3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi hesab edilir. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və ulu öndər Heydər Əliyevi Prezident seçildi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezidenti seçilən Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən xilas edib, sabitlik, inkişaf və tərəqqi yoluna çıxardı.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Vəzirov-Mütəllibov rejimi, daha sonra Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışıb və bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər: “Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməzdi. Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Məhz ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. İlk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparıldı. Ümummilli lider öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəldi. Çünki o, qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. Realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarır, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Bu mənada Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqinin əldə olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxdı. Milli ideologiyanın yaradılması ulu öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətinin tərkib hissəsi hesab edilir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli mümkün oldu”.
Millət vəkili hesab edir ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi: “Milli iqtisadiyyatımızın “Əsrin müqaviləsi” zirvəsi Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən şəxs məhz ulu öndər olub. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrildi. 1993-cü ildən etibarən aparılan islahatların təməlində demokratik prinsiplərin aliliyi durur. Ümummilli Liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi”.
Aqil Məmmədov bildirib ki, ulu öndər Heydər Əliyev mühüm demokratik məzmunlu dəyişikliklərin təşəbbüskarı idi: “Məhz onun təşəbbüsü ilə kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm təsisatların yaradılması, yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər islahat xarakterli demokratik təşəbbüslər həyata keçirildi. Bütün bunların fonunda yürüdən dövlət kimi tanınması ölkənin beynəlxalq nüfuzunu artıran xarici siyasət kursu ulu öndərin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Çünki Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinə çalışan ulu öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdu”.
Deputat vurğulayıb ki, bu gün Azərbycan Prezident İlham Əliyevin rəhbərliyi altında ulu öndərin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq qalib dövlət kimi inkişaf edir: “Ali baş Komdandanın rəhbərliyi ilə müzəffər ordumuzun 44 gündə Ermənistanın işğalçı siyasətinəson qoyaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdi. bu gün ulu öndərin ruhu bir daha şaddır ki, Azərbaycanın şanlı üçrəngli bayrağı Şuşa qalasında qalib ölkəmizin bütün ərazisində qürurla dalğalanır”.