10 Oktyabr 2022 17:57
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük Vətən müharibəsində döyüş meydanında Müzəffər Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilməyən Ermənistanın hərbi-siyasi rəhbərliyi növbəti dəfə mülki infrastrukturu, yaşayış məntəqələrini hədəf aldı. Məhz müharibənin gedişində mənfur düşmənin Gəncə, Bərdə, Naftalan, Mingəçevir və digər şəhərlərimizi hədəfə alması da heç də təssadüfi deyildi. Erməni tərəfi düşünürdü ki, məhz bu cür çirkin addımlarla Azərbaycan xalqının mübarizə əzmini sındıra, cəmiyyət daxilində ruh düşkünlüyü yarada bilər. Amma bunun əksi baş verdiyini bütün dünya gördü. Xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşərək Ordumuzun gücü ilə torpaqlarımızın erməni işğalından azad edilməsi kimi tarixi bir missiyasını zəfərlə başa çatdırdı.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Millət vəkili hesab edir ki, 2020-ci il oktyabrın 4-dən başlayaraq Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması insanlıq əleyhinə hərbi cinayət idi:

“Ermənistanın bu çirkin addımları Cenevrə Konvensiyasının tələblərinə ziddir. Çünki cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhərinin, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə şəhərinin raket atəşinə tutulması dövlət səviyyəsində həyata keçirilən bir terror hadisəsi idi. Çox təəssüf ki, dünya birliyi hələ də, Ermənistanın dinc insanlara qarşı olan bu aqressiv davranışına, hərbi cinayət faktlarına reaksiya verməyib”.

Komitə sədri bildirib ki, 44 günlük döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun gücü qarşısında tam şəkildə məğlubiyyətə uğrayan Ermənistan kapitulyasiya aktına imza atamalı oldu: “Ordumuz döyüş meydanında düşmənə layiqli cavab verdi. Şəhidlərimizin qanı məhz döyüş meydanında alındı. Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin edərkən aparmış olduğu müharibə də beynəlxalq konvensiyalara, insan hüquqlarına əsaslanıb. Ermənistandan fərqli olaraq Azərbaycan tərəfi heç vaxt mülki obyektləri, yaşayış məntəqələrini hədəf almayıb”.

Qeyd edək ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə 2020-ci 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Ermənistan tərəfindən raket və ağır artilleriya hücumlarına məruz qalıb. Ümumilikdə bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Eyni zamanda, Azərbaycanın digər böyük şəhəri olan Bərdədə törədilmiş terror nəticəsində 29 nəfər həlak olub, 112 nəfər yaralanıb.

Ümumilikdə Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və Bərdə deyil, eyni zamanda, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər