Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Asim bəy, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri və verdiyi bəyanatlar Azərbaycanda birmənalı qarşılanmır. Siz, bu səfəri və aparılan müzakirələri necə qiymətləndirirsiniz?
- Nensi Pelosinin İrəvan səfəri əslində Demokrat Partiyasının seçki kampaniyasının tərkib hissəsidir. Müşahidələrimə əsasən deyə bilərəm ki, əslində Pelosi İrəvanda seçki kampaniyası ilə bağlı şou keçirib. Əsas məqsəd seçkilərdə partiyasına erməni diasporasının dəstəyini qazanmaqdır. Söhbət həm siyasi, həm də maliyyə dəstəyindən gedə bilər. Böyük ehtimalla Nensi seçkilərdən sonra Nümayəndələr Palatasının spikeri olmayacaq, amma partiyası ağır vəziyyətdə olduğuna görə, dəstək qazanmağa çalışır. Onu səfərdə müşayiət edən konqresmenlərə baxsanız görərsiniz ki, hamısı erməni disaporu ilə bağlı fiqurlardır. Əslində bu səfəri seçki şousu kimi qiymətləndirmək daha düzgün olardı.
- Ancaq Pelosi həm də İrəvanda siyasi bəyanatlar verdi, hansı ki bu fikirlər faktiki regionda sülhün deyil, qarşıdurma və gərginliyin artmasına xidmət edirdi...
- Pelosinin hərəkətlərinə gəldikdə qeyd edim ki, onun bəyanatları ABŞ dövlət siyasətinə və dövlət maraqlarına zərbədir. Çünki o, bu səfəri etməklə əslində revanşist niyyətində olan qüvvələri fəallaşdırır və bölgəni təhlükə qarşısında qoyur. Mənə elə gəlir ki, bu, öz-özlüyündə yanlış addımlardır. Bu kimi hərəkətlərlə seçkilərdə uğur qazanmaq mümkün olmayacaq. Səfər zamanı onun verdiyi bəyanatlar da beynəlxalq hüquq normalarına, birbaşa ABŞ siyasətinə və maraqlarına ziddir. Amma bu bir ənənədir. Seçki kampaniyasında lobbiçilik, maliyyə toplamaq və buna bənzər siyasi oyunlar əslində ABŞ-ın imicinə zərər gətirir.
- Pelosinin İrəvanda verdiyi bəyanatları ciddiyə alsaq, məlum olur ki, Konqresdə Azərbayanla bağlı hansısa qətnamə hazırlanır. Belə bir qətnamənin qəbulunu nə dərəcədə real hesab edirsiniz?
- Xanım Pelosiyə xatırladım ki, sovet ittifaqı dağıldıqda və Azərbaycan yeni müstəqillik qazandığı dövrdə onlar Azərbaycana qarşı qətnamə qəbul etdilər. Amma bu, Amerika maraqlarına və təhlükəsizliyinə zidd olduğu səbəbindən demək olar ki, hər il ABŞ prezidentləri “Azadlığa dəstək aktı” adlanan 907 saylı qətnaməni dayandırır və Azərbaycanla əməkdaşlığı davam etdirir. Əslində Azərbaycan dəfələrlə sübut edib ki, etibarlı tərəfdaşdır, beynəlxalq hüquq normalarına riayət edən ölkədir. Beynəlxalq hüququ pozan təcavüzkar tərəf isə hər zaman Ermənistan olub. Onun üçün Pelosi və onun kimi lobbiçilər əslində təcavüzkar ölkəyə dəstəyini verir. Belə tip qətnamələr ABŞ maraqlarına zidd olduğu üçün istənilən Amerika Prezidenti bu kimi səndləri rədd edəcək.
- Hər halda bu səfərin bizim üçün təhlükəsi varmı?
- Mən hesab edirəm ki, Pelosinin səfərinə seçki şousu kimi yanaşmaq lazımdır. Çarəsizlikdən belə işlər görür. Məsələn, xanım Pelosinin təmsil etdiyi Kaliforniyada aparılan siyasət nəticəsində miqrantlarla bağlı ciddi problem mövcuddur. Eləcə də iqtisadi problemlər var, böhran dərinləşir. Məhz bu səbəblərdən də onlar erməni oliqarxlarla, eləcə də Rusiyadakı erməni zənginləri ilə əlaqə qurmağa məcbur olurlar.
- Bundan sonra Amerika-Azərbaycan münasibətləri necə qurulacaq?
- Biz yaxşı bilirik ki, Amerikada lobbiçilik əslində qanuni siyasətdir. Çox vaxt bu lobbiçilik nəticəsində Amerika Konqresi öz dövlətinin maraqlarına xələl gətirir. Pelosi Amerika dövlətinin qanunvericilik qanadını təmsil edir və onun noyabra qədər zamanı var. Siyasət isə başqa şeydir. Hazırda Nensi seçki kampaniyası həyata keçirərək maliyyə toplayır. Hesab edirəm ki, Pelosinin səfərində daha aparıcı element məhz bu məqamdır.