3 Noyabr 2022 17:20
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Öncədən təxmin edirdim ki, Soçidə heç bir sənəd imzalanmayacaq, ümumi bəyanatdan başqa. Heç gözlənilmirdi ki, Soçidə hansısa sülh sazişi imzalansın. Bəli, istəyirdilər ki, bəyanata bizim üçün heç də xoş gəlməyən məqamlar yerləşdirilsin. Məsələn, Qarabağın "statusu"nun açıq qalması haqda fikir və ya rus sülhməramlılarının bölgədə qalma müddətinin uzadılması. Amma Prezident Əliyev bunları rədd etdi. Odur ki, Soçidə ciddi bir sənədin imzalanması ehtimalı yox idi”.

Bunu Teleqraf.com-a deputat Rasim Musabəyov deyib.

Millət vəkili imzalanan bəyanatı əhəmiyyətsiz sənəd adlandırıb:

“Əslində bu imzalanmayıb, razılaşdırılan sənəddir. Həmin sənədə Nikol Paşinyan da, Azərbaycan Prezidenti də imza atmadı. Normalda Brüssel görüşləri zamanı da Şarl Mişel razılaşdırılmış mətni özü səsləndirirdi. Soçidə də razılaşdırılan sənədi Vladimir Putin səsləndirdi.

Bundan əvvəl Praqada razılaşma olmuşdu ki, tərəflər bir-birinin ərazi bütövlüyünü və sərhədlərini tanımalıdır. Bu da 1991-ci ilin Alma-Ata deklorasiyası və BMT nizamnaməsinə əsasən baş verməlidir. Bu da Soçi bəyanatında təkrarlandı. Yəni Soçi sənədində də ərazi bütövlüyü məsələsinə hörmətlə yanaşıldı”.

Rasim Musabəyov vurğulayıb ki, bu, öhdəlik yaratmayan sənəddir: “Bunu nə parlamentlər təsdiqləyir, nə də onun uzunmüddətli nəticəsinin olması gözlənilir. Sadəcə belə bəyanatlar gələcək sülh müqaviləsi, eləcə də sərhədlərin müəyyənləşdirilməsinə dair danışıqlar üçün müəyyən əhəmiyyət kəsb edən sənəddir”.


Müəllif: Nemət

Oxşar xəbərlər