12 Oktyabr 2022 13:00
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük Vətən Müharibəsinin gedişində Ermənistan tərəfindən Gəncə şəhərinin terror hücumuna məruz qalmasından 2 il ötür. İki il bundan əvvəl sentyabr ayında Ermənistanın növbəti təxribatına cavab verən Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ədaləti bərpa edərək öz suveren hüquqlarının müdafiəsinə qalxdı. Vətən müharibəsi xalqımızın iradəsini, birliyini, əzmkarlığını, fədakarlığını bir daha sınağa çəkdi. Biz bu sınaqdan qalib xalq kimi çıxdıq, əyilən qamətimiz düzəldi, başımız dikəldi. Bir daha şəhidlərimizin əziz xatirəsini dərin ehtiram hissi ilə anır, qazilərimizə Allahdan şəfa diləyirik.

Bunu Teleqraf.com-a Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, şanlı Zəfər tariximiz yazılan o günlərdə Ermənistan hərbi-siyasi rəhbərliyi döyüş bölgəsindən uzaqda yerləşən şəhər və kəndlərimizi qadağan olunmuş raket zərbələri ilə vurur, dinc əhalini qətlə yetirirdi: “İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi təcavüzü nəticəsində 12 uşaq və 27 qadın daxil olmaqla, 93 mülki şəxs həyatını itirib, 454 mülki şəxs yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış binasına, 288 avtomobilə, 1018 təsərrüfata ziyan dəyib.

44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri təkcə Gəncə şəhərini 5 dəfə - 4, 5, 8, 11, 17 oktyabrda raketlər və ağır artilleriya qurğularından atəşə tutub. Bu qanlı cinayətlər nəticəsində 26 nəfər dinc sakin həyatını itirdi, 175 nəfər yaralandı, mülki infrastruktur və nəqliyyat vasitələri dağıdıldı. Yerlə bir olan yaşayış binaları həm də ailələrin, insanların həyatını alt-üst etdi. Lakin bu müharibə cinayətinə heç bir beynəlxalq təşkilat, nüfuzlu qurumlar reaksiya vermədi və Ermənistanı qınamadı. Azərbaycana təzyiq edən dövlət və təşkilatlar sanki Gəncənin, Bərdənin, Naftalanın, Tərtərin, Yevlaxın raket atəşinə tutulmasını görmürdülər, dinc əhalinin qətlə yetirilməsindən elə bil xəbərsiz idilər. Ancaq Ermənistanın, işğalçının tərəfini tutur, erməni terrorçularının azad edilməsini tələb edirdilər”.

Komitə sədri xatırladıb ki, Azərbaycan dəfələrlə ikili standartlarla üzləşib: “Beynəlxalq təşkilatlar Birinci Qarabağ müharibəsi zamanı Xocalı, Malıbəyli, Bağanis Ayrım, Başlıbel, Meşəli, Qaradağlı, Kərkicahan, Ballıqaya və digər faciələri, insanlıq əleyhinə cinayət törədən erməni faşizmini pisləyən heç bir bəyanat verilməyib. Bu terroru, vandalizmi törədənlərin məsuliyyətə cəlb olunması ilə bağlı çağırışlar etmədi. Azərbaycanın müxtəlif səviyyələrdə verdiyi bəyanatlara, etdiyi müraciətlərə belə adekvat münasibət olmadı. İşğalçı Ermənistanın yalan, saxta məlumatlarına inanıb, hər addımda Azərbaycanı günahlandırmaq üçün bəhanələr uyduranlar hələ ki, bu faktlara laqeyd, biganədirlər”.

Hicran Hüseynova bildirirb ki, Azərbaycan Gəncə və digər şəhərlərimizin bombardman edilməsinə, dinc insanlarımızın qətlə yetirilməsinə çox ləyaqətlə, döyüş meydanında cavab verdi: “Ali Baş Komandanın mövqeyi o idi ki, mülki insanlar bizim hədəfimiz deyil, biz müharibə qanunlarına əməl edirik, yalnız hərbi hədəflər vurulacaq. Azərbaycan bütün beynəlxalq hüququn norma və prinsiplərinə uyğun mübarizə apardı və ərazilərini erməni işğalından azad etdi. Amma özünün məkrli siyasi avantürasından əl çəkməyən Ermənistan bu ilin sentyabrında Kəlbəcər-Laçın istiqamətində törətmiş olduğu təxribatlarına layiqli cavab aldı. Amma bu saxta dövlət növbəti dəfə absurd bəyanatlarla beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə çalışdı. Məqsəd Azərbaycana mümkün qədər təsir və təzyiq göstərmək idi. Amma erməni tərəfi növbəti dəfə istəyinə nail ola bilmədi. Yaxşı olardı ki, məhz bu təşkilatlar Ermənistanı 2020-ci ilin 10 noyabr bəyanatına uyğun olaraq üzərinə götürdüyü öhdəliklərin icrasına - Qarabağdakı qanunsuz hərbi dəstələrin çıxarılmasına, Zəngəzur dəhlizi və digər mühüm kommunikasiya xəttlərinin açılmasına və nəhayət sülh sazişi imzalamağa məcbur etsin”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər