4 Noyabr 2022 09:34
2 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq diplomat, politoloq Fikrət Sadıqov Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan mətbuatı iddia edir ki, Azərbaycanla sülh sazişi Avropa, ABŞ və Rusiyada yox, Gürcüstanda imzalanacaq. Sizcə, bu ehtimal nə qədər yüksəkdir?

- Əvvəla, yaxın gələcəkdə belə bir sazişin imzalanacağına böyük şübhə ilə yanaşıram. İkincisi, başa düşə bilmirəm, əsas oyunçular – ABŞ, Türkiyə və Rusiya qıraqda durub, bizə Gürcüstanda meydançasını təklif edəcəklər? Təbii ki, belə şübhəli ehtimallar inamsızlıq yaradır. Dediyim kimi, hələ belə bir sazişin imzalanması uzun çəkəcək. Ermənistan hələlik bizə maneələr, problemlər yaradır, “Qarabağın statusu”, etnik ermənilərin hüquqları və s. kimi məsələlərdən danışır.

Təbii ki, harada olmasından asılı olmayaraq, sülh sazişi imzalanmalıdır. Əlbəttə, bu, müsbət hadisə ola bilər. Bunun Tiflis, Moskva və ya Brüsseldə imzalanıb-imzalanmayacağı ikinci məsələdir. Bunun coğrafi tərəfi heç bir məna daşımır.

- Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyir ki, “Qarabağın statusu” məsələsinin həlli gələcək nəsillərə qalıb. Azərbaycan Rusiyanın gələcək nəsillər üçün bölgədə “yeni mina” basdırmasına razı olacaqmı?

- Bu, Azərbaycanın daxili işidir, yəni bizim ixtiyarımızda olan məsələdir. Bunun Kopırkinə heç bir aidiyyəti yoxdur, öz burnunu başqa yerlərə soxmasın. Kopırkinin funksiyası tamamilə başqadır, o, Ermənistan-Rusiya münasibətləri ilə məşğul olmalıdır. Əgər Rusiyanın oradakı səfiridirsə.

Qarabağ məsələsinə gəldikdə, gələcəkdə imzalanacaq sülh müqaviləsində Qarabağın adı çəkilməyəcək. Bu məsələ bizim daxili işimizdir. Kopırkinin bu haqda danışmaq səlahiyyəti yoxdur. Görünür, belə artıq-əskik danışdığına görə Moskva onu geri çağırmaq istəyir.

- Ermənistan mətbuatı davamlı şəkildə təkid edir ki, Baş nazir Nikol Paşinyan Qarabağın dağlıq hissəsinin Azərbaycana təhvil verilməsinə razıdır, hətta ABŞ-ın buna müsbət cavab verib. Sizcə, bu iddia nə qədər məntiqlidir?

- Paşinyan dalana dirənib. O, başa düşür ki, Azərbaycan kifayət qədər güclü mövqedədir və bu mövqeyi bir sıra aparıcı dövlətlər təsdiqləyir və dəstəkləyir. Qarabağ məsələsinin kimə aid olub-olmadığını bildirmək, Ermənistanın işi deyil. Qarabağ bizim ərazimizdir, orada yaşayan erməniləri də öz vətəndaşlarımız kimi qəbul edirik. Amma Paşinyan o qədər ziddiyyətli və qalmaqallı bəyanatlar verir ki, bu yöndəki fikirlərə də inanmaq olmur. Bəlkə də Paşinyan bu cür fikirləri hansısa auditoriyaya yönəldir, amma sabah tamam başqa bəyanatla çıxış edə bilər.

- Rusiyadan Xankəndinə göndərilmiş Ruben Vardanyan separatçı rejimin “yeni baş nazir”i kimi fəallaşıb. Hətta Rusiyanın “Kommersant” qəzetinə geniş müsahibə də verib. Vardanyanı Xankəndinə göndərən Kreml nəyi hədəfləyir?

- Kreml artıq başa düşür ki, Qarabağı nə Ermənistana birləşdirmək, nə də onu “müstəqil dövlət” kimi tanımaq mümkün olacaq. Bu, birmənalı şəkildə aydındır. Bu səbəbdən də Kreml belə şəxsləri ona görə Xankəndinə göndərir ki, onlar orada heç olmasa, ermənilərə maddi kömək etsinlər. Eyni zamanda, lazım gələrsə, müəyyən təxribatçı əməllər törətsinlər. Əgər Moskva həmin şəxsi Xankəndinə göndəribsə, demək, orada onun əlaltısı olacaq. Amma bu da müvəqqəti məsələdir. Çünki sülh müqaviləsi imzalansa, Ruben Vardanyan və digər bu kimi şəxslərin rolları sıfıra enəcək.

Vardanyanın orada “ağlıq” etməyə və ya bizə nəsə diktə etməyə gücü yoxdur. Vardanyanın oradakı fəaliyyətinin nə hüquqi, nə də digər əsası var. Düşünürəm ki, Vardanyanın Xankəndində Moskvanın əlaltısı kimi fəaliyyəti müvəqqəti haldır.

- Gündəmin mövzularından biri də Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyət müddətinin uzadılması ilə bağlıdır. Paşinyan belə bir təkliflə çıxış etsə də, rədd edildi. Bəs Azərbaycan üç il sonra ərazilərimizdən çıxmalı olan sülhməramlıların fəaliyyət müddətinin uzadılmasına razılıq verə bilərmi?

- Üç il sonra üçün uzunmüddətli proqnoz vermək çətindir. Amma düşünmürəm ki, Azərbaycan sülhməramlıların fəaliyyət müddətinin uzadılmasına razılıq verəcək. Təbii ki, sülhməramlılar müəyyən razılaşma əsasında ora gəliblər. Söhbət 10 noyabr bəyannaməsindən gedir. Biz bu bəyanat çərçivəsində buna razılıq verdik, amma sülhməramlıların heç hüquqi mandatı da yoxdur. Biz onlara hüquqi mandat verməmişik. Sadəcə olaraq, sövdələşmə əsasında sülhməramlılar ora gəliblər.

Digər yandan, qarşıdakı üç il ərzində Ermənistanla sülh müqaviləsi imzalansa, sülhməramlıların orada qalmasına da heç bir səbəb qalmayacaq. Belə bir müqavilənin imzalanması ilə sülhməramlıların fəaliyyəti öz əhəmiyyətini itirəcək. Yəni qarşıdakı üç ildə sülh müqaviləsi imzalansa, sülhməramlıların öz evlərinə qayıtmalarının vaxtı çatacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər