Sülh müqaviləsinin 2022-ci ildə imzalanması gözlənilən deyildi. Sadəcə ümidlər var idi ki, tərəflər sülh müqaviləsinin imzalanmasına yaxındır. Azərbaycanla Ermənistan arasında bu məsələdə ciddi fikir ayrılıqları var idi. Ona görə də, yaxın aylar ərzində sülh müqaviləsinin imzalanması mümkün deyil. Qarabağın erməni separatçıları Azərbaycanın tərkibində olmayacaqlarını deyirlərsə, Nikol Paşinyan hər danışıqlardan sonra öhdəliklərə sadiq qalmırsa, Laçın dəhlizi vasitəsi ilə xarici qüvvələr Xankəndiyə gətirilirsə və bəzi dövlətlər Ermənistana silahlar hədiyyə edirsə, bu, İrəvanın əsas məqsədinin heç də sülh olmadığını göstərir.
Bunu Teleqraf.com-a "Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.
“Fransa və Ermənistan gizlin şəkildə Laçın dəhlizinə xüsusi missiya qrupunun göndərilməsi planını cızır”
Politoloq qeyd edib ki, sadəcə olaraq Ermənistan əsas hədəf kimi Qərbi Zəngəzurun onun tərkibində saxlanılması məsələsini qaldırmışdı: “Fransanın köməyi ilə də bu əraziyə Avropa İttifaqının xüsusi missiyası gəldikdən sonra bu tezisi daha da möhkəmləndirməyə çalışırdı. Hazırda bu missiyanın vaxtının uzadılmasına çalışan Fransa və Ermənistan gizlin şəkildə Laçın dəhlizində də xüsusi missiya qrupunun göndərilməsi planını cızır. Beləliklə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının perspektivləri real görünmür. Belə olan halda isə müharibə riski hər an aktual olaraq qalır. Ötən günlərdə Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutunyanın Fransa mətbuatına müsahibəsi, Fransa parlamentində arxayın şəkildə iştirakı, anti-Azərbaycan çıxışları, İran hökumətinin Azərbaycana qarşı olan mövqeyi və silah hədiyyə etməsi, Xankəndiyə iranlı təxribatçıların göndərilməsi kimi məsələlər müharibə riskini labüd edir. Bəzi dövlətlər sülhyaratma prosesi ilə məşğul olmaqdansa, əksinə separatçılığı təhrik edirlər.
Sözsüz ki, bir çoxlarının Cənubi Qafqazda dövlət maraqları var. Hazırkı durum da bunun göstəricisidir. Həmin ölkələrin apardıqları siyasət, Cənubi Qafqazdakı proseslərə yanaşma, Ermənistanın sərgilədiyi davranış mühüm qarşıdurma ehtimallarını gücləndirir. Bununla Azərbaycan növbəti dəfə özünün "Dəmir yumruğu"nu işə salıb hərbi gücünü göstərəcək. Qarşı tərəf anlamalıdır ki, Qarabağdakı separatçılar güclü Azərbaycan ordusu tərəfindən cəmi 3 dəqiqə ərzində məhv edilə bilər. Dəqiq zərbələrlə ermənilərə məxsus yerüstü hədəflər sıradan çıxarılmaqla Azərbaycanın öz məqsədinə nail olması mümkündür. Azərbaycan bunu havadan dəqiq zərbələr endirməklə asanlıqla və çox qısa zamanda icra edə bilər”.
“Fransa kimi dövlətlərin qəbul etdiyi “sənəd”lərin heç bir mahiyyəti yoxdur”
Siyasi ekspertə görə, bütün bunların fonunda Azərbaycana qarşı Fransa kimi dövlətlərin qəbul etdiyi “sənəd”lərin heç bir mahiyyəti yoxdur: “Fransa yaxşı olardı ki, Qoşulmama Hərəkatı və BMT qarşısındakı öhdəliklərini icra etməklə məşğul olsun. Digər ölkələr də öz daxili işlərinə daha çox zaman ayırsınlar. Təəssüf ki, Azərbaycanın sülh və Ümumi Qafqaz Evi planlarına qarşı əks mövqelər var. Bütün bunlar yekunda Ermənistanın dövlətçiliyini ciddi zərbə altında qoymuş olacaq. Ermənistan bu cür davranış sərgiləməyə davam etsə, biz Ermənistan ərazisində olan qədim Azərbaycan torpaqlarını gündəmə gətirməliyik. Bu, bizim üçün də bir nömrəli məsələ olmalıdır. Çünki hücum strategiyası onu ehtiva edir. Qərbi Zəngəzur və Göyçə mövzuları diplomatik, elmi və ictimai müzakirələrdə gündəmdə olmalıdır”.
“Zəngəzur dəhlizinin açılması ilkin mərhələdə mümkündür”
Onun fikrincə, Ermənistanın baş nazirinin hazırkı davranışları onun sadəcə olaraq imitasiya ilə məşğul olduğunu göstərir: “Əslində ona Rusiya ilə dəmir yolu xəttinin çəkilişi də lazım deyil. Rusiya ilə Gürcüstandan savayı Azərbaycanla əlavə kommunikasiya çıxışında maraqlı görünmür. Ermənistan bunda maraqlı olsa da Paşinyanın niyyəti başqadır. O, Ermənistanı mümkün qədər Rusiyadan qoparmağa çalışır. Bu baxımdan Paşinyan hazırda Fransa və İranın dediklərini edir. Əks təqdirdə 40 km-lik bir yolu açmaq elə də çətin olmazdı. Heç olmasa dəmir yolunun açılışına başlaya bilərdi. Sadəcə olaraq Rusiya ciddi şəkildə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının dalana dirənməsini istəyir. Çünki Rusiya Qarabağla bağlı planlarını gələcəyə saxladığını elan edib. Ona görə də, prosesi yumşaltmaq üçün Zəngəzur dəhlizinin açılmasını ilkin mərhələdə mümkün hesab edir”.
“Bununla Mehri yolunun kənarından keçəcək yol açılar”
Zaur Məmmədov bildirib ki, Zəngəzur dəhlizi ilə Rusiyanın Türkiyəyə, Hind okeanına çıxış əldə etməsi çox vacibdir: “Ermənistana da bu məqsəd üçün təzyiqlər edilir. Paşinyan fikrində səmimi olsa, dəmir və avtomobil yolu ilə bağlı qəti qərar verə bilər. Bununla da Mehri yolunun kənarından keçəcək yol açılar. Əslində Ermənistan üçün bunun heç bir zərəri olmayacaq. Bu istiqamətdə heç bir bəhanəyə də yer yoxdur. Sözsüz ki, yolları kim açmaq istəmirsə, bu, onların problemidir. Azərbaycan üçün isə birinci dərəcəli əhəmiyyətli məsələlər var ki, bunların həlli üçün ciddi addımlar atılacaq”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.