30 Noyabr 2022 19:57
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran öz qonşuluğunda güclü Azərbaycanın olmasını istəmir. Azərbaycanın güclənməsi, özünün ərazi bütövlüyünü hərbi yolla təmin etməsi sözsüz ki, İranı ciddi narahat edir. II Qarabağ müharibəsindən sonra Azərbaycanın qalib bir dövlət kimi regionda və qlobal miqyasda artan nüfuzuna İran qısqanclıqla yanaşır. Özünü İslam dövləti, müsəlmanların hamisi kimi qələmə verən İran terror törədən Ermənistana qucaq açır. Müsəlmanlara qarşı amansızca divan tutan, soyqırımı həyata keçirən Ermənistana İslam dövləti İranın sevgisi hec cür başadüşülən deyil.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O xatırladıb ki, Azərbaycan əraziləri 30 ilə yaxın erməni işğalında qaldığı dövrdə İran bir dəfə də olsun bu dövlətə qarşı əks mövqe sərgiləmədi: “Əksinə İran bu dövrdə Ermənistanla daha sıx əlaqələr yaradaraq işğalda olan Azərbaycan ərazilərinin talan olunmasında yaxından iştirak etdi. İran həmçinin bu ərazilərdən qanunsuz ticarət dövriyyəsi və narkotranzit kimi istifadə edirdi. Azərbaycan özünəməxsus əraziləri Ermənistanın işğalından azad etməklə İranla 132 km dövlət sərhədinin də təminatına nail olub. Bununla da İranın narkotranzit xətti sıradan çıxarılıb”.

Deputat qeyd edib ki, I Qarabağ müharibəsi dövründə İran Ermənistana Azərbaycan ərazilərini işğal etmək üçün yaxından köməklik edib: “Təsadüfi deyil ki, Azərbaycan ərazilərində qanlı terror aktları həyata keçirən Monte Melkonyana İranın xüsusi xidmət orqanları yardım göstərib. Həmçinin terror təşkilatı olan ASALA və onun rəhbəri Monte Melkonyanın İran xüsusi xidmət orqanı əməkdaşları ilə sıx təması olub. Məhz 1992-ci ilin mayın 8-də Şuşa erməni silahlı birləşmələri tərəfindən işğal edilən zaman o vaxtki Azərbaycan rəhbərliyinin İrana səfəri günü tarixi şəhərin işğalı ilə bağlı dəqiq məlumatlar verilmişdi. Bütün bu faktlar İranın Azərbaycana qarşı Ermənistanla işğal dövründə və sonrakı mərhələdə əməkdaşlığından, sıx münasibətlərindən xəbər verir”.

Cavid Osmanov Prezident İlham Əliyevin II Qarabağ müharibəsinin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında öyrədilmiş İran jurnalistinin təxribatçı suallarının da nədən qaynaqlandığını söyləyib: “İran bu cür məkrli yollarla özünün çirkin niyyətini reallaşdırmağa çalışıb. Amma bu bəd niyyət baş tutmayacaq. Çünki bu gün güclü və qalib Azərbaycan regional və qlobal müstəvidə aparıcı rola malikdir. Qardaş Türkiyə ilə bütün məsələlərdə birgə addımlayan Azərbaycan özünə qarşı yönələn istənilən təxribatlara layiqli cavab verməyə qadirdir”.


Müəllif: Tapdıq Qurbanlı