21 Oktyabr 2022 16:46
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri tarixi önəm kəsb edir. Çünki bu səfər zamanı Azərbaycan-Türkiyə qardaşlığını təcəssüm etdirən və regionun gələcək inkişafında önəmli rol oynayacaq addımlar atıldı. Dövlət başçılarının Zəngilan Beynəlxalq Hava Limanının açılışını birgə etməsi tarixi hadisədir.

Bubunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O hesab edir ki, Azərbaycan və Türkiyə Prezidentlərinin Zəngilan Beynəlxalq Hava Limanının açılışını birgə etməsi həm də rəmzi məna daşıyır:

“Tarixi türk torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi Azərbaycan qədər Türkiyənin də qələbəsidir. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstək bunu bir daha təsdiqləyir. Bu mənada Zəngilan hava limanı həmçinin Zəngəzur dəhlizinin də əhəmiyyətini artıracaq. İki qardaş ölkə liderinin Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirakı da vacib amillərdəndir. Bundan başqa, dövlət başçıları Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimində iştirak edib. Ölkə başçıları tərəfindən təməli atılan digər mühüm obyekt isə Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyası Zəngəzur dəhlizinin bir hissəsidir. Çünki Zəngəzur dəhlizinin açılması Azərbaycanın, həmçinin regionun iqtisadi inkişafına böyük töhfələr verəcək. Bu dəhliz vasitəsi ilə Naxçıvanın Azərbaycana quru yolla birləşdirilməsi iqtisadi reinteqrasiyaya səbəb olacaq. Beləliklə, Zəngəzur dəhlizinin Azərbaycan iqtisadiyyatında çox böyük rolu olacaq. Bu dəhlizin ən üstün cəhətlərindən biri ondan ibarətdir ki, nəinki Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat əlaqələrinin şaxələndirilməsi, həmçinin Xəzər və Aralıq dənizlərindən başlayaraq Cənub- Şərqi Asiya və Mərkəzi Asiya ilə Avropa arasındakı nəqliyyat-logistika xətti olacaq. Zəngəzur dəhlizi Azərbaycanı öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşdirəcək”.

Millət vəkilinə görə, Cəbrayıl şəhərində dövlət başçılarının mətbuata birgə bəyanatla çıxışları zamanı Prezident İlham Əliyevin dediyi kimi, bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib:

“Şanlı Zəfərin tarixi əhəmiyyətini vurğulayan ölkə başçısı “Bütün bu şanlı tarixi bizim müştərək tariximiz” adlandırıb. Çünki İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə edərək bildirdi ki, “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır”. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam etdi. Bu, bizə əlavə güc verirdi, bu, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qarşısını aldı. Beləliklə, Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı. Bu gün biz bərpa edilən Qarabağda və Şərqi Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük. Türkiyə şirkətləri bu işlərdə fəal iştirak edirlər. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmlidir. Bu, sülh, sabitlik amilidir”.

Sevinc Fətəliyeva həyata keçirilən layihələrin Azərbaycan və Türkiyənin regionda önəmini daha da artıracağından bəhs edib: “Bu o deməkdir ki, güclənən Azərbaycan-Türkiyə birliyi regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında əsas amildir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər