqeyi Azərbaycanın maraqlarına uyğundur:

“Çünki Azərbaycan Cənubi Qafqazda tezliklə sabitliyin və təhlükəsizliyin, Ermənistanla sülh sazişinin imzalanmasının tərəfdarıdır. Dövlətimiz bu mövqeyini beynəlxalq birliyə dəfələrlə bəyan edib və bu mövqe dəstəklənir. Ona görə də həmin müzakirələri diplomatik uğurumuz kimi dəyərləndirə bilərik. Ermənistan isə növbəti dəfə uğursuzluğa düçar oldu. 44 günlük Vətən müharibəsinin davam etdiyi günlərdə də Ermənistanın havadarları BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı hansısa qərarın qəbul olunmasına çalışdılar. Amma o dəfə də cəhdləri iflasa uğramışdı”.

Sevinc Fətəliyeva hesab edir ki, Azərbaycan dünya birliyində etibarlı tərəfdaş kimi qəbul olunur:

“Təsadüfi deyil ki, hələ 2011-ci ildə gənc dövlətimiz 155 ölkənin dəstəyi ilə iki illik müddətə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi. Azərbaycan iki dəfə quruma sədrlik də etdi. Ölkəmiz digər beynəlxalq təşkilatlar çərçivəsində də fəal siyasət həyata keçirir. Eləcə də, dünya ölkələri ilə normal, bərabərhüquqlu əməkdaşlıq edirik. Azərbaycanın dövlətinin, Prezidentimizin uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq miqyasda mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Cənubi Qafqazın lideri olan dövlətimiz regionda yeni reallıqlar yaradıb. Bütün bunlar ölkəmizin dünya miqyasında yüksək nüfuzunun göstəriciləridir”.


Müəllif: Tapdıq Qurbanlı