Prezident İlham Əliyevin ADA Universitetində “Orta dəhliz boyu: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında bir çox mühüm məsələlərə toxunub. Konfransda ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveç, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri multiregionallıq prinsipi, onun yaratdığı nəticələri və gələcək konturları ilə bağlı müzakirələr aparıb. Ölkə başçısının həyata keçirdiyi balanslaşdırılmış və çox vektorlu müstəqil xarici siyasəti dövlətimizin beynəlxalq nüfuzunu daha da artırır. Onun son aylarda Şanxay Əməkdaşlıq Təşkilatının, Avropa Siyasi Birliyinin, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin, Ərəb Dövlətləri Liqasının sammitlərində iştirakı və konseptual çıxışları mühüm əhəmiyyət kəsb edir. Həmçinin, qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşlər, Gürcüstana, Albaniya və Serbiyaya səfərlər, İsraildə səfirliyin və Fələstində nümayəndəliyin açılması aktiv siyasətin, uğurlu diplomatiyanın bariz nümunəsidir.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib
Professor hesab edir ki, bütün bunlar ölkəmizin dünya miqyasında baş verən proseslərdə iştirakçılıq imkanlarını genişləndirir, söz sahibi olaraq siyasi çəkisini daha da gücləndirir: “Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələlərinə xüsusi diqqət ayırmaq lazımdır. Ölkə başçısının qeyd etdiyi kimi “İstənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq”. Azərbaycanda uzun illərdir ki, sabitlik mövcuddur və bu, ölkənin iqtisadi inkişafınin mühüm şərtlərindən biridir. Azərbaycanın beynəlxalq arenada artan rolu, nüfuzu həyata keçirilən daxili siyasətin nəticəsidir. Güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasətin proqnozlaşdırılması mümkün qədər çox və müxtəlif ölkələrlə daha sıx münasibətlərin qurulması, qarşılıqlı fayda verən əməkdaşlığın yaradılmasının vacib şərtidir. İndi Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun artır. Azərbaycan İtaliya, Macarıstan və Polşa ilə münasibətlərini yeni strateji tərəfdaşlıq müstəvisinə çıxarıb. Balkan ölkələrində enerji təhlükəsizliyi vasitəsilə öz mövqeyini və təsirini gücləndirməyə başlayıb. Hazırda Azərbaycan qazı bir çox Avropa ölkələri üçün demək olar ki, şah damarı hesab edilir. Çin, Özbəkistan və Qazaxıstan Xəzərdən keçən nəqliyyat və tranzit dəhlizinə dair Bakı ilə razılığa gəlməyə çalışır. Türkmənistan da bu layihəyə böyük maraq göstərir. Halbuki, bir il bundan əvvəl bütün bu proses ağlasığmaz görünürdü. Hazırda Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əvvəlki illərlə müqayisədə daha fəal dialoq aparılır. Sonuncu Zirvə Toplantısı bunun bariz təzahürü idi. Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhliz layihəsinə əsas töhfə olacaqdır. Çünki coğrafiyaya nəzər saldıqda Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzər dənizinin bu sahilində Azərbaycan, Gürcüstan və Türkiyənin olması əlavə imkanlar yaradır”.
Komitə sədrinə görə, bu gün dünya ilə yanaşı qlobal iqtisadiyyatın coğrafiyası da dəyişir: “Hazırkı mövcud geosiyasi reallıqlar Bakını yeni dünya düzəninin formalaşmasına fərqli nəzər salmağa sövq edir. Ölkə başçısının siyasi bacarığı, diplomatik məharəti nətisəcində Azərbaycanın geoiqtisadi cəlbediciliyi artır. Türk kimliyi ilə yanaşı, İslam həmrəyliyi Azərbaycanın mövqelərinin möhkəmlənməsi üçün tamamilə fərqli perspektivlər açır. Qardaş Türkiyənin xarici siyasətinin transformasiyası və cənab Ərdoğanın Şərqə doğru irəliləməsi Azərbaycan diplomatiyası üçün yeni imkanlar formalaşdırır. Azərbaycan Ermənistanla qarşıdurmada hərbi-siyasi üstünlük əldə etsə də, erməni neorevanşizminin dirçəlməsindən sonra risklər, çağırışlar və təhdidlər hələ də qalmaqdadır. Baş qaldıran erməni revanşizmi ilə yanaşı, Azərbaycanın regionda artan rolunu neytrallaşdırmaq istəklərini gizlətməyən İran var. Ölkə başçısı bir daha vurğuladı ki, “İndi İranla Azərbaycan arasında baş verənlər bizim tərəfimizdən yaranmayıb”. İşğal dövründə İran hərbi qüvvələri Azərbaycanın işğal olunmuş ərazisi ilə sərhəd olan ərazidə heç vaxt hərbi təlim keçirmədiyi halda, erməni işğalına son qoyulandan sonra hərbi təlim keçirir. İran rəsmiləri, o cümlədən çox yüksək vəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər. Ölkə başçısı bir daha qeyd etdi ki, “İranda yaşayan azərbaycanlılar bizim millətin bir parçasıdır. Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün hər şeyi edəcəyik” Artıq ölkə başçısı bir neçə mühüm tədbirlərdə bu məsələni qaldırıb və İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsinin zəruriliyini vurğulayıb”.
Hicran Hüseynova bildirib ki, artıq çoxqütblü dünyanın süqutu keyfiyyətcə fərqli yanaşmalar tələb edir: “İkitərəfli əlaqələrə əsaslanan ənənəvi diplomatiya, müxtəlif platformalar və məkanlar daxilində fəal səylərlə əvəz olunur və iqtisadi praqmatizm üstünlük qazanır. Coğrafiya və dünya korporasiyalarının istehsal sahəsinin sərhədləri dəyişir, yeni marşrutlar və kommunikasiya vasitələri, eləcə də bazarlar axtarışı gedir. Prezident İlham Əliyev yeni dövrün gəlişini müşahidə edən və real layihələri gerçəklədirməyi bacaran, bununla da gələcək vəziyyəti proqnozlaşdıran ilk dövlət başçılarından bir olaraq multiregionalizm alətindən fəal istifadə etməyə başlayıb. Bunun nəticəsidir ki, Azərbaycanın tərəfdaşlıq əlaqələri keçmişdə yaradılmış coğrafiyanın hüdudlarından kənara çıxır, yeni siyasi, hərbi, iqtisadi və humanitar əlaqələri əhatə edir. Bu amil İran və Fransanın açıq-aşkar qeyri-dost siyasətini neytrallaşdırmağa imkan verir. Bakı artıq nə Cənubi Qafqazda, nə də başqa yerdə onları tərəfdaş hesab etmir”.