Prezident İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 27 sentyabr - Şəhidlərin anım günündə Füzuli və Şuşaya səfər etməsi rəmzi məna daşıyır. Dövlət başçısı və birinci xanımın Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət etmələri və həmin yerdə çıxış etməsinin bir neçə mühüm əhəmiyyətini qeyd etmək olar. Bu ilk növbədə xalqımızın öz şəhidinə verdiyi yüksək dəyəri və onları ailələrinə olan mənəvi borcu bir daha xatırlatdı. Xalq öz şəhidi ilə fəxr edir və onu dərin hörmətlə yad edir. Çünki onlar, 200 ildən çox bir müddət ərzində davam edən işğalçılıq siyasətinə son qoydu və ədaləti bərpa etdi. Çünki 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixi dövrüdür, hətta dönüş nöqtəsidir.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Professor qeyd edib ki, Azərbaycanın bu Qələbəyə ehtiyacı var idi və bu ehtiyac sosial statusundan, maddi vəziyyətindən, siyasi, mədəni, dini mənsubiyyətindən asılı olmayaraq, bütün xalq bir yumruq kimi öz Prezidentinin ətrafında sıx birləşdirdi:
“Xalq-iqtidar-ordu birliyi bir bütövlük yarandı. Hətta Azərbaycandan kənarda yaşayan soydaşlarımız da bu haqq işinə səfərbər oldu. Düşmən nə qədər hərbi, siyasi, hətta informasiya müstəvisində təxribat törətməyə cəhd göstərsə də, xalqımız bir nəfər kimi bütün ağrı və itkilərə baxmayaraq, yaranmış birliyi sarısılmağa qoymadı. Bu baxımdan şəhidlərimizin şərəfinə, əziz xatirələrinə Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılmış bu abidənin öz rəmzi mənası var. Bura müharibənin ilk günüdə azad olmuş və ilk şəhid verilən kəndlərimizdəndir. Azərbaycan əsgəri və zabiti öz canını Vətən yolunda fəda edərək, xalqımızın əyilən qəddini düzəltdi, başını dikəltdi, bizi əbədi olaraq öz doğma torpaqlarımıza qaytardı. Bu Azərbaycan əsgərinin qəhrəmanlıq dastanı idi. Prezident İlham Əliyevin dediyi kimi: “Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq”. Bu çətin və tarixi vəzifəni yerinə yetirərək, xalqımız döyüş meydanında düşməni məğlub edərək öz haqqını bərpa etdi, “yenilməz və qorxmaz erməni ordusu” mifini dağıtdı”.
Deputat bildirib ki, Azərbaycan heç zaman müharibə tərəfdarı olmayıb, məsələn sülh və dinc yolla həll olunmasına cəhd edib:
“Ona görə də 30 ilə yaxın davam edən danışıqlarda iştirak edirdi, lakin biz həm də görürdük ki, ATƏT-in Minsk qrupu məsələnin həllinə yox, onun dondurulmasına çalışır. Beləliklə, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 Qətnamə kağız üzərində qalırdı. Azərbaycana qarşı ikili standartlar davam edirdi. Əlbəttə ki, buna ən layiqli cavab iqtisadi imkanları artırmaq, siyasi sabitliyi möhkəmləndirmək, diplomatik və beynəlxalq hüquq müstəvisində mühüm iş aparmaq və güclü ordu qurmaqla düşmənə qarşı lazım olan anda qətiyyətli zərbə endirmək idi”
Hicran Hüseynova Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərində Yuxarı Gövhər Ağa məscidini ziyarət edib, burada Heydər Əliyev Fondu tərəfindən aparılan yenidənqurma və bərpa işləri ilə tanış olmasının da əhəmiyyətindən bəhs edib:
“Müharibədən keçən qısa müddət ərzində Qarabağda və Şərqi Zəngəzurda tikinti-bərpa quruculuq işləri aparılır, nəhəng layihələr həyata keçirilir, bütün infrastruktur yenidən qurulur. 30 ilə yaxın kənd və şəhərlərimiz erməni vandalizminə məruz qalaraq, talan edilmiş və xarabaya çevrilib. Bütün tarixi abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir olunub. 67 məsciddən 65-i tamamilə dağıdılıb, qalan yarıdağılmış məscidlərdə mənfur düşmən bizi və dünya müsəlmanlarını təhqir etmək üçün inək, donuz saxlayırdı. Artıq kənd və şəhərlər yenidən salınır, tarixi-mədəni-dini abidələrimiz yenidən qurulur. Heydər Əliyev Fondunun dəstəyi və onun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bütün tarixi-mədəni-dini abidələrimiz, məscidlərimiz bərpa olunur. Hər bir abidənin ən xırda detalı dəqiqliklə öyrənilir, araşdırılır və ilkin memarlıq üslubuna uyğunlaşdırılır. Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərində yaxından iştirak edir və öz mühüm töhfəsini verir. Biz birlikdə davamlı, sistemli şəkildə fəaliyyət göstərməklə, işğaldan azad edilmiş torpaqlarımıza əbədi sülh və həyat gətirəcəyik”.