19 Oktyabr 2022 00:14
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda federallaşma, dünyəvi idarəçiliyə keçid, bütün silahlı qüvvələrin orduya inteqrasiya haqda hakimiyyətlə müxalifət arasında qapalı müzakirələr başlayıb

İkinci aydır ki davam edən, müxtəlif sosial və yaş qruplarını əhatə edən etiraz aksiyalarını cilovlamaq üçün İran rəsmiləri həll yolları axtarmağa başlayıb. Bu həll yollarından biri rejimin iki qanadı arasında qeyri-rəsmi dialoqdur. Danışıqlar hakimiyyətdə olan fundamentalistlər və son bir neçə ildə ciddi siyasi itkilərə məruz qalan, amma İslam Respublikası rejiminin “strateji ehtiyatı” hesab olunan islahatçılar arasında aparılır .

Azərbaycan oxucusu Qərb analitiklərinin və bizdəkilərin hadisələrin gedişatı və gələcəyi barədə şərhləri və proqnozları ilə tanışdır. Bu yazıda İran hakimiyyətinin öz daxilindən növbəti sızdırmalar əsasında hazırlanmış materiallar haqda məlumat verəcəyik. Belə sızdırmalar ötən il "Xeybər fatehlər"i kod adı ilə keçirilən təlimlərlə bağlı yaşanan gərginlik zamanı da edilirdi. Bu zaman sızdırma ünvanı İran mediası deyil, Yaxın Şərqdə İranın nüfuz edə bildiyi ölkələrdəki nəşrlər seçilirdi. Bu dəfə də “ənənəyə” sadiqlik göstərilib, həm Yaxın Şərqin müxtəlif dini cərəyanlara bağlı partiyalarına aid məhəlli nəşr , həm də Körfəzin ümumərəb nəşrlərindən biri seçilib.
Sızdırma iki hissəlidir- birinci hissədə etiraz aksiyalarından çıxma yolları barədə hakimiyyətdaxili müzakirələrin təfərrüatlarını da mediaya sızdırıb. Hələlik ikinci hissəyə toxunmadan sızdırmaların ilk hissəsini təqdim edirik. Fikrimizcə, bu, İran cəmiyyəti və eltiasındakı parçalanma səviyyəsini düzgün anlamağa kömək edərdi.

İslahatçı partiyaların liderlərindən biri olan birinci mənbə məlumat verib ki, bazar ertəsinə keçən gecə Daxili İşlər Nazirliyində islahatçı partiyaların liderləri ilə gözlənilməz görüş keçirilib, etirazları dayandırmaq üçün onlardan yardım istənilib.

İslahatçılar öz şərtlərini daxili işlər nazirinə, hətta prezident İbrahim Rəisiyə deyil, ali lider Əli Xamneyiyə təqdim etməyi tələb ediblər.
Tələblərin tam olmayan siyahısı belədir:

- Məhsa Əmininin öldürülməsinə görə polis rəhbərliyi rəsmən üzr istəməlidir;

- Hadisədə səhlənkarlıq edən bütün şəxslər işdən çıxarılmalı və mühakimə olunmalıdır;

- Mülki şəxslərə və universitet tələbələrinə qarşı zorakılıq hərəkətləri edənlərin hamısı həbs və mühakimə olunmalı, o şəxslər publik qaydada qınanmalı, onları motivasiya edən təhlükəsizlik aparatı ifşa olunmalıdır;.

- Daxili işlər naziri və dinc nümayişçilərin yatırılmasında məsul olanların hamısı istefa verməlidir; .

- Əxlaq polisi ləğv edilməlidir;

- Etirazlarda iştirakı zamanı sübuta yetirilən təxribat əməllərinə yol verməyən məhbuslar azad edilməli və onların təqibinə son qoyulmalıdır;

- internet və sosial şəbəkələr üzərindəki bütün məhdudiyyətləri ləğv edilməlidir;.

- Media azadlığı tanınmalıdır; .

- Konstitusiyanın sərbəst toplaşmaq və ifadə azadlığına zəmanət verən 27-ci maddəsinin həyata keçirilməsi təmin edilməlidir;

- 177-ci maddəsinin icrası ilə bağlı Konstitusiyaya xüsusi və ya ümumi şəkildə yenidən baxılmalı və onun qismən və ya tamamilə dəyişdirilməsinə imkan verən ümumxalq referendumu keçirilməlidir(Sözügedən maddə Konstitusiya islahatları ilə bağlı şərtlərdən bəhs edir)si.

İclasda iştirak edən daxili işlər naziri tələbləri prezidentə və Ali Dini Rəhbərə çatdıracağına söz verib, əgər bu, “geniş ictimaiyyəti qane edəcəksə", istefa verməyə də hazır olduğunu vurğulayıb.

Lakin mənbə iddia edir ki, etirazçılar artıq islahatçı partiyalar vasitəsilə İran hakimiyyəti ilə münasibət qurmağı qəbul etmir, çünki gəncliyin məqsədi “İslam sistemini tamamilə dəyişdirmək”dir.

Sistemdaxili müxalifət(islahatçılar) Evin həbsxanasında baş verən baş verən yanğından sonra bəyanat da yayıb. Bəyanatda İslam Respublikası rejiminin dəyişdirilməsinə, iqtisadi, siyasi və sosial islahatlar aparan, BAŞQA ÖLKƏLƏRIN DAXİLİ İŞLƏRINƏ MÜDAXİLƏNİ dayandıran “dünyəvi respublika” sistemi qurmağa, qadınlar və kişilər arasında hüquqların tam bərabərliyini təmin etməyə, milli azlıqların yaşadığı vilayətlərini muxtariyyətinə təminat verən kvazi-federal idarəetmə üsuluna keçidə çağırış edilir.
Bəyanatda bildirilir ki, bütün silahlı qüvvələr: “İnqilab Keşikçiləri” və “Bəsic” orduya inteqrə etməli, məcburi hərbi xidmət ləğv olunmalıdır. Bütün siyasi məhbuslara ümumi amnistiya elan edilməsi də tələb olunur.

Mənbə iddia edir ki, müxalifət tamamilə dünyəvi hökumətin qurulmasını və dinin siyasətdən ayrılmasını şərtləndirən yeni konstitusiya yazılması üçün ekspertlər seçilməsini istəyir.

Bu tələblərin hamısının yerinə yetirilməsi indiki şərtlər daxilində mümkün deyil, hakimiyyətin buna getməsi də ağlasığmaz olardı. Amma bu müzakirələrin başlaması İran siyasi sisteminin öz daxilində çox ciddi təbəddülatlardan xəbər verir. Etirazlar davam edəcəksə, demək, həm də sistemin dəyişməsində maraqlı qrupların İranda artıq ciddi siyasi qüvvəyə çevrildiyini təsbit etməli olacağıq.

Sızdırmaların hələlik ötəri məlumatla kifayətləndiyimiz ikinci hissəsi “Azərbaycanla necə davranmaq” haqda İran elitasının qənaətlərini ehtiva edir. Belə ki, Rəisi ilə Əliyev arasında “Astana sammiti”ndə yaranmış mübahisənin təfərrüatları və Azərbaycanla sərhəddə keçirilən "Güclü İran" təliminin məqsədlərindən söz açılır. Bu hissə İran Silahlı Qüvvələrinin Baş Qərargahı və İbrahim Rəisi Administrasiyasındakı mənbələrə əsasən hazırlanıb.


Müəllif: Cəmaləddin Quliyev

Oxşar xəbərlər