Jurnalist Elçin Alıoğlu Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- Separatçıların Xankəndindəki son mitinqi ilə bağlı fikriniz necədir: bunun sifarişçi kimdir, məqsəd nə ola bilər?
- Sifarişçi birmənalı olaraq Rusiyadır. Artıq Rusiya Ermənistandakı proksi qüvvələrinin onun göstərişlərini tam yerinə yetirmədiyini anlayır. Onu da anlayır ki, Ermənistanda Rusiyadan qaçmaq meylləri çox güclənib, Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyətlə yanaşı, hətta dünənə qədər Moskvaya çox sadiq olan qüvvələr belə ondan narazıdır. Əgər Paşinyanın narazılığı bir sıra məqamlarla bağlıdırsa, indiyədək ruspərəst olan qüvvələr Rusiyadan ona görə narazıdırlar ki, onların fikrincə, Rusiya 44 günlük müharibədə Ermənistana kömək etmədi, ermənilərin əvəzinə vuruşmadı, KTMT-nin səlahiyyətlərindən istifadə edərək bölgəyə qoşun yeritmədi.
Rusiya Prezidenti Vladimir Putin belə bir fonda “Valday” forumunda aşkar şəkildə Ermənistan rəhbərliyini təhdid etdi, bildirdi ki, yekun sülh müqaviləsi ilə bağlı “Vaşinqton” və “Moskva” variantları var. “Vaşinqton” variantı 13, “Moskva” isə 15 bənddir. Putin dedi ki, Ermənistan “Moskva” variantını qəbul etməsə, Qarabağı birdəfəlik itirəcək və bu, erməni xalqının öz seçimidir.
Təbii ki, bu təhdiddən sonra Rusiya öz proksi qüvvələrini işə salmalıydı. Mitinqə hazırlıq “Valday” forumu bitən kimi başlamışdı. Təşkilati işlər Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sərkisyana, nəqliyyat təminatı “Daşnaksütyun”a tapşırılmışdı. Prosesin maliyyələşdirilməsi isə Rusiyanın Xankəndinə göndərdiyi emissarı Ruben Vardanyana həvalə edilmişdi.
Erməni tərəfinin “statistika”sına görə, guya hazırda Rusiyanın sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdə 32.7-33 min erməni yaşayır. Faktiki say isə 18.36 min nəfərdir. Xankəndindəki mitinqdə isə 24 600 nəfər insan iştirak etdi.
Bu insanlar kimlər idi? Təbii ki, Xankəndindəki separatçı-terrorçu rejim əlindəki bütün resursları işə salaraq, avtobuslarla Əsgəran, Ağdərə və Xocalıdan insanları Xankəndinə daşımışdı. Bununla yanaşı, Ermənistandan onlarla avobus və şəxsi avtomobillərlə insan gətirilmişdi. Daşınmanın maneəsiz aparılmasına sülhməramlı kontingentin komandiri general-mayor Andrey Volkov rəhbərlik etmişdi. Volkovun birbaşa iştirakı və əmri əsasında həmin nəqliyyat vasitələrinin heç biri Laçın yolunda nə yoxlamaya məruz qaldı, nə də nəzarət-buraxılış postlarında dayandırıldı.
Bu mitinq həm Rusiya, həm Ermənistan, həm də ərazimizdəki sülhməramlı kontingentin “məhsul”udur.
- Ümumiyyətlə, Rusiyanın Qarabağla bağlı hədəfi necə ola bilər? Putinin son açıqlamalarından sonra bir sıra ekspertlər Cənubi Osetiya, Abxaziya və Transdnestr ssenarilərini gündəmə gətiriblər.
- O ekspertlər ya sadəlövhdürlər, ya da istədiklərini “reallıq” kimi qələmə verirlər. Birincisi, Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimləri eyniləşdirmək layihəsi təxminən 11 il əvvələ aiddir.
Bunu əvvəllər Ter-Tadevosyan, sonra isə Andranik Beqlaryan səsləndirmişdi. Məqsəd Qarabağdan başlayacaqn yolun Ermənistan üzərindən Gürcüstanın Cavaxetiya bölgəsinə keçərək, oradan Cənubi Osetiya və Abxaziyaya çatdırmaq idi. Bu, çox vəhşi, qəddar və nasist ruhda olan bir plan idi ki, on minlərlə azərbaycanlının və gürcünün qətlə yetirilməsini nəzərdə tuturdu. Bu plan baş tutmadı və tutmayacaq da. Çünki Azərbaycan və Gürcüstan buna imkan verməyəcək.
İndiki situasiyada isə bəzi erməni və ermənidən artıq erməni olmağa çalışan müəyyən rusiyalı ekspertlər Rusiyanın “müstəqil telekanal”larında Qarabağla bağlı “Donbas ssenarisi”ni gündəmə gətirirlər. Burada iki tamamilə absurd variant irəli sürülür. Birincisi Qarabağda yaşayan ermənilərə Rusiya pasportlarının verilməsi, ikincisi “status” məsələsinin müzakirəsinin sonrakı illərə saxlanılması ilə bağlıdır.
Rusiyanın məqsədi budur ki, sülhməramlılar 2025-ci ildən sonra da bölgədə qalsın. Məhz bu səbəbdən erməni ekspertlər deyirlər, ruslar da təkrarlayırlar. Ermənistan da sülhməramlıların fəaliyyət müddətinin 20 il uzadılmasını istəyir. Ermənistan çox şey istəyə bilər. Dünyanın bütün dövlətləri birləşib yekdil qərar qəbul etsələr belə, Azərbaycan razılıq vermədən onun ərazisində sülhməramlı kontingent olmayacaq. Əks halda, bunlar işğalçı qüvvə sayılacaq və ordumuz tərəfindən məhv ediləcək. Bu, beynəlxalq hüququn kökündə duran prinsiplərindən biridir. Sülhməramlıların ərazimizdə nə qədər qalacağına yalnız rəsmi Bakı qərar verir.
Rusiyanın məqsədinə gəldikdə, Ermənistanla Azərbaycan arasındakı anlaşılmazlığı mümkün qədər uzatmaq, “status-kvo”nu və bölgəni daim gərginlikdə saxlamaq, Rusiyanın əsas moderator olmasına nail və bu vasitə ilə hər iki ölkədə ciddi təsir rıçaqlarına malik olmaqdır. Ssenari bu qədər bəsitdir.
- Son gəlişmələrin yaratdığı bir ehtimal da budur ki, Ermənistan Qarabağ məsələsindən yayınaraq, Rusiya və Azərbaycanı üz-üzə qoymağa çalışır. Sizcə, İrəvanın bu hesabı nə qədər effektli ola bilər?
- Deməzdim. Ermənistan rəhbərliyi anlayır ki, qarabağlı ermənilər onlar üçün əlavə yükdür. Ermənistan rəhbərliyi çox istəyir ki, Azərbaycanla dialoq masası arxasında oturaraq bu məsələni həll etsin. Ermənistan rəhbərliyi Qarabağla çoxdan vidalaşıb. Ermənistan rəhbərliyi yaxşı bilir ki, dünya birliyi heç vaxt “Ermənistan ərazisi” kimi və ya başqa qisimdə tanımayacaq. Dünya birliyi tanısa belə, Azərbaycan buna imkan verməyəcək. Çünki Azərbaycan otuz il əvvəlki Azərbaycan deyil. Paşinyan dəfələrlə bildirib ki, Qarabağ Ermənistan ərazisi deyil, artıq oradan gözümüzü və əlimizi çəkməliyik.
Məsələ budur ki, Ermənistan böyük dövlətlərin asılılığından çıxmaq istəyir. Ermənistan anlayır ki, regional kommunikasiyalar açılmasa, Azərbaycanla münasibətlər normallaşmasa, bu ölkənin gələcəyi yoxdur. Çünki bir tərəfdə Rusiya, digər tərəfdə İran, o yanda Türkiyə və Azərbaycan var.
Təbii ki, İran və Rusiya Ermənistandan istifadə etməyə çalışır. Ermənistanın özü də bunu gözəl başa düşür. Ermənistan anlayır ki, mollakratiya və ayətullahların “biz qardaşıq” kimi sözləri yalnız ondan istifadə məqsədi daşıyır. Farsların ermənilərə olan “sevgi”sində hədəfləri çox bəsitdir. Bu sevginin kökündə Tehran hakimiyyətinin müxtəlif ölkələrdə, xüsusən də ABŞ-da yaşayan erməni diasporundan istifadə məqsədi dayanır.
Tehran “dost”, “qardaş”, “bir millət, iki dövlət” şüarları ilə erməni diasporunu özünə yaxınlaşdırmağa çalışır, onun gücündən, maliyyə və təşkilati imkanlarından yararlanaraq, Qərbin İrana tətbiq etdiyi sanksiyaları bir qədər yumşaltmağın yollarını axtarır. Yəni söhbət heç də farsların ermənilərə olan sevgisindən getmir. Sadəcə Tehran ermənilərdən laboratoriya siçanı kimi istifadə edir.
Fransaya gəldikdə, yenə də həmin məsələdir. Fransa da erməni diasporunun bəzi maraqlarını təmin edərək, onu öz tərəfinə çəkməyə çalışır. Eyni zamanda, Rusiyaya qarşı oynayır. Amma Fransa, İran və Rusiya unudurlar ki, Azərbaycanın bölgədə iki müttəfiqi var: onlardan biri Türkiyədirsə, digəri hesaba almadıqları İsraildir.
Azərbaycan İsraillə həm tərəfdaş, həm də müttəfiq ölkədir. Xarici ölkələrdə diaspor səviyyəsində Azərbaycana qarşı olan təzyiqləri, xüsusən də noyabrın 15-də Fransa Senatında Azərbaycana qarşı sanksiyaları və Ermənistana silah satışını nəzərdə tutan qətnamə layihəsinin səsə qoyulmasını rəsmi Təl-Əviv birmənalı olaraq İsrailin maraqlarına zərbə kimi dəyərləndirir. Təl-Əviv nəyisə özünə qarşı zərbə kimi dəyərləndirəndə çox düşünmür.
- Rusiya sülh müqaviləsinə dair “Vaşinqton sənədi”ni gündəmə gətirir. ABŞ tərəfindən belə bir təklifin verildiyinə inanırsınızmı? Yəni hesab etmək olarmı ki, bu elə Rusiya tərəfindən ortaya atılmış bir məsələdir? Çünki ABŞ Dövlət Departamenti Rusiyanın bu iddiasını təkzib etdi.
- Belə bir plan var və müzakirə olunub və müzakirə edilməkdədir. Çünki ABŞ heç bir vəchlə istəmir ki, Rusiya bölgədə hakim mövqedə olsun, illah da ki, İranla əl-ələ verərək. Çünki İran “irinli yara”dır. İranın “sülhməramlı” adı altında dilə gətirdiyi hər bir şey həmin dövlətə daxili çaxnaşmalar, proksi qüvvələrin işə salınması, vətəndaş müharibəsi və fəlakət vəd edir. İrandan bizə yaxşı nəsə gələ bilməz.
Rusiyaya gəldikdə, az qala Cənubi Qafqazı “özünün cənub bölgəsi” sayır və buranı əldən vermək istəmir. Vaşinqton bu ikilinin oyununa son qoymaq niyyətindədir və qoyacaq da. Buna qətiyyən şübhəniz olmasın. Amerika Bjezinskinin “Böyük şahmat taxtası”ndakı oyunun ilk gedişini Ukraynada etdi. Bundan sonra Moldovada edildi və növbə Cənubi Qafqaza çatdı. Cənubi Qafqazdakı situasiya eyni vaxtda Orta Asiyada təkrarlanır. Rusiya Orta Asiyanın da əldən çıxdığını anladığına görə Tacikistanla Qırğızıstan arasında qardaş qırğını saldı, müxtəlif bölgələrdə çevrilişlərə cəhd göstərdi. Hətta Qazaxıstana qoşun yeritdi. Amma ona əvvəlcə Çin xəbərdarlıq etdi, arıdınca ABŞ bildirdi ki, bu çirkin geosiyasi oyuna son qoymaq lazımdır.
ABŞ Rusiya sərhədləri boyunca Moskvanın bütün geosiyasi maraq və rıçaqlarını əlindən alaraq, onu zəiflətməyə çalışır. Bu qaçılmaz prosesdir və hədəfə nail olanadək gedəcək.