12 Dekabr 2022 10:14
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevi hər zaman böyük ehtiramla yad edir, onun əziz xatirəsini daim uca tutur. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu milli ideologiya xalqın birliyini təmin edib. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən Azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amildir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O qeyd edib ki, cismən aramızda olmasa da, Ulu Öndərin müəyyənləşdirdiyi siyasət daim ölkəmizə və xalqımıza işıqlı yol göstərir: “Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda mətin addımlarla irəliləyən, demokratik təsisatların təşəkkül tapdığı müasir ölkədir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilib, Azərbaycan müstəqilliyə qovuşub. Dünya siyasətinin nəhənglərindən sayılan Heydər Əliyev xalqının xilaskarı missiyası ilə tanrı və zaman tərəfindən Azərbaycanın taleyinə bəxş edilmiş və bu qürurlu taleyin zirvəsini müəyyən etmiş nadir şəxsiyyətlərdən biridir. Bu dahi insanın Azərbaycan xalqının qan və qəlb yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalması heç şübhəsiz ki, təsadüfi deyildir. Xalqının taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq gerçəkdən mümkünsüzdür. Elə bu səbəbdəndir ki, Heydər Əliyevi tanıdığımız gündən ona ən böyük azərbaycanlı demişik”.

Deputat bildirib ki, məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamış və onu dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirmişdir: “Heydər Əliyev dövlət başçısı və siyasi xadim kimi beynəlxalq vəziyyəti düzgün təhlil edərək, Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və inkişafı yolunda müstəqil siyasət apararaq xalqı öz ətrafında birləşdirməyi bacarmışdır. Müstəqil dövlət quruculuğundan danışarkən ölkənin xarici siyasət kursuna nəzər salmamaq mümkün deyildir. Heydər Əliyev mürəkkəb qlobal və regional vəziyyətin mövcudluğu, ölkə daxilində destruktiv qüvvələrin fəallaşdığı bir şəraitdə əsaslandırılmış xarici siyasət kursu müəyyənləşdirdi. Bu, Azərbaycan dövlətçiliyi üçün tarixi töhfə idi. Ulu Öndərimizin müəyyənləşdirdiyi xarici siyasətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ən başlıca yer tuturdu. Bu siyasət nəticəsində ölkəmiz diplomatik müstəvidə Ermənistanı küncə sıxışdırdı və beynəlxalq təşkilatlar qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü tanınırdı. 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan qələbənin əsasında məhz Ulu Öndərin qoyduğu uzaqgörən siyasət dayanır”.

Millət vəkili söyləyib ki, Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ən başlıca yeri tuturdu: “Belə ki, Heydər Əliyev bütün xarici səfərlərində, beynəlxalq tədbirlərdə, xarici ölkələrin nümayəndələrinin ölkəmizə səfərlərində Qarabağ həqiqətlərinə xüsusi yer verir, Ermənistanın işğalçılıq siyasətini ifşa edirdi. Məhz bu siyasət nəticəsində Azərbaycan diplomatik müstəvidə münaqişənin həlli ilə bağlı uğurlar qazanırdı. Dünya ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu barədə sənədlər qəbul edirdilər. 44 günlük Vətən müharibəsində qazanılan qələbədə bu amillər də vacib rol oynadı. Çünki Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş siyasi kursda milli maraqlarımız hər şeydən üstün dayanırdı. Bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticə etibarilə qələbəmizi şərtləndirdi. Müharibənin davam etdiyi günlərdə Ermənistan rəhbərliyinin, erməni lobbisinin və diasporunun cəhdlərinə baxmayaraq, heç bir dövlət, beynəlxalq təşkilat Azərbaycana qarşı hər hansı addım atmadı, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu bəyan edildi”.

Sevinc Fətəliyeva vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı inamla yeni-yeni zəfərlərə doğru aparır: “Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilib, işğal altında olan torpaqlarımız azad olunub, Zəfər salnaməsi tarixdə layiqli yerini alıb. Bütün nailiyyətlərin təməlində isə Heydər Əliyev siyasəti dayanır. Müstəqil və qüdrətli Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun parlaq ideyaları gələcəyimizə daim nur saçacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər